SON XƏBƏR

Türkiyə NATO ilə birgə tədbirləri dayandırır

Mart 16
11:26 2017
Türkiyə NATO-nun tərəfdaşlarıyla bəzi təlim planlarını və bir neçə sahədə əməkdaşlığı dayandırmağa qərar verib. «Reuters» xəbər agentliyinin diplomatik mənbələrdən aldığı məlumata görə, NATO-nun 2017-ci ildə Avropa Birliyinə (AB) üzv olmayan ölkələrlə əməkdaşlığını nəzərdə tutan proqram bloklanıb, o cümlədən siyasi tədbirlər, təhsil proqramları, layihələr və hərbi təlimlər təxirə salınır.
 
2 MİLYONA YAXIN ELEKTORAT
 
Türk rəsmiləri bu haqda məlumat verməyiblər.
 
Türkiyəni acıqlandıran AB ölkələrindən Almaniya və Hollandiyanın türklərin referendumöncəsi təbliğatına icazə verməməsidir. Aprelin 16-da Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı səsvermə olacaq və Türkiyə liderləri türklərin çox olduğu Avropa ölkələrində də seçki kampaniyası aparmaq istəyirdilər.
Britaniyanın «The Daily Mail» qəzeti Hollandiyada 400 min, Almaniyada isə 1.4 milyon türkün yaşadığını, onların İstanbul, Ankara və İzmirdən sonra ən böyük elektorata sahib olduqlarını vurğulayır.
 
Amma Hollandiya keçən həftə Türkiyənin xarici işlər nazirinin təyyarəsinin enməsinə icazə vermədi, iki başqa türk nazirini də ölkəyə buraxmamaqla Ankaranı qəzəbləndirdi.

HƏDƏF AVSTRİYADIR
 
Ancaq hər biri NATO-ya üzv olduğundan Türkiyə nə Hollandiya, nə də Almaniyayla əməkdaşlığı bloklaya bilər. Adının açıqlanmasını istəməyən NATO rəsmisinin «Reuters»ə bildirdiyinə görə, Türkiyənin hədəfi, yəqin ki, Avstriyadır. Avstriya NATO üzvü deyil, alyansa tərəfdaş ölkədir. Avstriya da türklərin referendumöncəsi tədbirlərinə icazə verməyib. Həm də ötən il Avstriya Avropa Birliyini Türkiyənin quruma daxil edilməsiylə bağlı danışıqları dayandırmağa çağırıb. Səbəb kimi Türkiyədə çevriliş cəhdindən sonra baş verənləri, 10 minlərlə adamın «təmizləmə» əməliyyatlarına qurban getdiyini – ya həbsə atıldığını, ya da işdən qovulduğunu göstərib.
 
«Hazırkı durum və bu durumun tərəfdaşlarla əməkdaşlıq proqramlarına təsiri bizi məyus edir. Türkiyəylə Avstriyanın aralarındakı məsələni tezliklə həll edəcəklərinə ümidliyik». NATO rəsmisi «Reuters»ə müsahibəsində belə deyib.
 
HANSI ÖLKƏLƏRƏ TƏSİRİ VAR
 
Türkiyənin əməkdaşlıq proqramlarını blokladığını Avstriyanın Müdafiə Nazirliyi təsdiqləyib, amma bunun onlara, hələ ki, bir təsiri olmadığını bildirib.
«Reuters» isə Türkiyənin bu addımının 22 NATO tərəfdaşına, o cümlədən İsveç, Gürcüstan və Kosovo kimi Əfqanıstana missiya göndərmiş bəzi ölkələrə təsir etdiyini yazır.
 
Daha bir NATO rəsmisi problemin siyasi xarakter daşıdığını, Türkiyədə referendum keçiriləndən, ara sakitləşəndən sonra proqramların bərpa ediləcəyinə inandığını söyləyib.
 
NATO-ya üzv olmayan ölkələr isə Türkiyənin bu addımının əməkdaşlığı əngəllədiyini, alyans müttəfiqləri və tərəfdaşlarının birgə fəaliyyətinə zərbə vurduğunu deyirlər.
 
(azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook