SON XƏBƏR

XİN: “Azərbaycanın işğal olunmuş ərazilərində çıxarılan qiymətli minerallar OECD ölkələrinə ixrac edilir”

İyun 29
17:26 2018
Azərbaycanın işğal olunmuş ərazilərində çıxarılan bir sıra qiymətli minerallar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinə ixrac edilir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hazırda Ermənistanda mədən sənayesində cinayətkarlıq, çirkli pulların yuyulması, ətraf mühitin çirkləndirilməsi və ekologiyaya ciddi zərər vurulması üzrə araşdırmalar aparılmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın mədən sənayesində olan cinayətkar əməllər Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edir:

"Xarici İşlər Nazirliyi əsasən erməni açıq mənbələrində əks olunmuş məlumatlar əsasında "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı təqdim edib. Təbii ehtiyatlarla zəngin Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metal filizləri, qızıl, civə, mis, qurğuşun, daş kömür və sink, perlit və digər təbii resurslarla zəngin yataqlar da daxil olmaqla, 155-ə yaxın qiymətli daş, mineral və adi metal yatağı mövcuddur. Bunların sırasında Qızılbulaqdakı qızıl-mis-kolçedan yataqları, Dəmirli, Canyataq-Gülyataqdakı mis-qızıl və molibden yataqları (Tərtər rayonunun işğal olunmuş hissəsi), Söyüdlü, Ağdüzdağ, Tutxumdakı qızıl yataqları (Kəlbəcər), Vecnəlidəki qızıl yataqları (Zəngilan), Mehmana, Şorbulaqdakı qurğuşun yataqları (Kəlbəcər), Sarıbulaq, Ağyataq, Levçay, Şorbulaq, Qamışlı, Ağqaya (Kəlbəcər, Laçın), Çilgəzçay, Narzanlıdakı (Laçın) civə yataqlarını qeyd etmək olar".

XİN rəsmisi bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resurslar, o cümlədən dağ-mədən ehtiyatları Ermənistan tərəfindən talan olunur: "Ekoloji standartlara cavab verməyərək qeyri-qanuni şəkildə işğal edilmiş ərazilərdən hasil edilən mədən sənayesi məhsulları xammal kimi Ermənistana gətirilir və Ermənistanın metal əritmə və digər saflaşdırma zavodlarında emal olunur və nəticə etibarilə, xam məhsul və ya yarı-fabrikat formasında ixracı həyata keçirilir".

O əlavə edib ki, işğal olunmuş ərazilərimizdə təbii resursların istismarı prosesində ətraf mühit standartlarına riayət olunmur, kustar üsullardan istifadə olunur və ekologiyaya ciddi zərər vurulur: "Sarkisyanın kriminal xunta rejimi işğal olunmuş ərazilərimizdəki qondarma rejimin rəhbərliyi ilə əlbir olaraq hələ də təbii resursların qanunsuz istismarından əldə olunan gəlirlərin mənimsənilməsini həyata keçirirlər. Bir sıra əcnəbi fiziki və hüquqi şəxslər də onlarla əlbir olaraq Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə dağ-mədən sənayesinin istismarına və bu cinayətkar şəbəkəyə cəlb olunublar. Beynəlxalq təcrübə göstərir ki, münaqişə ərazilərində təbii resursların istismarı və qazanc mənbəyinə çevrilməsi münaqişələrin davam etməsinə xidmət edən amildir".

H.Hacıyev deyib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində münaqişə və yüksək riskli ərazilərindən mineral məhsulların idxalının qadağan edilməsi üzrə xüsusi qaydalar var:

"Amma bəzi OECD ölkələrində qeydiyyatda olan hüquqi və fiziki şəxslər Azərbaycanın işğal olunmuş ərazilərində mineral resursların qanunsuz istimarına cəlb olunub və çıxarılan bir sıra qiymətli minerallar OECD ölkələrinə ixrac olunur. Aparılmış araşdırmalarla Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş "Vallex Group”, "Base Metals”, "ACP”, "Lerna metalurgiayi İnstitute”, "Teghout” və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində təbii resursların qanunsuz istismarına cəlb olunduqları müəyyən olunub. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın "Vallex" Qrupunun tərkibinə daxil olan "Base Metals" şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükənib".

XİN rəsmisi əlavə edib ki, 2007-ci ildən etibarən "GeoProMining" şirkətinə daxil olan "GPM Gold" şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir. Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolunun çəkilişi Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir:

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətlə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüququn imperativ normalarının kobud şəkildə pozulması nəticəsində yaranmış vəziyyət heç bir halda qanuni hesab edilə bilməz. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi tövsif oluna bilər.

"AzerGold" tərəfindən təqdim olunan materiallar əsasında Baş Prokurorluq tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində dağ-mədən resurslarının qanunsuz istismarına cəlb olunmuş hüquqi və fiziki şəxslərə münasibətdə cinayət işi açılıb. İsveçrə Konfederasiyasında qeydiyyatda olan "Frank Müller" şirkətinin rəhbəri və Azərbaycanın işğal olunmuş ərazilərində təbii resursların qanunsuz istismarına cəlb olunmuş Vartan Sirmakis barəsində də cinayət işi açılıb".

H.Hacıyev qeyd edib ki, beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər:

"Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook