SON XƏBƏR

Vergi ödəyicilərinin “köhnə adətləri” və vergi sahəsində yeniliklər - EKSPERT RƏYLƏRİ

Avqust 01
10:57 2019
Bu gün Azərbaycanda həyata keçirilən islahatların mühüm tərkib hissələrindən biri vergi sahəsi ilə bağlıdır. 

Bunu "Report”a açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov vergi islahatları barədə danışarkən bildirib.

Vergi sahəsində görülən işlər büdcə daxilolmalarının həcminı artırır

Onun sözlərinə görə, xüsusilə, qanunvericiliyin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin vergi yüklərinin azaldılması və onların maarifləndirilməsi nəticəsində bu gün vergi ödəyicilərinin sayı durmadan artmaqdadır: "Sözsüz ki, vergi ödəyicilərinin sayının artması dövlət büdcəsinə əlavə daxilolmalarının həcmini artırır ki, bu da reallaşdırılan layihələrin, ö cümlədən sosial layihələrin uğurla icrası üçün şərait yaradır”.

Nazir müavini qeyd edib ki, hər bir ölkədə vergi sahəsində görülən işlər məhz büdcə daxilolmalarının həcminin artmasına şərait yaradır: "Sözsüz ki, qlobal iqtisadi trendlər də tərəfimizdən izlənilir və ən yaxşı təcrübələr ölkə iqtisadiyyatında tətbiq edilir. Bu gün Azərbaycanda vergi sahəsində və vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, qəbul olunan qərarlar bu gün Azərbaycan sahibkarının öz fəaliyyətini daha da inkişaf etdirməsi və genişləndirməsi üçün şərait yaradır”.

S. Məmmədov vurğulayıb ki, vergi sahəsində həyata keçirilən son islahatlar sahibkarlıq məmnunluğunun təmin olunmasına şərait yaradır: "Sahibkarlarla vergi orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün şərait yaradır. Bu da sahibkarların vergi ödəmək mədəniyyətinin formalaşması üçün şərait yaradır. Nəticə etibarı ilə vergi ödəyicilərinin sayı artır və vergi orqanları ilə sahibkarlar arasında sıx partnyorluğun inkişafı üçün vacib addımlar atılır”.

Sahibkarın saxtakarlıq etmək üçün yolu qalmır

Vergi sahəsi üzrə ekspert Mehdi Babayev isə bildirib ki, son zamanlar vergi sahəsində çox köklü dəyişiklər olub.

Onun sözlərinə görə, üzdə olan və daha qabarıq görsənən bir neçə müsbət tendensiyalar mövcuddur. "Hamıya məlum olduğu kimi, kölgə iqtisadiyyatı var. Amma bu gün onun miqyası xeyli daralıb. Birinci növbədə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər kölgə iqtisadiyyatının və kölgədə gedən proseslərin miqyasını azaltmaqdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər bu istiqamətdə aparılan islahatların bir hissəsidir. Kölgə iqtisadiyyatının aradan qaldırılması ilk növbədə sənədsiz dövriyyələrin sənədləşdirilməsi prosesinin artırılmasını nəzərdə tutur”.

Ekspert deyir ki, kölgə iqtisadiyyatının kökündə ilk növbədə baş vermiş təsərrüfat əməliyyatlarının sənədləşmədən kənarda qalması idi: "Hazırda təsərrüfat subyektlərinin apardıqları bütün əməliyyatlarının sənədləşmələrə gətirilməsi üçün Vergi Məcəlləsində ciddi dəyişikliklər olub. Həm cərimələr nəzərdə tutulub, həm də vergi yükü və yaxud vergiyə cəlb olunan əməliyyatlarla bağlı vergi ödəyicilərinin özlərinin vergitutma obyektlərində kifayət qədər dəyişikliklər baş verib”.

M.Babayev misal çəkərək bildirib ki, sadələşdirilmiş vergitutma sisteminin əhatəsi həddindən artıq azaldılıb: "Əvvəllər kiçik sahibkarlıq subyektləri daha çox sadələşdirilmiş vergi ödəyiciləri idi. İndi isə sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsi azaldılıb və bir çox və hətta böyük əksəriyyət vergi ödəyiciləri məcburi qaydada mənfəət və ya da ki gəlir vergisinin ödəyicisi olmaq məcburiyyətinə gəliblər. Amma gəlir və mənfəət vergisinin özünün xarakteri elədir ki, bu verginin kökündə sənədləşmə durur. Yəni gəlir və xərcin uçotunun aparılması məcburiliyidir. Çünki, bu vergi özü "gəlir – xərc = mənfəət”dən vergidir. Ancaq sadələşdirilmiş vergidə xərc anlayışı demək olar yoxdur və insanlar xərcə səhlənkar yanaşırdılar. Onlar yalnız dövriyyəni nəzərdə tuturdular və yalnız dövriyyədən vergi verirdilər, xərclər barədə heç vaxt düşünmürdülər. Ancaq nəzərə almaq lazımdır ki, bir vergi ödəyicisinin xərci digər vergi ödəyicisinin gəliridir. Əgər bir vergi ödəyicisi xərc haqqında sənədləşmə aparmırsa, deməli, digər vergi ödəyicisi gəlirini gizlətmiş olur. Bu da dolayısı ilə kölgə iqtisadiyyatının qarşısını almır. Əksinə, kölgə iqtisadiyyatını saxlamış olur”.

Əməliyyata anında nəzarət edilə bilinəcək

Mütəxəssis deyir ki, vergi sahəsində aparılan islahatlardan biri də nağdsız əməliyyatların aradan qaldırılmasıdır: "Biz rəqəmsal dünyada yaşayırıq və rəqəmsal sistemlərə daxil oluruq. Bu gün demək olar ki, bütün bəşəriyyət elektron qaydada fəaliyyət göstərir. O cümlədən, Vergilər Nazirliyinin elektron xidmətlərinin miqyası artırılıb. Nağdsız əməliyyatların miqyası azaldılmaqdadır. Bununla bağlı Vergilər Məcəlləsində də bir çox dəyişikliklər var”.

Bu gün nəzarət-kassa aparatı vasitəsilə ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üzərində ciddi islahatlar aparıldığını vurğulayan M. Babayev söyləyib ki, bu gün əsas dəyişikliklər nəzarət-kassa aparatları üzərindən həyata keçirilən əməliyyatların elektronlaşması və yaxud rəsmiləşdirilməsi prosesidir.

Onun sözlərinə görə, uzun müddət kiçik sahibkarların vərdiş etdikləri yazılı və yazılmayan bir sistem vardı: "Qaydalara riayət edən sahibkarlar da vardı, qaydalara riayət etməyən sahibkarlar da az deyildi. Qaydalara riayət etməyən sahibkarlarda artıq bir "biznes adətləri” yaranmışdı. İndi birdən-birə onların vergi mədəniyyətinə və sənədləşmə mədəniyyətinə gətirilməsi onlarda xof, qorxu, həyacan hislərini keçirdir. Ancaq gec-tez onlar da alışmalıdırlar ki, artıq sənədli, kölgəsiz, şəffaf formada, daha çox nağdsız əməliyyatlara meyilli bir sahibkarlıqla məşğul olmalıdırlar. Bu günə qədər onlar bunu etməmişdilər, bu gün artıq bunu etmək həm məcburiyyətindədirlər. Həm də bunu istəsələr, istəməsələr də özlərində formalaşdırmalıdırlar. Təbii ki, bunun üçün də vaxt lazımdır. Düşünürəm ki, bu vaxt artıq yavaş-yavaş keçib gedir”.

Vergi sahəsi üzrə ekspert bildirir ki, artıq kassa aparatları vasitəsilə nağd qaydada pərakəndə ticarət obyektlərindəki ticarət subyektləri öz əməliyyatlarını artıq bütövlükdə nəzarət-kassa aparatlarına vurmağa başlayıblar: "Çünki cərimələr həddindən artıq artırılıb. Bir çox iri təsərrüfat subyektlərində, iri super marketlərdə birbaşa nəzarət oluna bilən kassa aparatları quraşdırılıb. Onlar birbaşa əməliyyatı Vergilər Nazirliyinin Mərkəzi İnformasiya Sisteminə ötürür və elektronlaşma sistemi o qədər gücləndirilib ki, artıq bu prosesə başlanılıb. Sahibkar hər bir əməliyyatını elektron qaydada aparmış olacaq və real vaxt rejimində Vergilər Nazirliyi öz internet resurslarından istifadə etməklə həmin əməliyyata anında nəzarət edə biləcək. Sahibkarın artıq saxtakarlıq etmək üçün yolu qalmır və onu düzgün işləməyə məcbur edir”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook