Xəzərdə suyun səviyyəsinin azalmasının səbəbi açıqlanıb
Yanvar 21
10:44
2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəblərini açıqlayıb.
Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə APA-ya bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir: "Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır. Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir”.