SON XƏBƏR

Vasif Talıbov Yarımca kəndində müasir sosial obyektlərin açılışını etdi

Aprel 08
19:06 2016
Kompleks quruculuq işlərindən sonra Yarımca müasir Azərbaycan kəndinə çevrilib

Bu gün iqtisadi tərəqqi və davamlı sosial islahatlar müasir Azərbaycanın inkişaf modelinə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə dinamik inkişafa rəvac verilmiş, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Ölkəmizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini də regionların tarazlı inkişafı təşkil edir. Şəhər, rayon və kəndlər geniş quruculuq meydanına çevrilmişdir. Bu inkişaf Babək rayonunun da quruculuq xəritəsinin genişlənməsinə səbəb olmuş, rayonun Yarımca kəndində yeni sosial obyektlər tikilmişdir.
 
 

Yarımca kənd tam orta məktəbinin binası yenidən qurulmuşdur
 
Ölkəmizdə insan kapitalının formalaşdırılmasına hesablanan təhsil islahatları yeni mərhələyə yüksəlmişdir. Tikilən məktəblər gənclərin hərtərəfli hazırlanmasına imkan verir. Bu tədbirlər çərçivəsində Yarımca kənd tam orta məktəbi də əsaslı yenidən qurulmuşdur.
 
Aprelin 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
 
Məlumat verilmişdir ki, 342 yerlik məktəb binasında şagird və müəllimlər üçün hərtərəfli şərait yaradılmış, maddi-texniki baza möhkəmləndirilmiş, 4-ü elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, müəllimlər və şahmat otaqları, kitabxana və idman zalı istifadəyə verilmişdir. Məktəbdə kitabxanaçılıq işinin müasir tələblərə uyğun təşkili təmin edilmiş, kitabxanaya 6 mindən çox ədəbiyyat və dərslik verilmişdir.
Məktəbin kompüter otağında 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli siniflərdə distant və elektron dərslərin keçirilməsi üçün lazımi şərait yaradılmış, məktəb elektron dərsliklərlə təmin edilmişdir.
 


Baxış zamanı muxtar respublikanın 192 ümumtəhsil məktəbi ilə "Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi arasında əlaqə yaradılmış, "Naxçıvan xanlığının yaranması və tarixi əhəmiyyəti” mövzusunda distant dərs keçirilmişdir.
 
Məktəbin ayrı-ayrı sinif otaqlarında, fənn kabinələrində və laboratoriyalarında müasir tədris ləvazimatları qoyulmuş, məlumat stend­ləri asılmışdır. Bu tədris ilində Yarımca kənd tam orta məktəbində 31 şagird birinci sinfə qəbul olunmuşdur. 
 
Ali Məclisin Sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən istifadənin əhəmiyyətini qeyd etmiş, kimya, biologiya, fizika və ibtidai sinif müəllimlərinin hazırlığına diqqət yetirilməsinin vacibliyini bildirmişdir.
 


Bu gün gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüdülməsi vacib məsələdir. Uşaqların erkən yaşlardan ilkin hərbi biliklərə yiyələnməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, ümumtəhsil məktəblərində hərbi kabinələr yaradılır. Məlumat verilmişdir ki, Yarımca kənd tam orta məktəbində də çağırışaqədərki hərbi hazırlıq fənninə xüsusi maraq vardır. Bu il 6 şagird Heydər Əliyev adına Hərbi Liseyə sənəd verəcəkdir. Məktəbdə hərbi kabinənin lazımi əyani vasitələrlə təmin olunması işin daha mütəşəkkil təşkilinə imkan verəcəkdir.

Ali Məclisin Sədri muxtar respublikanın ümumtəhsil məktəbləri şagirdlərinin hərbi hissələrlə və Heydər Əliyev adına Hərbi Liseylə tanışlığının təşkil edilməsi, onların hərb sənətinə marağının artırılması barədə tapşırıqlar vermişdir.
 
Məktəbdə gənclərin fiziki cəhətdən sağlam böyüdülməsi üçün də hərtərəfli şərait yaradılmış, idman zalı, açıq idman qurğuları və futbol meydançası istifadəyə verilmişdir.
 
Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüş, onları təbrik edərək demişdir: Yarımca kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsindədir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər hazırlanmalıdır. Gənclər o zaman dövləti və xalqı üçün yararlı olur ki, onlar təhsilli və vətənpərvər böyüdülsünlər. Ölkəmiz bu gün müharibə şəraitindədir. Torpaqlarımız işğal olunub, şəhidlər veririk. Ona görə də məktəb təhsil verməklə yanaşı, həm də vətənpərvər gənclik yetişdirməlidir. Məktəbi bitirən hər bir şagird gələcəkdə harada işləməsindən asılı olmayaraq, vətənpərvər olmalı, ölkəmizə xidmət etməlidir. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, "Gənclərin vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə edilməsi üçün orta məktəblərdə çox iş görülməlidir”. 
 
Ali Məclisin Sədri demişdir: Təhsilli, vətənpərvər və fiziki cəhətdən sağlam gənclik ölkəmizin milli sərvətidir. Bu gün müəllim və şagirdlərin qarşısında bir vəzifə durur: müəllimlər yaxşı təhsil verməli, gəncləri vətənpərvər böyütməli, gənclər isə yaxşı oxumalı, özlərini gələcəyə hazırlamalıdırlar. Yarımca kənd tam orta məktəbinin nailiyyətləri qənaətləndiricidir. Ötən ilin məzunlarından 4-ü ali məktəblərə, 1-i orta ixtisas məktəbinə qəbul olunub, 2 nəfər 500-700 arasında bal toplayıb. Gələcəkdə nailiyyətlər daha da artırılmalı, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilməlidir. Çünki ölkə iqtisadiyyatının bütün sahələrində yeni innovasiyaların tətbiqi dəqiq elmlərin şagirdlərə hərtərəfli öyrədilməsini zəruri edir. Həmçinin məktəbin idman zalından və açıq idman qurğularından səmərəli istifadə olunmalı, gənclər sağlam böyüdülməli, xüsusi istedadı və bacarığı olan uşaqlar üzə çıxarılmalı, onların dərsdənkənar fəaliyyətlərinə diqqət artırılmalıdır.
 
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır. 
 
Müəllim Büllurə İbrahimova çıxış edərək demişdir: Son illər muxtar respublikanın kəndlərində kompleks quruculuq işləri aparılır, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilir. Sevinirik ki, kollektivimiz üçün də müasir tədris şəraiti yaradılmışdır. Yarımca məktəbində yeni texnologiyalar tətbiq olunmuş, sinif otaqları, laboratoriyalar və fənn kabinələri ən müasir tədris avadanlıqları ilə təmin edilmiş, zəngin kitabxana fondu yaradılmışdır. Bir sözlə, məktəbdə təlim-tərbiyə işinin günün tələblərinə uyğun təşkili üçün hərtərəfli şərait vardır. Bütün bunlar müəllimlərin məsuliyyətini daha da artırır. Söz veririk ki, bu imkanlardan lazımınca bəhrələnəcək, təhsilli, dünyagörüşlü, dilini, bayrağını, torpağını sevən, vətənpərvər və dövlətçiliyimizə sədaqətli gənclər yetişdirəcək, gələcəkdə şagirdlərimiz ali məktəblərə, xüsusi təyinatlı ali hərbi məktəblərə, Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunacaqlar.
Məktəbin həyətində də geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, istifadəyə verilən bufetdə şagirdlərin sağlam qidalanması təmin olunmuşdur.
 
Yarımca Kənd Mərkəzi istifadəyə verilmişdir
 


Aprelin 7-də Yarımca Kənd Mərkəzinin açılışı olmuşdur.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
 
Tədbirdə Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əfqan Qəmbərov çıxış edərək demişdir ki, kənddə fəaliyyət göstərən dövlət orqanları bu günədək şəraiti olmayan binalarda fəaliyyət göstərirdi. Ötən ildən başlayaraq kənddə geniş quruculuq-abadlıq işləri görülmüş, müasir sosial obyektlər, o cümlədən kənd mərkəzi inşa olunmuşdur. Bu da əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəldəcəkdir. Lazımi tibbi ləvazimat və dərman preparatları ilə təmin olunmuş həkim ambulatoriyası da sakinlərin sağlamlığının qorunmasında mühüm əhəmiyyətə malikdir. Əfqan Qəmbərov yaradılan şəraitə görə kənd əhalisi adından minnətdarlıq etmişdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yarımca kəndinin muxtar respublikanın müasir və abad yaşayış məntəqəsinə çevrildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə bütün sahələrin inkişafı təmin olunmuşdur. Yaşayış məntəqələrində geniş quruculuq işləri aparılır. Müasir Azərbaycan kəndinin nümunəsini Yarımca kəndinin timsalında görmək olar. Kənd abadlaşdırılmış, yeni sosial obyektlər tikilmiş, insanların məskunlaşması, rahat yaşayışı və fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. 
 
Ali Məclisin Sədri demişdir: Bu gün ölkə­mizdə vacib məsələlərdən biri də kənd­lərin inkişafıdır. Çünki kəndlərdə yaradılan müasir şərait kənd təsərrüfatının inkişafına geniş imkanlar açır. Kənd təsərrüfatının inkişafı isə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, xammal istehsalına, yeni sənaye müəssisələrinin yaradılmasına imkan verir. Bütün bunlar isə yeni iş yerlərinin açılması və ölkənin ümumi inkişafı deməkdir. Bu gün Yarımca kəndində insanların rahat yaşayışının təmin olunması məskunlaşmanın artmasına, torpaqlardan səmərəli istifadəyə və insanların məşğulluğunun təmin olunmasına səbəb olmuşdur. Kənddə yaradılan bu şəraitdən dövlət strukturları səmərəli istifadə etməli, tikilənlər qorunmalı, vətəndaşlara nümunəvi xidmət göstərilməlidir. Bu gün məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun, poçt şöbəsinin istifadəyə verilməsi, sürətli və genişzolaqlı internetdən, radio-televiziya yayımlarından istifadə imkanlarının yaradılması insanların rahatlığının təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olmuş, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Kənddə bundan sonra da abadlıq işləri davam etdirilməli, torpaqlar əkilməli, dövlət strukturları öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. 
 


Ali Məclisin Sədri sakinləri bir daha təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir. 
 
Məlumat verilmişdir ki, üçmərtəbəli kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və 50 yerlik iclas zalı yerləşir. Binanın ikinci mərtəbəsində yerləşən kitabxananın fondunda 7 min 564 kitab vardır. 
 
Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının inkişafında mühüm yer tutur. Buna görə də kəndlərdə heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Kənd mərkəzlərində baytarlıq məntəqələrinin yaradılması və lazımi dərman preparatları ilə təmin olunması da həyata keçirilən tədbirlərin davamıdır. Yarımca kəndində də baytarlıq xidmətinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılmışdır. 
Ali Məclisin Sədri baytarlıq tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi və sağlam kənd təsərrüfatı məhsullarının istehsal olunması barədə tapşırıqlar vermişdir.
 
Yarımca kənd bələdiyyəsinin sədri Arif Cəfərov kəndin tarixinə nəzər salaraq inkişafın böyük məmnunluq doğurduğunu, sakinlər tərəfindən razılıqla qarşılandığını bildirmiş, fərdi təsərrüfatların genişləndirildiyini, torpaqların əkildiyini, bol məhsul istehsal edildiyini diqqətə çatdırmış və bütün bunlara görə minnətdarlıq etmişdir.
 
Rabitə evində 384 yerlik ATS quraşdırılmış, kəndə 1400 metr fiberoptik xətt çəkilmişdir. Hazırda kənddə 72 internet istifadəçisi vardır. Rabitə evində poçt bölməsi də fəaliyyətə başlamış, bank və poçt əməliyyatlarının yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır.
 
Yeni həkim ambulatoriyasında səhiyyə xidməti nümunəvi təşkil olunacaqdır
 


Aprelin 7-də Yarımca kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir. 

 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, ikimərtəbəli ambu­latoriya binasında müasir avadanlıqlarla təchiz edilmiş 12 otaq – baş həkim, doğuş, peyvənd, mama, manipulyasiya, qeydiyyat, feldşer, tibb bacısı və sanitar otaqları, aptek, stomatoloji kabinə və palata yerləşir. Həkim ambulatoriyasının istifadəyə verilməsi kənddə səhiyyə xidmətinin səviyyəsini yüksəltmişdir. 
 
Ali Məclisin Sədri sakinlərin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi ilə yanaşı, səhiyyə maarifinin aparılmasının və profilaktik tədbirlərin görülməsinin də əhəmiyyətini qeyd etmiş, tibbi xidmətin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
 
Yarımcada yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Həmin gün Yarımcada yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir. 
 
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
 
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, Yarımca kəndində görülən işlər sakinlərin rahatlığına səbəb olmuş, onların problemləri öz həllini tapmışdır. Kənd bundan sonra da abad saxlanılmalı, yaşıllaşdırma tədbirlərinə və təmizliyə diqqət yetirilməlidir. Çünki bu tədbirlər kəndin inkişafı ilə yanaşı, həm də sakinlərin sağlamlığının qorunmasına xidmət edir. Kənd əhalisi təsərrüfatlardan səmərəli istifadə etməli, torpaqlar əkilməli, bazarın tələbatına uyğun məhsullar istehsal olunmalıdır. 
 
Sakin Vahid Vəliyev minnətdarlıq edərək demişdir: Ölkəmizin iqtisadi qüdrəti ilbəil artır. İnsanların rahatlığı üçün bütün tədbirlər görülür. Qürurverici haldır ki, bu gün muxtar respublikanın təkcə şəhərləri deyil, kəndləri də abadlaşdırılır. Ən ucqar kəndlərdə də yeni məktəblər, kənd və xidmət mərkəzləri tikilir, yollar salınır. Yarımca kəndində geniş abadlıq-quruculuq işlərinin aparılması da sakinləri sevindirir, onlar öz yurd-yuvalarında rahat və firavan yaşayırlar. Bu gün dövlətin yaratdığı şəraitdən lazımınca bəhrələnirik. Kənd əhalisi əkinçiliklə, maldarlıqla məşğuldur. İstifadəyə verilən yeni obyektləri qoruyub saxlayacaq, kəndin daha da abadlaşdırılması qayğısına qalacağıq.
 
* * *
Yarımca kəndinin yolları abadlaşdırılmış, 950 metrlik asfalt, 2700 metrlik çınqıl qatı verilmiş, 8 su keçidi qoyulmuş, beton kanal çəkilmişdir. Rabitə, elektrik və qaz xətləri də yenilənmiş, 1200 metr rabitə, 890 metr elektrik və yeni tikililərə isə 250 metrlik qaz xətti çəkilmişdir.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook