SON XƏBƏR

“Yollar uzanan gün...” filminin təqdimatı keçirildi

Fevral 23
00:45 2018
... Gecə qapı döyülür. Sabah bu evdən "Vağzalı” sədaları altında gəlin köçəcək, toy səsi eşidiləcək. Toya bir gün qalmış gəlin köçən qızın qardaşı Şahin cəbhədə şəhid olur. Hərbi komissarlığın işçiləri çıxış yolu axtarırlar: sabah qızı gəlin köçən Rəhmana oğlunun şəhid olması xəbərini necə çatdırsınlar? Qərara gəlirlər ki, bu dəhşətli xəbəri ataya gəlini yola salandan sonra desinlər.
 
Bu səhnə Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimində "Yollar uzanan gün...” filminin ən təsirli və yaddaqalan kadrları kimi iştirakçıları həyəcanlandırıb.
 
Novruz Nəcəfoğlunun ssenarisi əsasında çəkilən filmin təqdimat mərasimini Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıb.
 
Xocalı soyqırımı, ümumən Qarabağ uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 

 
Rejissor Ceyhun Şüküroğlu film haqqında qısa məlumat verdikdən sonra "Yollar uzanan gün...” filmi nümayiş olunub.
 
Nümayişdən sonra çıxış edən şəhid atası, professor İzzət Rüstəmov filmin mövzusunun aktuallığı, onun rejissor həlli və aktyor oyununun təbiliyindən danışıb.
 
Filmin redaktoru Aydın Tağıyev, baş prodüseri Fikrət Nuşiyev, baş rolun ifaçısı Təvəkkül Əhmədov çıxış edərək əsərin ayrı-ayrı məziyyətlərindən danışaraq filmdə Qarabağ müharibəsinin ailələrin, insanların taleyində buraxdığı qanlı izləri ekran vasitəsilə canlandırmağa çalışdıqlarını söyləyiblər.
 
Xatırladaq ki, Ceyhun Şüküroğlu 1973-cü ildə Dəvəçi rayonunda anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət Gənclər Teatrında aktyor, AZTV-də rejissor kimi çalışıb. Hazırda İctimai Televiziyada böyük rejissordur. 2014-cü ildən Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının üzvüdür. 2016-cı ildə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Fedai" medalı ilə, 2017-ci ildə "Vətən naminə" medalı ilə təltif olunub. 2017-ci ildə Şuşa Dövlət Musiqili Dram Teatrında "Bu gün ölmək qadağandır" tamaşasına quruluş verib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook