SON XƏBƏR

"Washington Times": Sülh şəraitində yaşamaq üçün yer axtarışındasınızsa, Azərbaycana gəlin

Oktyabr 04
16:40 2017
Azərbaycanda uzun illərdən bəri müxtəlif xalqlar və etnik qruplar birlikdə yaşayıb, Azərbaycan xalqı onlara qarşı sevgi və mərhəmət nümayiş etdirib. Tarix boyu Azərbaycanda yaşayan xristian, yəhudi və müsəlmanlar arasında münaqişə qeydə alınmayıb.

Bunu Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata "Washington Times"da dərc olunan "Azərbaycan: Dini tolerantlıq diyarı" məqalədə deyib. /Trend/
 
"Hansı müsəlman ölkəsi yəhudi, xristian, müsəlman və bəhailərə sülh və harmoniya şəklində yaşamaq imkanı verir?" sualına cavab axtarıldığı yazıda qeyd olunur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq və multikulturalizm hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müxtəlif dini icmalar nəinki sülh şəraitində yaşayır, eyni zamanda, sosial və xeyriyyə tədbirlərinə də qatılırlar.
 
K.Ata həmçinin bildirib: "Baxmayaraq ki, ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarətdir, Konstitusiyaya əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu, Azərbaycan vətəndaşları və ölkəni sevən hər bir şəxs kimi bizim də Konstitusiyamızdır. Biz bu ölkəyə uğurlar, maddi, mənəvi inkişaf arzulayırıq".
 
Məqalədə həmçinin, BMT-nin 1948-ci il tarixli "İnsan Hüquqları Haqqında Bəyannamə”si ilə də bağlı fikirlər yer alır.
 
Bildirilir ki, Bəyannaməyə əsasən, dinindən, dilindən, irqindən, milli və sosial mənsubiyyətindən və s. asılı olmayaraq, hər kəsin söz, fikir, vicdan, təhsil, din azadlığı var.
 
Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev isə bildirib: "Mən hər zaman, hər yerdə yəhudilərə deyirəm ki, əgər sülh şəraitində yaşamaq üçün yer axtarışındasınızsa, Azərbaycana gəlin".
 
O qeyd edib ki, biz Azərbaycanda artıq 2000 ilə yaxındır ki, yaşayırıq və daha 2000 il də yaşayacağıq: "Biz burada müxtəlif din nümayəndələri və etnik qruplarla birgə sülh və harmoniya şəklində yaşayırıq. Azərbaycan höküməti din və dilimizin qorunması istiqamətində çalışır. Biz ölkə Konstitusiyasında nəzərdə tutulan bütün hüquqlardan bəhrələnirik. Prezident İlham Əliyev hər bir vətəndaşın prezidenti olduğunu deyir. Biz Azərbaycanda sülh və təhlükəsizlik şəraitində yaşayırıq".
Məqalədə daha sonra Bəhai Dini İcmasının katibi Ramazan Əsgərli deyib ki, coğrafi baxımdan Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan öz mədəniyyətini hər iki baxımdan inkişaf etdirib: "Azərbaycan xalqı öz tolerantlığı və mərhəmətliliyi ilə digər mədəniyyət və xalqlara təsir göstərir. Azərbaycan xalqı digər mədəniyyət və xalqlara münasibətdə öz tolerantlığı və nəcibliyi ilə seçilir. Hökümət bu mədəniyyətin inkişafı üçün lazımi şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Bəhai yazılarında azərbaycanlılar qədim və zəngin mədəniyyətə malik sülhsevər xalq kimi təqdim edilir. Bəhai dini ölkədə yaradılan şəraitdən yetərincə yararlanır və biz buna görə Azərbaycan hökümətinə minnətdarıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook