SON XƏBƏR

Yeni ilə Naftalandakı otellərdə boş yer qalmayıb

Dekabr 11
18:26 2017
Yeni il bayramına bir neçə gün qalsa da, Naftalanın turizm obyektlərində bütün yerlər yerli və xarici turistlər tərəfindən öncədən sifariş edilib. Turizm obyektlərində yer bron edənlərin çoxu elə ölkə vətəndaşlarıdır. Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçiriləcəkdir.Yeni il axşamını daha mənalı və yaddaqalan keçirmək istəyən turistlər Naftalan şəhərinin otel, kurort-sanatoriya mərkəzlərinin təşkil etdiyi əyləncəli proqramlara böyük həvəs göstərirlər. 
 
Şəhərdəki "Çinar” otelində 353, "Qarabağ” otelində 265, "Qaşaltı” otelində 342 yerin hamısı qabaqcadan sifariş verilib. Yeni ili Naftalanda qarşılamaq istəyənlərin 35 faizi xarici ölkə vətəndaşlarıdır ki, onların da arasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər. Həmçinin Səudiyyə Ərəbistanından, Latviyadan və digər müxtəlif Avropa ölkələrindən olan xarici qonaqlar da Yeni il axşamını buradakı turizm mərkəzlərində qarşılamağa üstünlük verərək nömrə alıblar.
 
Bütün bunların əsas səbəbi son illər Naftalanda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması və turistlərə göstərilən xidmət işinin təkmilləşdirilməsidir. Həmçinin dövlət səviyyəsində həyata keçirilən proqram və tədbirlər də bu məsələdə əhəmiyyətli rol oynayır.
 
Statistikaya nəzərən son beş ildə şəhərə gələn turistlərin sayı 3,5 dəfə artıb. 2017-ci ilin 10 ayında Naftalanın turizm obyektlərində 33 min 811 turist qeydə alınmışdır ki, bunun da 7 min 309 nəfəri dünyanın 62-dək ölkəsindən gələnlər olmuşdur. Xarici ölkələrdən gələnlərin sayı da 2016-cı ilin müvafiq dövrünə nisbətdə 79 faiz artmışdır. 2017-ci ilin ötən dövründə əcnəbi ölkələr arasında Naftalanın turizm məkanları rusların sevimli istirahət və müalicə yerinə çevrilib. 
 
Məlumat üçün bildiririk ki, hazırda şəhərdə fəaliyyət göstərən 3 və 5 ulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzində gün ərzində 2200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
 
Qlobal.Az
 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook