SON XƏBƏR

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası» mövzusunda konfrans keçirilib

Dekabr 25
00:17 2016
Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası» mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumə rəsmiləri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və YAP fəalları iştirak ediblər.
 
Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bəşəriyyət tarixində hər bir xalqın və dövlətin inkişafında islahatların mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, bu qanunauyğunluq Azərbaycandan da kənar qalmayıb və ölkəmiz bu gerçəkliyə uyğun şəkildə inkişaf edir: «Ölkəmizin müasir tarixindən bir çox misallar gətirməklə bunu sübut etmək mümkündür. XX əsrin son onillyində Azərbaycanın iqtisadi tənəzzülünün qarşısının alınması, iqtsadi inkişafa təkan verən mühüm addımların atılması və ölkəmizin gələcək sıçrayışlara özünü hazırlaması Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə hazırladığı islahatlar konsepsiyasının uğurla həyata kevçirilməsinin bilavasitə nəticəsidir. Eyni sözləri XXI əsrdə Azərbaycanın iqtisadiyyatı və iqtisadiyyatla yanaşı  həyatımızın bütün sferalarının möhtəşəm inkişafı haqqında da söyləmək mümkündür.
 
Heydər Əliyev ideyalarına söykənərək möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı çox qısa zaman kəsiyində dünyanın ən sürətli, dinamik iqtisadiyyatına çevrildi. Ölkəmiz dünyaya böyük iqtisadi möcüzəsini tədim etdi və illər boyu bu statusunu qoruyub saxlaya bildi. Ərazisinə və əhalisinin sayına görə dünyanın 200 dövləti arasında təxminən 70-ci yerdə dayanan Azərbaycanın inkişafın bütün sferalarında belə möhtəşəm yüksəliş nümayiş etdirməsi və illər boyu bu birinciliyi qoruyub saxlaması xalqımızın qürur mənbəyini təşkil edən ən mühüm amillərdən biridir. Azərbaycan bu inkişafı ilə dünyaya öz dövlətçiliyinin qüdrətini, öz liderinin qüdrətini sübut edə bildi».
 
Azərbaycanın inkişafın yeni mərhələsinin astanasında dayandığını deyən Baş nazirin müavini qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında istər iqtisadi, istərsə də həyatımızın digər sahələrində çox mühüm yüksəlişlərə təkan verəcək islahatlar konsepsiyası işlənib hazırlanmaqdadır. «İnanırıq ki, bundan əvvəl olduğu kimi qarşıdan gələn illər ərzində də islahatlar konsepsiyasının uğurla həyata keçirilməsi Azərbaycanın yenidən inkişafın yüksək bir pilləsinə qalxmasına imkan verəcək. Azərbaycan yenidən öz iqtisadi möcüzəsini və digər sahələrdə möhtəşəm inkişaf nümunələrini bütün dünyaya təqdim edə biləcəkdir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının bu gün bu konfransı keçirməsi ilə biz partiyanın intellektual gücünü və potensialını bu ideyaların uğurla həyata keçirilməsinə səmtləndirmək istiqamətində bir addım atmış oluruq»- deyə, YAP Sədrinin müavini vurğulayıb.
 
Konfransın mövzusunun «gələcəyin ünvanı» adlandırıldığını deyən Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin  arzuladığı belə bir gələcəyi Prezident İlham Əliyev qurur və inkişaf etdirir: «O gələcək ki, orada iqtisadi inkişaf, sabitlik, əminamanlıq, rifah və insanların layiqli həyatı üçün bütün zəruri amillər toplusu var. Ötən dövrdəki inkişaf nə qədər şərəflidirsə, Azərbaycanın gələcək inkişafı daha möhtəşəm və əzəmətli olacaq. Bu inkişaf Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində təmin ediləcək. Bu inkişafın təmin edilməsində YAP-ın böyük ordusu, ümumilikdə bütün xalqımız yaxından iştirak edəcək».
 
Konfransın əlamətdar bir gündə keçirildiyini deyən Əli Əhmədov bildirib ki, dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə Prezident İlham Əliyevi təbrik edən Əli Əhmədov dövlət başçısına cansağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
 
Konfransda daha sonra Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respubikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru çıxış ediblər.  
 
Çıxışlarda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyasının müvafiq istqamətləri  və perspektivləri haqqında geniş məlumatlar verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook