SON XƏBƏR

Yadigar Sadıqlı: “Müsavatın çöküşü davam edəcək”

Oktyabr 09
13:22 2019
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın növbəti qurultayında səs verəcəyi namizədin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, İ.Qəmbər başqan vəzifəsinə namizədliyini irəli sürən Arif Hacılıya səs verəcəyini bildirib.

Sabiq başqan bunu Arif Hacılının təcrübəli olması ilə əlaqələndirib: "Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı, bunu Arif Hacılının bəlkə də köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də, IX qurultayda başqan seçkilərinin qalibi bəllidir. Seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavat Partiyasının və Azərbaycanın Arif Hacılının xidmətlərinə ehtiyacı var”.

İ.Qəmbər partiya üzvlərini A.Hacılıya səs verməyə çağırıb.

Başqanlığa namizəd Yadigar Sadıqlı da İsa Qəmbərin Arif Hacılıya səs verəcəyini açıqlamasına münasibət bildirib.

Y.Sadıqlı İ.Qəmbərin mövqeyindən təəssüfləndiyini bildirib: "Namizədliyimi bəyan edəndə gördüm ki, insanlar Müsavat Partiyasını sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavat Partiyasının tarixində tamamilə yeni bir səhifə açacaq. Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür”.

O qeyd edib ki, bununla belə, sona qədər namizəd olacaq: "Mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmazsa "bacardığımı etdim" deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, "bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm. İsa bəyin mövqeyi mənim üçün gözlənilməz olmadı”.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayının oktyabrın 12-də keçirilməsi planlaşdırılır. Partiyanın başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook