SON XƏBƏR

"Türkün Böyük Siyasi Birliyi sürətlənməlidir"

İyun 13
00:20 2017
Soylu ATALI 
 
Uzun zamanların qaynatdığı qorxulu informasiyalar artıq gerçəklşməyə dayanıb. Verilən bilgilərə görə, Orta Doğu Projesinin əsas hədəflərindən biri olan, Kürdüstan dövlətinin yaranması ilə bağlı referendumun vaxtı elan olunub. Belə demək olar, bu məsələ Orta Doğu Projesinin başlıca hədəfidir. Çünkü gözə alınan bütün planların gerçəkləşməsi bu hədəfə dayanır. Ayrı-ayrı çağlarda, istər yazılı mətbuatda, istər elektron mətbuatda Kürdüstan dövlətinin sınırlarını göstərən xəritə dəfələrlə gündəliyə çıxarılmış, siyasi dünyanı, sanki, psixoloji cəhətdən bununla barışmağa çağırmışlar. Bölgəyə yaxın dövlətlərin mətbuatında, eləcə də Azərbaycan mətbuatında davamlı etirazlar da olmuşdur. Biz də, belə bir hədəfin yaxın gələcəkdə gerçkləşdirilməyə hazırlandığını, ilk yazanlardan, bunu həyata keçirmək üçün uğraşanlara etiraz edənlərdən olmuşuq.
 
Məsələnin gərəkliyini vurğulayanlar, təbliğatını (yazılı olaraq) aparanlar da az olmamışdır. Bu layihənin həyata keçirilməsini kürd toplumunun siyasi, hətta bəşəri haqqı kimi savunanlar, bu toplumun da özünü siyasi idarə etməyə haqqı var deyənlər qıraqdan çox humanist görünürlər. Ancaq bu məntiqi sərgiləyənlər məsələyə biryanlı yanaşırlar. Biz bunu öncələr də vurğulamışıq, kürd toplumuna dövlət qurmağı hədəfləyənlər, bu toplumun siyasi varlığını qorumaq məqsədi güdmürlər. Gedişi izləyən hər kəs bunu aydın görür. Bu dövlətin yaranması ilə ərəb toplumunu, Türkiyəni, İranı parçalayıb gücsüz duruma gətirmək – siyasi gedişi yönətən güclərin birbaşa çıxarlarına hesablanıb. Bunlardan biri də İsrail dövlətidir. Onun, sınırlarını genişləndirmək, yörələndiyi ərəb etkisini aradan qaldırmaq istəyi də bu projedə öz əksini tapmışdır. Hətta balaca bir Ermənistanın da çıxarları, bu dövlətin yaranması ilə, təmin olunur. Belə ki, Türkiyə ilə Azərbaycanın birgə hərəkət eləməsi çox anlamda məhdudldşır. Türkiyənin güney bölgələri hədəflənən kürd dövlətini birbaşa sınırlarına girir. İranın quzeyi (əslində Güney Azərbaycan əraziləri) bu xəritəyə girdiyi üçün Azərbaycan dövlətinin siyasi problemləri olduğundan daha çox genişlənir. Onsuz da, yeni aşamaya keçən Rusiya-Türkiyə münasibətləri Rusiyanın xeyrinə genişlənməkdədir. Bu layihə Türkiyəni təhdid elədikcə, Rusiyanın əli Türkiyənin içinə daha çox uzanacaqdır. Biz dönə-dönə vurğulamışıq, Ərdoğanın İslam siyasəti Türkiyəni qlobal fəlakətlərə sürüməkdədir. Çağında Türk Birliyini deyil, müsəlman birliyini hədəf götürmək dönüklüyün açıq görsənişi idi. İndi Türk Birliyini anlamsız sayanların ayılması gərəkdir. Müsəlman ərəb tarix boyu türkə dönük çıxıb. Bu gün də ərəb dövlətlərinin ixtiyarı Batı güclərinin əlində ola-ola, türklə, Türkiyə ilə hansı birliyi quracaqlar ki, Türkiyə özünü çoxsaylı siyasi basqılardan qoruya bilsin. Ancaq sovetlərin dağıldığı, 25 ildən çox, zamandan bəri Türk Birliyinə çalışılsaydı, tamam başqa mənzərə yarana bilərdi. Türk dövlətləri Türkiyəyə, bir-birinə dönük çıxmazlar. Ərdoğan düşünürdü ki, ərəblər onun ətəyində namaz qılacaqlar, ancaq dediyimiz kimi, tarix boyu ərəblər türkün belində namaz qılıblar.
 
Türk dövlətləri arasında bu günkü birlik o qədər formaldır ki, bunlardan birini təhdid edən siyasi problemə o biri nəinki qarışa bilir, hec münasibət sərgiləyə bilmir. Məsələn, Türkiyə Ermənistanla siyasi, iqtisadi bağlaşmalara getməsə də, Qarabağ məsələsinə yönəlik heç bir siyasi etkisi yoxdur. Rusiya Ermənistanı qoruya bilir (erməni üçün yox, özü üçün ), Türkiyə Azərbaycanı, Azərbaycan üçün yox, heç olmasa özü üçün belə, savuna bilmir. Ya da, Azərbaycan olsun, Türkiyənin içində illərdir qan-qada törədən PKK-nı terror təşkilatı kimi rəsmən tanımır. Hələ mətbuatda yayılan ayrı-ayrı bilgilərə görə, Azərbaycandan bu təşkilata maliyyə yardımları da göstərilmişdir. Bu faktları genişləndirmək, Orta Asiya türk cümhuriyyətlərinin qıraqda qalmalarını da vurğulamaq olar. Məsələ bəs qədər aydındır...
 
Di gəl Türk Birliyini formalaşdıra bilməyən ayrı-ayrı türk dövlətləri, onların özlərini oyuna çəkən güclərlə iş birliyində bulunurlar. Məsələn, Azərbaycan terrorizmə qarşı beynəlxalq konvensiyanın üzvüdür. Ancaq hansı terrorizmlə mücadilə ciddiyə alınır ki? Terror şəbəkələrini kimlər yaradır, kimlər maliyyələşdirir? Şəbəkənin, təşkilatın terrorçu olmasını kim müəyyənləşdirir, bu zaman hansı ölçüyə dayanılır? Necə olur İŞİD-i Rusiya, Amerika qadağan olunmuş terror təşkilatı kimi tanıyır, ancaq PKK-nı, PYD-ni yox? Terror təşkilatının qadağan olunanı, qadağan olunmayanı nə anlam daşıyır? Bütün bu sualların cavabı bilinəndir. İmperiya quran güclər siyasi dünyanı terror təşkilatları ilə idarə edirlər. Hər bir gücün qoruduğu terror təşkilatları vardır. Hər birinin gizli məntiqi də birdir – mənimkinə dəymə, o biri ilə döyüş.
 
Bizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə idarəsi var. Bu idarənin başında korrupsioner və rüşvətxor qruplar da dayanır. Yuxarı eşalonda korrupsiya, rüşvət dövlətə göz açmağa imkan vermir. Aşağı təbəqələrdə isə rüşvət alanlar aradabir cəzalandırılır ki, sübut eləsinlər, rüşvətə qarşı mübarizə aparırlar. Dünyanı yönətən güclərin beynəlxalq oyunları balaca dövlətlərin iç siyasətində özünü belə göstərir. Balaca dövlətlər terror şəbəkəsi yaradıb çölündəki münasibəti tənzimləyə bilmir. Bunu həyata keçirən güclərə tabe olurlar. Ancaq öz içlərində də nizamı qanunlarla deyil, kriminal sistemin əli ilə yoluna qoyurlar. Əslində beynəlxalq terror başqa xalqlara qarşı yönəldiyi halda, kriminal olaylar, başqa sözlə, ölkəiçi terrorlar, onu həyata keçirənin öz xalqına qarşı yönəlir. Azərbaycanda öldürülən bir sıra, siyasət, elm adamlarının hələ də qatilləri üzə çıxarılmayıb. Terror sanki dövlət siyasəti kimi gerçəkləşdirilir.
 
Bəs dünyanı terrorlarla idarə edənlərin içi necə demokratiyadır? Bu demokratiyanın bəşəri nizam, humanizm yaratmasını dilə gətirmək mümkün deyil axı...
Bax beləcə, siyasət dünyanı dağıdır, din də deyir, Qiyamət yaxınlaşır. Bəs insan nə etməlidir – siyasətimi tutsun, dinimi? Biri dağıdır, biri də "son"u elan edir. "Son"u bilmək insana heç nə vəd eləmir axı. Bir bütünün iki üzü – biri dağıdır, o biri çıxılmazlıq elan edir. İnsanlıq isə sona vara bilməz. Deməli, bəşər bu şəbəkənin hər iki üzündən imtina eləməlidir. Yeni Bəşər Halı başlamalıdır!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
 
Atamız Var olsun!
 
Şölə Ayı, 39-cu il.
(iyun, 2017).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook