SON XƏBƏR

Vasif Talıbov Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyasının açılışını edib - FOTOLAR

Sentyabr 25
12:17 2017
Muxtar respublikada energetiklər üçün müasir iş şəraitinin yaradılması, elektrik enerjisinin istehlakçılara dayanıqlı və keyfiyyətli çatdırılması sahəsində ardıcıl tədbirlər görülür. Elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilir, müasir yarımstansiyalar qurulur.
 
Sentyabrın 20-də Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və "Şahbuz" yarımstansiyası istifadəyə verilmişdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
 
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev tədbirdə çıxış edərək demişdir ki, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni tikilmiş müasir üslublu  ikimərtəbəli binada energetiklərə hərtərəfli iş şəraiti yaradılmışdır. Yeni inzibati binanın və yarımstansiyanın tikilib-quraşdırılması Şahbuz
 
Rayon Elektrik Şəbəkəsi işçilərinin iş şəraitini və istehlakçıların elektrik enerjisi təchizatının xeyli yaxşılaşdırmışdır. Namiq Paşayev yaradılan şəraitə görə muxtar respublika energetikləri adından minnətdarlıq etmişdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və "Şahbuz" yarımstansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: Hər bir ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri də onun enerji asılılığının olmamasıdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də qonşu ölkələrə satışı həyata keçirilir.
 
Ali Məclisin Sədri demişdir: Yeni elektrik stansiyalarının tikilməsi, elektroenergetika sisteminin müasirləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması ölkəmizin inkişafına xidmət edir. Çünki ölkəmizdə sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması və elektrik avadanlıqlarından istifadənin artması elektrik enerjisinə olan tələbatı da artırır. Muxtar respublikada da hər il elektrik enerjisindən istifadə artımla müşahidə olunur. Ona görə də yeni elektrik stansiyalarının tikilməsi, elektrik enerjisinin istehsalı və keyfiyyətli ötürülməsi diqqətdə saxlanılır. Son illər muxtar respublikada Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, bu il stansiyanın gücü daha 2 meqavat artırılmışdır.
 
Ali Məclisin Sədri demişdir: Elektrik enerjisini istehsal etməklə yanaşı, onun istehlakçılara keyfiyyətli çatdırılması da qarşıda duran əsas vəzifədir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada həm elektrik enerjisi istehsal olunur, həm də əhali keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Şahbuz Rayon Elektrik Şəbəkəsi bu günə qədər  uyğunlaşdırılmış  binada  fəaliyyət  göstərirdi. Yarımstansiyadakı avadanlıqların istismar müddəti isə başa çatmışdı. Lakin bu gün istifadəyə verilən inzibati binada müasir iş şəraiti yaradılmış, yarımstansiyada yeni avadanlıqlar quraşdırılmış, iş prosesi tam avtomatlaşdırılmışdır. Eyni zamanda quraşdırılan yeni avadanlıqları istismar edən mütəxəssislər yetişmişdir.
 
Naxçıvanda su və günəş elektrik stansiyalarının, eləcə də yarımstansiyaların qurulması və istismarının, yüksək gərginlikli elektrik xətlərinin çəkilməsinin muxtar respublika energetikləri tərəfindən həyata keçirildiyini bildirən Ali Məclisin Sədri energetiklərə təşəkkür etmiş, onlara işlərində uğurlar arzulamışdır.
 
Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənlərə hədiyyələr vermiş, açılışı bildirən lenti kəsmişdir.
 
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində 35/10 kilovoltluq "Şahbuz” yarımstansiyasının idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar və bufet yerləşir.  İkinci mərtəbədə isə iş otaqları və iclas zalı vardır.
 
"Şahbuz” yarımstansiyasında hər birinin gücü 6,3 meqa­volt­amper olan 2 ədəd yeni transfor­mator, 3 idarəetmə paneli, 5 ədəd 35 kilovoltluq, 11 ədəd 10  kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı müasir hücrələr, eləcə də rele mühafizəsi və avtomatika qurğuları quraşdırılmışdır. Yarımstansiyanın tikintisi zamanı 35 və 10  kilovoltluq elektrik verilişi xətlərinin yeri dəyişdirilmiş, bu məqsədlə 1 kilometrlik birdövrəli 35 kilovoltluq, 11 kilometrlik 10 kilovoltluq yeni xətlər çəkilmişdir. İnzibati binanın damında ümumi gücü 13 kilovatt olan 51 ədəd günəş paneli və şəbəkəyə birbaşa qoşulmuş 3 invertor quraşdırılmışdır. Bu da inzibati binanın elektrik enerjisi ilə etibarlı təminatına imkan verəcəkdir.
 
Binanın həyətində də abadlaşdırma işləri aparılmış, anbar binası tikilmişdir.
 
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və işin keyfiyyətinin artırılması, elektrik enerjisinin itkisiz çatdırılması və qənaətlə istifadə olunması, eləcə də mütəxəssis hazırlığı barədə müvafiq tapşırıqlar vermişdir.  
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook