SON XƏBƏR

Ukraynadan Azərbaycana gətirilən şəkər tozu xərçəng xəstəliyi yaradır? - Rəsmi açıqlama

Sentyabr 28
11:32 2018
Saytımızın ötən sayında Ukraynadan Azərbaycana idxal olunan şəkər tozunun tərkibinin zərərli olması barədə məlumat vermişdik. 
  
Həmin məlumatda qeyd edirdik ki, Ukraynada istehsal olunan şəkər tozu məhsullarından çox istifadə etdikdə tərkibindəki zərərli maddələr insan orqanizmində ürək-damar xəstəliklərinin, agciyər xərçənginin və mədəaltı vəz xəstəliyininin yaranmasına səbəb olur.
 
Ukraynada istehsal olunan şəkər tozunun insanların sağlamlığı üçün bu cür təhlükəli olmasına səbəb isə, bu ölkədə hazırlanan şəkər tozlarının əsasən vaxtilə nüvə qəzası baş vermiş Çernobıl-Jitomir regionunda əkilən şəkər çuğundurlarından hazırlanmasıdır. 
 
Vaxtilə Ukraynanın ən məhsuldar torpaqlarından olan Donetsk-Luqansk regionunda hazırda müharibə getdiyinə görə burada infrastruktur, o cümlədən əkinçilik məhv edilib. 1986-cı ildə Çernobılda baş verən nüvə qəzasından sonra burada əkinçiliyin, xüsusən də şəkər çuğundurunun əkilməsinin qadağan olunmasına baxmayaraq, son illər bəzi işbazlar tərəfindən bu qadağalar pozulub və hələ də radiasiya əlamətlərinin qaldığı bu ərazilərdə şəkər çuğunduru əkini intensivləşib.
 
Məlumata görə artıq bir neçə Avropa dövlətləri Ukraynadan şəkər tozunun idxalına qadağa qoyub. 
 
Qeyd edək ki, ötən il Ukrayna KİV-lərinin yaydığı məlumata görə Azərbaycan Ukraynada 2.8 min ton şəkər tozu idxal edib. 
 
Xatırladaq ki, bir müddət öncə Ukraynadan idxal olunan xörək duzu ilə bağlı da bu cür informasiyalar yayılmışdı. Həmin məlumatlarda Ukraynada istehsal olunan xörək duzlarının tərkibində qarayara xəstəliyinin olduğu deyilirdi.
 
Xəbərə münasibət öyrənmək üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdik. 
 
Qlobal.az-ın elektron poçtuna Agentliyin sədr müavini Balarəhim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:
 
"Ukrayna Respublikasından idxal olunan şəkər tozu ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aidiyyatı üzrə baxılmışdır.
 
Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ilin 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"nın 2.1-ci bəndinə əsasən ölkəyə idxal olunan yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmçinin həmin qaydaların 2.9-cu bəndinə əsasən yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir.
 
Məlumat üçün bildiririk ki, Ukrayna Respublikasından ölkəyə idxal olunan şəkər tozu məhsullarının Agentliyin müvafiq laboratoriyalarında ekspertiza nəticələrinə əsasən hər hansı nöqsan aşkar edilməmişdir".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook