SON XƏBƏR

12 şirkəti olan Gündüz Nəbiyev kimdir?

Oktyabr 13
18:11 2021
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu ARNEB MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 849 790 AZN təşkil edən müqavilədə AMEA-nın əsas binasının zirzəmisində köhnə kanalizasiya xətlərinin sökülməsi, daşınması və yenidən qurulması, binanın daxilində telefon kabellərinin yenilənməsi və şəbəkə xətlərinin, elektrik naqillərinin çəkilişi nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, ARNEB MMC 22 may 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Nəbiyev Gündüz Vəzir oğludur.
Açıq mənbələrdə ARNEB MMC barədə hər hansı məlumat yoxdur. 4 ildir fəaliyyət göstərən şirkətin nə veb-səhifəsi, nə əlaqə telefonları mövcuddur. Hər halda bu yöndə axtarışlarımız heç bir nəticə vermədi.

Gündüz Nəbiyevə gəlincə, onun adına ARNEB MMC-dən başqa daha 11 şirkət var.

Bunlar RUSET MMC, CAMEL MMC, SALMON MMC, CARDİNAL MMC, BRASS MMC, OXRA MMC, CARMİN MMC, SAFRON MMC, KOBEYA MMC, MUSTARD MMC və SKARLET MMC-dir. 

Şirkətlərin hər birinin nizamnamə kapilatı 10 AZN, hüquqi ünvanı isə Ağcəbədi rayonu, Sarıcalı kəndidir.

Bir şəxsin adına 12 şirkətin olması müəyyən şübhələrə yol açır. Güman ki, Gündüz Nəbiyev proksi fiqurdur. Onun adına müxtəlif adda MMC-lər təsis olunaraq müxtəlif tender əməliyyatlarında və digər sövdələşmlərdə istifadə olunub. Bu sıraya "nağdlaşdırma əməliyyatları” da daxildir. 

Çünki Gündüz Nəbiyev Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə ittiham edilib. Bu maddədə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma nəzərdə tutulur. Lakin Gündüz Nəbiyev bu maddə ilə məsuliyyətə cəlb olunmayıb. O, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. Görünür, vergi borcu ödənilib. 

Bütün bunlar AMEA-nın keçirdiyi tenderin şəffaflığına şübhə yaradır. Məlumat üçün deyək ki, qurumun prezidenti akademik Ramiz Mehdiyevdir. O, 2019-cu ildən bu vəzifədədir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook