SON XƏBƏR

Vasif Talıbov Naxçıvanda dövlət obyektinin açılışında iştirak edib

Sentyabr 14
19:09 2016
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binasının açılışı olub.
 
Qlobal.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
 

 
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə çıxış edərək deyib ki, perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi torpaqların mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, torpaqlardan səmərəli istifadə istiqamətində də mühüm tədbirlər görülür. Əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində fəaliyyət ardıcıl xarakter alıb. Komitə sədri yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin icrasında səy və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikası 25 ildir müstəqil dövlət kimi yaşayır. Müstəqillik illərində ölkəmizdə yeni dövlət qurumları yaradılmış və fəaliyyəti təmin edilmişdir. Bu dövlət qurumlarından biri də torpaq məsələləri üzrə komitə və daşınmaz əmlakın dövlət reyestri xidmətidir. Azərbaycanda torpaq islahatlarına 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanılmış, "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmişdir. Həmin dövrdə ilk dəfə Culfa rayonunun Gal və Şurud kəndlərində torpaqların və əmlakın özəlləşdirilməsinə başlanıldı. Sonrakı dövrdə bu proses Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə davam etdirilmişdir.
 
Ali Məclisin Sədri deyib: Əvvəllər torpaq və daşınmaz əmlak ayrı-ayrılıqda qeydiyyata alınaraq qiymətləndirilirdi. Lakin bu gün torpaqların və daşınmaz əmlakın qeydiyyatı və qiymətləndirilməsi vahid dövlət qurumu tərəfindən həyata keçirilir. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılaraq fəaliyyəti təmin edilmişdir. Komitədə vətəndaşların həm əmlakı, həm də torpaq sahələri qeydiyyata alınaraq qiymətləndirilir, hər bir şəxsə məxsus əmlak haqqında elektron məlumat bazası yaradılır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada əmlak bankının yaradılmasına başlanılmışdır. Daşınmaz əmlakın və torpaq sahələrinin düzgün qiymətləndirilməsi və elektron məlumat bazasının yaradılması isə vətəndaşların öz əmlakları əsasında kredit götürməsinə və bu sahədə fəaliyyətin sadələşdirilməsinə imkan verəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi üçün müasir iş şəraiti yaradılmalı idi. Ona görə də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin binası yenidən qurulmuş, müasir avadanlıqlar quraşdırılaraq lazımi iş şəraiti yaradılmış, mütəxəssislər işə qəbul olunmuşdur.
 

 
Ali Məclisin Sədri komitənin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Daşınmaz əmlak və torpaq məsələləri vacib sahədir. Ona görə də ölçü işləri və qiymətləndirmə düzgün aparılmalı, sənədlər dəqiq işlənərək qeydiyyata alınmalıdır. Vaxtilə bu sahədə buraxılan nöqsanlar aradan qaldırılmalı, komitə ilə vətəndaşlar arasında münasibətlər düzgün qurulmalıdır. Hazırda komitə tərəfindən 19 növdə elektron, 5 növdə səyyar xidmət göstərilir. Bütün bunlar da vətəndaşlara komitəyə gəlmədən öz əmlakları haqqında elektron formada arayış almalarına və digər sənədləşmə işlərini həyata keçirmələrinə imkan verir. Torpaq sahələrinin və daşınmaz əmlakın qeydiyyatı və qiymətləndirilməsi sahəsində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
 
Komitənin əməkdaşları öz işlərini yaxşı öyrənməli, fəaliyyətlərini bu sahəni tənzimləyən normativ hüquqi aktların, xüsusilə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələbləri əsasında qurmalıdırlar.
 
Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.
 
Bildirilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi ilə yanaşı, komitənin Naxçıvan Şəhər İdarəsi və Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu üçün də iş otaqları ayrılıb. İnzibati binada müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, iclas zalı, xəritəçəkmə, server və çap otaqları, 3 arxiv otağı və bufet istifadəyə verilib. Komitənin arxivində 200 minə yaxın torpaq və digər daşınmaz əmlak obyektlərinə dair sənədlər, torpaq balansı, geobotaniki tədqiqatlar, torpaqdan istifadə hüququna dair dövlət aktları, xəritələr, torpaq islahatı materialları, yerquruluşu sənədləri və kosmik fotoplanlar saxlanılır.
 
Binada ən müasir iş şəraiti yaradılıb, işdə operativliyin təmin edilməsi üçün 2 yeni server, 36 kompüter və 9 müxtəlif ölçülü printer quraşdırılıb, rayon idarələri ilə komitə arasında optik xətt üzərindən elektron sənəd dövriyyəsi sistemi yaradılıb.
 
Komitənin rayon idarələrinə 4 ədəd "NAZ Lifan X60” markalı yeni avtomobil təqdim olunub, səyyar xidmətin göstərilməsi üçün 1 ədəd "NAZ Lifan” markalı avtomobil mobil ofis halına gətirilib. 2015-ci ilin yanvar ayından həyata keçirilən səyyar xidmət vasitəsilə 2 mindən artıq vətəndaşın müraciətinə baxılıb.
Ali Məclisin Sədri səyyar xidmətin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.
 
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerləşdiyi Zərifə Əliyeva küçəsində də yenidənqurma işləri aparılıb, yollar genişləndirilərək asfalt örtük salınıb, işıqlandırma sistemi qurulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook