SON XƏBƏR

Xaricdən milyonlara alınır: – İsraf olub küçələrə atılır

Mart 14
17:12 2018
Bakı Taxıl Terminalı Qazaxıstan və Azərbaycanın birgə həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olacaq. Qazaxıstan mətbuatı xəbər verir ki, bu barədə Bakı Taxıl Terminalının idarə heyətinin sədr müavini Erjan Baymuhametov deyib.

"Azərbaycanın taxıla olan tələbatı ildə 3-3,5 milyon tondur. 2016-cı illə müqayisədə ötən il ölkə taxıl idxalını 20 faiz azaldıb. 2017-ci ildə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında tərəflər Qazaxıstan taxılının Azərbaycana ixracının illik həcminin 1 milyon tona çatdırılması barədə razılığa gəliblər. 15 min tona qədər dənli bitkiləri müvəqqəti saxlamağa imkan verən terminal müasir avadanlıqla təchiz olunub. Terminalın yükboşaltma gücü sutkada 1,5 min ton taxıl təşkil edir ki, bu da illik ekvivalentdə 300 min tona yaxın taxıla bərabərdir. Biz sutkada 150 ton un istehsal edirik. Terminal Qazaxıstan və Azərbaycanın bilavasitə iştirakı ilə regionda həyata keçirilən beynəlxalq nəqliyyat layihələrində fəal iştirak etmək niyyətindədir”. Qeyd edək ki, Bakı Taxıl Terminalı Azərbaycan ilə Qazaxıstan hökumətlərinin birgə razılığı ilə 2006-cı ildə yaradılıb. Bu illər ərzində terminal vasitəsilə Azərbaycanın taxıl məhsullarına olan tələbatı ödənilib.

Məlumat üçün bildirək ki, 2016-cı ildə Azərbaycanda 1 milyon 210 min ton çörək və çörək-bulka məmulatları istehsal olunub. Bu isə 2015-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 12 min ton çoxdur. Çörək-bulka məhsullarının pərakəndə satışı isə 2016-cı ildə 4,57 faiz və yaxud 55 min 297 ton təşkil edib. Əldə olunan rəqəmlərin müqayisəli təhlili göstərir ki, 2016-ci ildə Azərbaycanda 95.43 faiz və yaxud 1 milyon 154 min 703 ton çörək-bulka məhsulları israf olunub.

Dövlət Statistika Komitəsinin Cebhe.info-ya təqdim etdiyi məlumata əsasən ümumi istehsalda artım baş versə də, istehlakda illər üzrə azalma müşahidə olunur.

Statistika Komitəsi 2017-ci il üzrə ölkədə satılan çörək-bulka məhsullarının həcminə dair statistik məlumatların isə mart ayının sonunda hazır olacağını da qeyd edib. Əldə etdiyimiz məlumatlara görə, israf olunmuş un məhsullarının xeyli hissəsi sonradan çörək istehsalı müəssisələrində təkrar istehsala yönəldilir və istehlakçılara tərkibi təhlükəli olan məhsullar satılır. Əgər istehsal norması istehlak olunan çörək və digər un məhsullarına olan tələbatdan 20 dəfədən artıqdırsa, o halda Azərbaycanda un və un məhsullarının qiymətinin yüksək olmasının heç bir iqtisadi əsası yoxdur. Bir sıra ərzaq məhsullarında olduğu kimi Azərbaycan ərzaq buğdasına olan tələbatının böyük bir hissəsini idxal hesabına qarşılayır. Maraqlıdır ki, un və un məhsullarının əhalinin istehlak normasına uyğun istehsalı və israfın qarşısını alan tənzimləyici mexanizm yoxdur. Halbuki Azərbaycan taxıl və taxıl məhsullarını xaricdən idxal etdiyi üçün belə bir qənaət rejiminin mövcud olmasına ehtiyac var.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, əhalinin istehlak normasına uyğun un və un məhsullarının istehsalı ilə bağlı nəzarət mexanizmi yoxdur:

"Əgər həqiqətən də israfın qarşısının alınması nəzərdə tutulursa, bu zaman görüləcək ilk iş çörəyin qiymətinin artırılması olmalıdır. Təbii ki, bu gün çörəyin qiymətinin artırılması heç də normal səslənmir. Amma nəzərə alsaq ki, bu istiqamətdə israfçılqı həddən artıq çoxdur və bunun qarşısını dəyərin artırılması yolu ilə müəyyən qədər almaq olar. Həmçinin ikinci görüləcək işlərdən biri digər xarici ölkələrdə olduğu kimi Azərbaycanda da daha kiçik porsiyalarla çörəyin istehsalının və satışının təşkil olunmasıdır. Adətən, ölkədə çəkisi 350-400 qram olan çörəklərin satışını müşahidə edirik. Amma çəkisi 100 qramlıq porsiyalarda çörək istehsal etməklə israfın qarşısını müəyyən qədər almaq olar. Doğrudur, buna uyğun bir neçə cəhd oldu. Bu zaman da ya keyfiyyəti aşağı olur, yaxud da qiymət fərqi olur. Nəticədə görülən tədbirlərin heç biri israfçılığın qarşısını almaq üçün əhəmiyyətli təsirə malik olmur. Bundan əlavə görüləcək əsas işlərdən biri də maarifləndirmədir. Qənaətimcə, səhiyyə sistemi bu istiqamətdə daha aktiv olmalıdır. Çünki faktiki olaraq bu gün səhiyyə sübut edir ki, çörəyin izafi istehlakı və qidalanmada çörəyə daha çox üstünlük verilməsi insan sağlamlığına ziyan vurur. Maarifləndirmə işlərinin genişləndirilməsi yolu ilə ölkədə çörəyə olan tələbatı aşağı salmaq olar. Bu istiqamətdə görülən tədbirlər son nəticədə müəyyən qədər bəhrəsini verə bilər”.

Ekspertin qənaətincə, bu istiqamətdə hər hansı bir mexanizmin düşünülüb ortaya qoyulması, eləcə də nəzarətin sərtləşdirilməsi çox çətin məsələdir:

"Çünki bu, milyonlarla fərd tərəfindən həyata keçirilən prosesdir. Burada nəzarəti təsis etmək mümkün deyil. Texniki baxımdan da bu çox əsassız bir yanaşma olar. Nə etmək lazımdır? Çörəyi israf edənlərə cəriməmi tətbiq olunacaq? Bu, çox çətin bir mexanizmdir. Eyni zamanda bənzər metodlardan dünya təcrübəsində də istifadə edilmir. Ona görə də istehsal sahəsində çeşidlənmə ilə bağlı yeni təkliflər hazırlayıb müəssisələrlə bu istiqamətdə işin aparılması, ikincisi, maarifləndirmənin həyata keçirilməsi, üçüncü isə səhiyyənin bu sahədə öz fəaliyyətini genişləndirməsi nəticəsində israfın qarşısını almaq mümkün olar”.

Pambıq strateji məhsul sayılmasa da, hər il ölkədə "qara qızıl”ın becərilməsi üçün milyonlarla vəsait sərf olunur. Pambıqdan əldə olunan gəlirlərin yüksək olmadığını da nəzərə alsaq, mahlıc sahələrini taxıl sahələri ilə əvəz etmək olarmı?

Rəşad Həsənov qeyd edib ki, Azərbaycanda taxıl istehsalı da kifayət qədər səmərəsiz bir sahədir: "Bu gün Azərbaycanda pambıq istehsalının səmərəliliyindən və yaxud da bu məhsulun dünya bazarlarında özünə müştəri tapmasından söhbət getmir. Bunların heç biri demək olar ki, yoxdur. Azərbaycanda orta hesabla 1 hektardan 20-25 sentner taxıl yığılırsa, amma bu istiqamət üzrə ixtisaslaşmış Ukrayna, Qazaxıstan, Rusiya, eləcə də Kanada kimi ölkələrdə bu göstərici dəfələrlə artıqdır. Kanadada bu göstərici 60 sentnerə, Qazaxıstanda 45-50 sentnerə çatır və.s. Bu baxımdan Azərbaycanda təsərrüfat təyinatlı torpaqlar o qədər geniş deyil ki, bu sahələr əhəmiyyətsiz formada taxıl əkininə sərf edilsin. Azərbaycanda əkilən taxıl insan istehlakı üçün uyğun deyil. Əksər hallarda Azərbaycan əhalinin istehlakı məqsədi ilə istifadə olunan taxılı idxal edir. Yerli istehsal olunan taxılın böyük əksəriyyəti məhz texniki xarakterlidir.

Yəni, heyvandarlıqda yem olaraq istifadə olunur. Buna görə də Azərbaycan ərazilərində taxıl əkilməsinin tərəfdarı deyiləm. Əksinə, sağlam həyat tərzi baxımından ölkə əhalisinin çörək istehlakının aşağı salınması istiqamətində işlər aparılmalıdır. Hətta bu gün əkilən torpaq sahələrinin bir çoxu təyinatı üzrə istifadə olunmalıdır, bir sözlə, taxıl əkilməməlidir. Çünki çox səmərəsiz və gəlirsiz sahədir. Əgər əkilsə belə, peşəkarların bu sahəyə cəlb olunmasına üstünlük verilməlidir. Tutaq ki, Azərbaycanın cənub rayonlarında iranlı sahibkar gəlib taxıl əkir və 1 hektarda 6 sentner taxıl yığır. Azərbaycanlı fermer və yaxud ailə təsərrüfatı taxıl əkir, amma 7 sentner taxıl götürə bilmir. Buna görə də peşəkarların bu sahədə məşğul olması, ərazinin azaldılmasına baxmayaraq, istehsal olunan məhsulun həm keyfiyyətini, həm də həcminin dəfələrlə artırılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, işlər bu istiqamətdə qurulmalıdır”.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook