SON XƏBƏR

Uşağının xəstəliyinə görə Ərdoğana müraciət edən naxçıvanlı ailəyə adının açıqlanmasını istəməyən azərbaycanlı iş adamı kömək edəcək

Yanvar 10
11:52 2017
İki yaş yarımlıq uşağını müalicə etmək üçün Türkiyəyə gedən, lakin pullarının bitməsi səbəbindən xəstəxanaya və otelə borclanıb geri qayıtmağa belə pul tapmayan naxçıvanlı Cabbarovlar ailəsi ilə bağlı ötən gün virtualaz.org xəbər vermişdi. Yazıya elə həmin gün də azərbaycanlı biznesmen tərəfindən reaksiya gəlib. Adının çəkilməsini istəməyən iş adamı virtualaz.org-un redaksiyasına zəng edərək uşağa kömək etmək istədiyini bildirib.
 
O, Hacettepe Universitetinin Tibb Fakültəsi Xəstəxanasında müalicəsi yarımçıq qalmış Tahir Cabbarovun bütün müalicə xərclərini öz üzərinə götürüb. Hazırda Altındağ Bələdiyyəsinin qonaq evinə sığınmış ailə ilə əlaqə saxlayaraq onlarla görüşəcəyini bildirib.
 
Sevindirici haldır ki, iki ildən artıq onkoloji xəstəliklə mübarizə aparan balaca Tahirin azərbaycanlı xeyriyyəçi sayəsində yenidən sağlam həyata qayıtmaq şansı yaranıb.
 
Qeyd edək ki, Tahir Cabbarov 4 aylıq olarkən beynində bədxassəli şişin olduğu məlum olub. Elə o vaxtdan da Naxçıvanda yaşayan Cabbarovlar ailəsi əvvəlcə Ərzuruma, daha sonra isə Hacettepe Universitetinin Tibb Fakültəsi Xəstəxanasına gedərək orada uzun müddət müalicə alıblar.
 
Bir müddət sonra uşağın vəziyyəti yaxşılaşıb və onlar yenidən Naxçıvana qayıdıblar. Lakin xəstənin vəziyyəti təzədən ağırlaşıb və ailə Türkiyəyə dönərək müalicəni davam etdirmək məcburiyyətində qalıb. Ancaq Türkiyədə müalicə və otel məsrəfləri ailəni maddi cəhətdən çətin vəziyyətə qoyub və həm xəstəxanaya və qaldıqları otelə borcları yarandığından, həm də geriyə dönməyə pulları olmadığından köməksiz qalan ailə mətbuat vasitəsilə imkanlı şəxslərə yardım üçün müraciət edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook