SON XƏBƏR

Vəzifədən azad olunacaq Hacıbala Abutalıbovu kim əvəzləyəcək? - Şok isimlər...

Aprel 21
00:00 2017
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yaxın zamanlarda vəzifəsindən alınacaq. Bu barədə Qlobal.az-a mötəbər mənbədən məlumat verilib.
 
H. Abutalıbovun vəzifədən alınmağına səbəb milyonlarla vəsait xərclənməyinə baxmayaraq, ötən qış paytaxtın yağış sularına "təslim" olması, ardından isə mətbuat prospektində, "Ovçular evi”nin ərazisində çoxmərtəbəli və çoxfunksiyalı kompleksin tikintisinə dair şəhər İcra Hakimiyyətinin verdiyi icazə olub. Hacıbala Abutalıbovun məlum sərəncamı ilə tikinti işlərinə başlayan şirkət adıçəkilən ərazidə çoxsaylı yaşıllıqları məhv etdi. Acınacaqlı duruma dövlət başçısının müdaxiləsindən sonra ərazidə tikintinin aparılması dayandırıldı.
 
Qlobal.az-a danışan mənbə vurğulayır ki, baş verən hadisə Hacıbala Abutalıbovun imicinə ciddi formada mənfi təsir edib. Artıq hakimiyyətin ali instansiyalarında Hacıbala Abutalıbovun vəzifədən uzaqlaşdırılması müazakirə olunur.
 
"Hacıbala Abutalıbov Bakı şəhərinə uzun müddət rəhbərlik edən başçılardandır. Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyasına sədaqətlə xidmət edən məmur olub. Bəxtindən paytaxta başçılıq etdiyi qısa müddətdən sonra ölkəyə güclü neft pullara axmağa başladı. Güclü maliyyə axını müqabilində paytaxtın yenidən qurulmasına dövlət milyonlarla vəsait xərclədi. Obyektivlik baxımından vurğulayım ki, paytaxtın mərkəzi və giriş hissələri vizual olaraq müasirləşdirildi. Ancaq şəhərin kommunikasiya, xüsusən də kanalizasiya sistemində ciddi problemlər qalmaqdadır."-deyə, mənbə vurğulayır.
 
Paytaxt merinin vəzifədən azad olunandan sonrakı taleyinə də mənbə aydınlıq gətirib: "Bildiyiniz kimi Hacıbala Abutalıbov həm də elm sahəsinə mənsub insanlardandır. Fizika, riyaziyyat elmləri doktoru, professordur. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. Böyük ehtimalla Hacıbala müəllim vəzifədən azad olunandan sonra sabiq Təhsil naziri Misir Mərdanov kimi elmlə aktiv məşğul olacaq".
 
Qeyd edək ki, artıq Hacıbala Abutalıbovun yerinə təyin olunacaq şəxsin kimliyi barədə hakimiyyətə yaxın çevrələrdə söz-söhbət gəzməkdədir. Bakı Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə daha çox şansı olan üç şəxsin adı çəkilir. Bunlardan biri Səbayel RİH-nin başçısı Eldar Əzizov, Nəsimi RİH-nin başçısı Asif Əsgərov və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyevdir. Bu şəxslərdən hansının daha çox BŞİH-nin başçısı olmağa şansının olmasına aydınlıq gətirməyə çalışdıq. Mənbənin sözlərinə görə, paytaxtın başçısı postuna böyük təşkilatçılıq qabiliyyəti olan şəxs gətiriləcək.
 
"Adlarını çəkdiyiniz hər üç şəxsin də kifayət qədər təcrübələri var. Eldar Əzizov Səbayelə qədər ölkənin iki nəhəng şəhərinə rəhbərlik edib. Rəfail Mehrəliyev Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri kimi böyük miqyaslı sahəyə uğurla rəhbərlik edir. Bununla belə, düşünürəm ki, Asif Əsgərovun BŞİH-nin başçısı olmaq şansı daha böyükdür. Asif Əsgərov bacarıqlı kadrdır. Bu gün başçsı olduğu Nəsimi rayonu paytaxtın ən inkişaf edən rayonlarından biridir. Rayon ictimaiyyəti ilə sıx əlaqədədir. Mətbuatda haqqında neqativ informasiyalar demək olar ki, yoxdur. BŞİH-nin başçısı olmaq üçün kifayət qədər enerjili və təcrübəli şəxsdir. Ancaq unutmamalıyıq ki, BŞİH-nin başçısı vəzifəsinə hakimiyyətin "sürpriz" namizədi də ola bilər". 
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook