SON XƏBƏR

Uşaq bağçalarına leş əti verilir? - Ekspertdən şok iddialar

Noyabr 08
01:00 2017
Bazarda satış üçün nəzərdə tutulan qanunsuz at əti aşkarlanıb. Bazara kifayət qədər şübhəli at əti gətirilərək "inək əti” adı ilə alıcılara satılır. Beləliklə istehlakçılar aldadılır. 

Son bir həftədə 350 kiloqrama yaxın satış məqsədilə qanunsuz at əti aşkar olunub. Noyabrın 2-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi "Qazel” markalı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 7 hissəyə bölünmüş, ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkar olunub.

Bundan əvvəl Bərdə rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb. Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, gizli şəkildə kəsilmiş 2 atın mədə-bağırsağı, başları, ətdən ayrılmış sümüklər, dərilər, at dırnaqları, 100 kq sümüklü at əti (atın bud ətləri) və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ət kəsimi ləvazimatları aşkar olunub.

Növbəti mənşəyi bilinməyən at əti Naftalan şəhərində aşkar edilərək götürülüb. Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkar edilərək götürülüb. İ.Əsgərov həmin ət məhsulunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, adətən, at xəstə olduğuna görə kəsilir:

"Bu ətlər təhlükəlidir, yəni bu ət Azərbaycan üçün ənənəvi deyil. Çox təəssüflər olsun ki, bu sahədə problemlər həll olunmur. Ona görə həll olunmur ki, dövlət orqanlarının bu sahədə vahid fikri yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi ictimaiyyət arasında məlumat yaydı ki, it, at, eşşək əti də satmaq olar. Bir şərtlə ki, üzərində nə əti olduğu yazılsın, istehlakçı aldadılmasın. Bu orqan belə əti aşkarlayanda sadəcə, şəxsi cərimələyib buraxır. Dövlətin digər orqanı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi isə belə halları müşahidə edəndə əti ekspertizaya verirlər, şəxsləri həbs edirlər. Dövlət orqanlarının bu məsələyə fərqli münasibəti ona gətirib çıxarır ki, kim necə gəldi, harada gəldi müxtəlif növ ət kəsib sata bilər. Hesab edirəm ki, qida təhlükəsizliyi məsələsini bu quruma həvalə etmək olar. Çünki onlar bu yaxınlarda bazarda saxta spirtli içki aşkarladılar və onlara hüquqi qiymət verdilər.

Hazırda bununla bağlı həbslər var”. QHT rəhbərinin sözlərinə görə, təəssüflər olsun ki, bazarda kifayət qədər leş əti də satılır: "Təəssüf ki, bunu tam ifşa etmək mümkün olmur. Bunlar təkcə at əti deyil, ənənəvi olmayan digər heyvan ətləridir. Ölmüş heyvan ətləri gətirilir və bunlar uşaq bağçalarına qədər gedib çıxır. Hesab edirəm ki, hökumətin bununla bağlı birmənalı siyasəti olmalıdır. At əti Azərbaycanda yeyilməyən ətlər siyahısında olmalıdır. Bu əti dədə-babalarımız da heç vaxt yeməyiblər. Ölkədə at, eşşək ətinin satışı dayandırılmalıdır. İnsanlar böcək də, it əti də yeyə bilərlər. Amma ölkədə yeyilən və yeyilməyən siyahı yoxdur. Bizim ənənələrimiz, mentalitetimiz və mətbəximiz at ətinə uyğun deyil. Məsləhət görürəm ki, bu əti dadmasınlar”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook