SON XƏBƏR

30 nəfərdən rüşvət alan məktəb direktorundan açıqlama

May 18
11:08 2021
İşçilərindən rüşvət almaqda ittiham olunan məktəb direktoru ilə bağlı hələki heç bir tədbir görülməyib. Söhbət Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovadan gedir. Onun rüşvətxorluqda ittiham edilidiyini və 30 nəfərdən işə düzəlmək adı ilə külli miqdarda pul aldığını əks etdirən videogörüntülər təqdim etmişdik. Direktora rüşvət verən şikayətçilər tərəfindən Abşeron Rayon Polis Şöbəsinə 60-a yaxın müraciət daxil olub. 

Məktəbdə baş verənlərlə bağlı Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparsa da, cavabdeh qurumlar susqunluq nümayiş etdirir. 10 gündür ictimailəşən məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən mətbuata nə açıqlama verilir, nə də direktor barədə tədbir görülür. 

Qeyd edək ki, ittihamlarla bağlı bir neçə dəfə məktəb direktoru ilə əlaqə yaratsaq da, onunla danışmaq cəhdlərimiz alınmamışdı. 

Bizim.Media-da məsələ ictimailəşəndən sonra məktəb direktoru özü bizimlə əlaqə yaradıb və iddiaların əsassız olduğunu vurğulayıb:

"Deyilənləri düşünə bilirsinizmi? Siz artıq paylaşmısınız. Nəyi araşdırmaq istəyirsiz? Bir də ki, bunlar iftira, yalan və böhtandır. Düşünürəm ki, dedikləriniz fakt deyil, sadəcə görüntüdür”, deyə Samirə Əkbərova məsələdən yayınmağa çalışıb. 

Direktorun rüşvət qalmaqalı ilə bağlı məsələyə Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışsaq da, mətbuat katibi Cəsarət Valehov sorğularımızı cavabsız qoyub. 

Xatırladaq ki, təhsil eksperti Elşən Qafarov saytımıza Samirə Əkbərovanın işçilərindən nə qədər rüşvət aldığı barədə məbləği açıqlamışdı. Ekspertin dediyinə görə ona bu barədə Mehdiabad qəsəbəsi 5 nömrəli orta məktəbin işçiləri bildirib. 

İddiaya görə Samirə Əkbərova Elnarə adlı labarantdan 5 min, Çiçək adlı labarantdan 4500, Uşaq Birliyinin rəhbəri Naibə xanımdan 6 min, psixoloq Aygündən 5 min 500, Aysel adlı işçidən 5 min, Nərmin adlı xanımdan 3 min, Gülər xanımdan 3 min, Mülayim xanımdan 3 min, Savad adlı xanımdan 4 min, İlahə xanımdan 2 min 500, Gözəl xanımdan 4 min, həyat yoldaşından isə 2 min manat işə düzəltmək adı ilə rüşvət alıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook