SON XƏBƏR

Vasif Talıbov dörd günlük müharibədə şəhid olanların ailələrinə mənzil hədiyyə edib

May 06
23:19 2016
Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu ilin aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunmuşdur.
 
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən şəhid ailələrinin mənzillərlə təmin olunduğunu bildirərək demişdir: Şəhidlərimizin vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildi, Azərbaycana dost olan ölkələr şəhidlərimizə ehtiramlarını bildirdilər. Bu gün şəhidlərin vətən qarşısındakı şücaətinin nəticəsi olaraq onların ailələrinə mənzillər təqdim olunur.
 

Şəhidlərimizin qəhrəmanlıqları bundan sonra da unudulmayacaq, şəhid ailələri, şəhid övladları daim dövlətimizin himayəsi altında yaşayacaqlar.
 
"Şəhid ailələri vətən uğrunda canlarını qurban verən igid oğullarının itkisini ailələrinin faciəsi kimi deyil, xalqın qəhrəmanlıq nümunəsi kimi qarşıladılar”, – deyən Ali Məclisin Sədri göstərdikləri səbir və dözümə görə şəhid ailələrinə təşəkkür etmişdir.
 
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini Azərbaycan Respublikasının Prezidentinin adından şəhid ailələrinə təqdim etmiş və onlara yeni mənzillərdə firavanlıq arzulamışdır.
 
Şəhid Qabil Orucəliyevin ailəsi adından danışan Məhəmmədəli Kərimov ölkəmizdə şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək demişdir:
Fəxr edirik ki, qüdrətli və müstəqil Azərbaycanda yaşayırıq. Biz ölkəmizdə həyata keçirilən siyasi xətti dəstəkləyirik. Əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad edəcəkdir. Şəhid Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev azyaşlıdır. Lakin buna baxmayaraq o and içib ki, şəhidlik zirvəsinə yüksələn qəhrəman vətən oğullarının qanını yerdə qoymayacaqdır. Müstəqil Azərbaycanla, onun müzəffər ordusu və vətənpərvər gəncləri ilə qürur duyur, göstərilən diqqətə görə şəhid ailələri adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq edirik.
 
Sonda Ali Məclisin Sədri şəhid ailələri ilə xatirə şəkli çəkdirmişdir.
 
Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir. Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulmuş, lazımi kommunal-məişət şəraiti yaradılmışdır.
 
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook