SON XƏBƏR

13 illik dövr niyə bitdi? - Rauf Vəliyevin işdən azad olunmasının pərdəarxası

Yanvar 17
13:36 2026
13 ilə yaxın müddətdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə rəhbərlik etmiş Rauf Vəliyev 16 yanvar 2025-ci ildə vəzifəsindən azad edilib. Qaynarinfo-nun təhlilinə görə, bu qərarın arxasında bir neçə ciddi amillərin dayandığını təxmin etmək çətin deyil.

Prezident sərəncamı ilə Rauf Vəliyevin işdən çıxarılması faktı açıqlansa da, rəsmi sənəddə səbəblər göstərilməyib. Bununla belə, mediada yayılan məlumatlar göstərir ki, proses tək bir amillə izah olunmur və həm beynəlxalq risklər, həm də daxili idarəetmə problemləri ilə bağlıdır.

Beynəlxalq sanksiya riski: ASCO gəmiləri diqqət mərkəzində

Belə ki, "Yeni Sabah"ın iddiasına görə, 2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyiyə məxsus və birgə sahibliyində olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Məlumata görə, bu gəmilərdən 2-si birbaşa ASCO-nun balansındadır, 3 gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə ortaq mülkiyyətdədir;

Sözügedən gəmilər Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahılarına daxil edilib.

ASCO rəhbərliyi bu məsələdə sanksiya tələblərinin pozulmadığını əsaslandırmaq üçün hüquqi apellyasiya prosesinə başladığını açıqlayıb. Lakin nəticələrin və vaxt çərçivəsinin qeyri-müəyyən qalması şirkətin həm əməliyyat, həm də maliyyə perspektivlərinə risk kimi qiymətləndirilir. Müşahidəçilərə görə, belə bir həssas dönəmdə rəhbərliyin dəyişdirilməsi hökumətin risklərin idarə olunması baxımından verdiyi siyasi-institusional mesaj kimi də oxuna bilər.

158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı: maliyyə sualları

Rauf Vəliyevin rəhbərlik dövründə diqqət çəkən digər məqam ASCO-nun maliyyə hesabatlarında üzə çıxan 158 milyon manatlıq istiqraz əməliyyatıdır. 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatına əsasən, şirkət Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq ümumi nəzarətdə olan müəssisənin buraxdığı istiqrazları alıb.

Bu əməliyyatla bağlı bir neçə kritik detal ön plana çıxır:

* İstiqrazlar CCC+ səviyyəsinə yaxın kredit riskinə malik kimi qiymətləndirilib;
* Emitentin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən aktivlər "defolt mərhələsi”nə keçirilib;

* 69,6 milyon manatlıq dəyərsizləşmə zərəri birbaşa kapitalda tanınıb;
* Emitentin adı hesabatda açıqlanmayıb.

Maliyyə ekspertlərinin fikrincə, bu cür yüksək riskli əməliyyatlar dövlət şirkətləri üçün əlavə izah və şəffaflıq tələb edir. Hesabatda əməliyyatın hüquqi əsasları göstərilsə də, risklərin vaxtında idarə olunub-olunmaması sual altındadır.

AZCON faktoru: institusional qarşıdurma

Rauf Vəliyevin işdən azad olunmasını şərtləndirən mühüm amillərdən biri də 7 noyabr 2024-cü ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılmasıdır. Bu strukturdan sonra ASCO müstəqil statusunu itirərək AZCON-un tərkibinə daxil edilib.

Məlumatlara görə, yeni idarəetmə modelinə keçid Rauf Vəliyev və komandasında narazılıq yaradıb. Həmçinin ASCO-nun AZCON-a tabeçiliyinə qarşı daxili müqavimət cəhdləri olub.

2024-cü ilin yay aylarından etibarən AZCON tərəfindən ASCO və tabeli qurumlarda yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində maliyyə və idarəetmə sahəsində ciddi pozuntular aşkarlanıb. Rəsmi açıqlamalar verilməsə də, bu prosesin nəticəsi olaraq ASCO sədrinin birinci müavini Mübariz Cabbarovun vəzifəsindən azad edilməsi faktı təsdiqlənib. Bu isə rəhbərliyin məsuliyyət zonasının geniş olduğunu göstərir.

Uzunmüddətli rəhbərlik və dəyişən şərtlər

Rauf Vəliyev 2013-cü ildən etibarən ASCO-ya rəhbərlik edib, bundan əvvəl isə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. Uzunmüddətli rəhbərlik dövründə şirkət iri struktur dəyişiklikləri, beynəlxalq bazar riskləri və yeni institusional tələblərlə üzləşib. Müşahidəçilərin fikrincə, məhz bu dəyişən şərtlərə adaptasiya problemləri yekun qərara təsir göstərən əsas faktorlar sırasındadır.
Rauf Vəliyevin işdən azad olunması təkcə kadr dəyişikliyi deyil, dövlət şirkətlərində idarəetmə, risklərin nəzarəti və yeni holdinq modelinə uyğunlaşma məsələlərinin ön plana çıxması kimi qiymətləndirilir. Beynəlxalq sanksiya riski, yüksək məbləğli və riskli maliyyə əməliyyatları, eləcə də AZCON-la institusional ziddiyyətlər bu qərarın arxa planını formalaşdıran əsas elementlər kimi görünür. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook