SON XƏBƏR

Zaur Mikayılovun diqqətinə: Bərdədə Yuxarı Qarabağ kanalı ərazisi satışa çıxarılıb

Aprel 19
13:25 2021
Azərbaycanda qanunsuz olaraq torpaqların satılması bir çox dövlət qurumlarının əksəiyyətinin adi vərdişinə çevrilib. Bu qurumların iştahası o qədər çoxdur ki, çox zaman balanslarında olan toxunulmaz torpaqları da sahibkarlara satırlar. 
 
AzFakt.com-un əldə etdiyi məlumata görə Bərdə rayonunda Yuxarı Qarabağ kanalı ilə Mingəçevir-Bəhramtəpə magistralının arası (15-20 metr dövlət fondu torpaqları) qarış-qarış satılmaqdadır. 
 
Məlumata görə qeyd edilən əraziyə nəzarəti "Azəravtoyol" ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, Ekologiya və Təbii Sərvətlər nazirliyi həyata keçirir. İddialara görə Bərdə rayon İcra Hakimiyyəti bu qurumlarla əlbir olaraq ərazini qanunsuz olaraq satmağa başlayıb. 
 
Ən dəhşətlisi isə budur ki, satılan ərazilərdə aparılan ağır tikinti işləri dövlətə yüz milyonlarla manat ziyan vura bilər. 
 
Belə ki, Bərdə rayon ərazisindən keçən Yuxarı Qarabağ kanalının aşağı hissəi, yeni sitismara verilmiş 3-cü dərəcəli ölkə əhəmiyyətli magistral yolun yuxarı hissəsi qanunsuz olaraq sahibkarlara satılmaqdadır. 
 
Burada beton və karxana daşları ilə aparılan ağır tikinti işləri isə Yuxarı Qarabağ kanalının bəndinin zədələnməsinə, kanalın alt hissəsindəki ərazilərə və yaşayış məntəqələrinə külli miqdarda ziyanın dəyməsinə səbəb ola bilər. 
 
Belə tikinti işlərindən biri hazırda rayonun Mehdili kəndi ərazisində aparılır. 300 kvadratmetr ərazisi olan obyektin tikintisinin mövcud qanunvericiliyə zidd olaraq aparılır.
 
Məlumata görə ərazi 25 min manata satılıb. Ərazidə aparılan tikinti işləri yüngül konstruksiya ilə yox, ağır materiallardan istifadə edilməklə aparılır.
 
Məsələyə aydınlıq gətirmək üçün Bərdə rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. Lakin İcra Hakimiyyəti heç bir münasibət bildirmədi. 
 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Yuxarı Qarabağ İstismar İdarəsi isə tikintinin onların səlahiyyətində olmadığını, qanunsuz aparıldığını qeyd etdi. İdarənin rəisi Ş.İmanov bildirir: "Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində, kanalın sol sahilində, şosse yolun kənarında inşa edilən "Azəravtoyol" ASC-nin rəsmi razılığı əsasında kənd əhalisi üçün dayanacaq, kənarlarında isə ticarət köşkünün tikilməsinə icazə vermişdir. Həmin tikintilər kanalın iş rejiminə və istismarına maneçilik törətmir. Lakin mövcud qanunvericiliyə ziddir. Bildiririk ki, sözügedən tikililərə tərəfimizdən heç bir icazə verilməyib".
 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Yuxarı Qarabağ İstismar İdarəsi məktubunda ərazidə aparılan tikinti işlərini qanunvericiliyə zidd aparıldığını deyərək, tikintiyə icazənin "Azəravtoyol" ASC tərəfindən verildiyini yazır. 
 
Məsələ ilə bağlı "Azəravtoyol" ASC-dən münasibət öyrənməyə çalışsaq da, bu qurum da Bərdə rayon İcra Hakimiyyəti kimi susmağa üstünlük verdi. 
   
Qeyd edək ki, bir neçə il öncə Kür çayının bəndinin yarılması zamanı ölkəyə milyard manatdan artıq ziyan dəymişdi.
 
Mövzunu diqqətdə saxlayacağıq.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook