SON XƏBƏR

Türkiyə dövləti dinə, Səud krallığı dünyəviliyə can atınca... - Zahid Orucun yazısı

Yanvar 11
11:25 2018
Soyuq Davos salonlarında "one minut” atəşi ilə dünyanın iqtisadi-siyasi zəka sahiblərinin 2009-cu il zirvəsini kölgədə qoyanda bir çoxları Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Şimon Pereslə toqquşmasını siyasət adamlarının kameralar qarşısında ənənəvi güc nümayişi sayırdılar. Halbuki diplomatik böhrana yol açan və uzun illər iki dövlətin əlaqələrində keçilməz sədlər yaradan "Qəzza paneli” İsveçrənin qarlı-şaxtalı şəhərinə öz-özünə gedib çıxmamışdı. Doğrudur, Fələstin xalqı üzərindən siyasi möhtəkirlik aparan və Yaxın, Orta Şərqin coğrafiyasında aparıcı mövqeyə can atan rəhbərlər hər cür duyğu istismarını özlərinə rəva bilirdilər. Lakin ərəb dünyasında uzun illər krallara, sultan və əmirlərə xas olmayan cəsarət, iradə və hünər nümunəsi yaradan Ərdoğanın hərəkəti onu milyonlarla insanın qəhrəmanına çevirməklə bərabər, islam aləminin müqəddəsliyinə can atan hökmdarların qarşısında üstün mövqeyə çıxardı.

Bəlkə ona görə də Mübarək rejimi devriləndə Misirin gələcək siyasi arxitekturasını hansı dövlətə bənzətmək sualı inqilabi hökumət üçün çətin deyildi. Çünki ortada böyük rəğbətlə qarşılanan və diktaturalardan sonrakı üsul-idarə üçün keçərli olan Türkiyə nümunəsi vardı. Amma uzun illər tiraniyadan əziyyət çəkən "Müsəlman qardaşları” təşkilatı və onun ideoloq rəhbəri Məhəmməd Mursi "yeraltı müxalifət”çiliyə son qoyaraq, zirzəmilərdən iqtidara daşınanda ağlına da gəlməzdi ki, heç bir ilə çatmayan hakimiyyətində yol verdiyi ölümcül səhvlərin sırasında Ankaraya çox boylanması da baş yerlədən birini tutacaq.
 
İhvanların-islamçı müxaliflərin geniş xalq hərəkatının Hüsnü Mübarəki devirməsindən sonra qurduqları siyasi təşkilatın- Hürriyyət və Ədalət Partiyasının AKP modelində təsis edildiyinə də heç bir şübhə yox idi. O zamanlar Ərdoğanın kölgəsində "dərin dövlət” nəzəriyyəsi ilə ona ilham verən və Türkiyənin Qərb siyasəti iflasa uğrayacağı təqdirdə ona alternativ məkanlar hazırlayan Əhməd Davudoğlu belə ərəb qitəsindəki hadisələrin gələcəyini proqnozlaşdıra bilməmişdi.
 
Doğrudur, Məhəmməd Mursi qısa zaman içərisində inqilaba yardım etmiş təşkilat və birlikləri öz hökumətinə yığmağa can atır, ana qanunda apardığı dəyişikliklərlə şəriət qanunlarını deyil, demokratik prinsipləri rəhbər tutduğuna hər kəsi inandırmağa çalışır, hətta Kemp-Devid razılaşmasındakı imzasını qanı ilə ödəmiş Ənvər Sədatın faciəli ölümündən nəticə çıxararaq, son 50 ilin dövlət çevrilişlərini süngüləri ilə qanuniləşdirmiş ordu ilə dil tapmağa nail olurdu.Türkiyə o vaxtlar qaranlıq "Balyoz” əməliyyatının içindəydi, lakin Məhəmməd Mursi ölkəsinin ordusunun baş qərargah rəisi Məhəmməd Tantaviyə hökumətin silahlı qüvvələrin işinə qarışmayacağına, zabit və əsgərləri sorğulamayacağına zəmanət də vermişdi.

Lakin dini dövlət modelini inşa etməyə macal tapmayan "Müsəlman qardaşları” dilində Allah,əlində Quran tutan Türkiyə liderinə bənzəmək üçün ona verilmiş vaxt limitini artıq başa vurmuşdu və Mübarəkin generalı qalxıb onu devirəndə xalq islamçı hökuməti müdafiə etmədi.
 
Ərdoğan Misirdəki çevrilişi nəinki pislədi, eləcə də Mursi və tərəfdarlarının edam olunacağı təqdirdə onlara şəhidlik statusu veriləcəyini bəyan edərək, heç nəyə baxmadan iki ölkə arasında diplomatik əlaqələri durdurmaq haqda hökm çıxardı. Kim bilir, bir vaxtlar katolik dünyasının dini liderləri xaçlı dünyasının mücahidlərinə müqəddəslik statusu verdikləri kimi AKP lideri də hansı çıxarları naminə belə hərəkət edirdi, lakin Sisi komandanlığı altında ordunun siyasətə qarışması Mustafa Kamaldan sonra Türkiyə Cümhuriyyətində formalaşan idarəetmə düzənini dəyişməyə çalışanlar üçün yaxşı nümunə sayıla bilməzdi.
 
Hər halda Ərdoğanın xarici siyasət doktrinində islam faktoruna ağırlıq verməsini onun şəxsi dünyagörüşündə haqq, ədalət, iman anlayışları ilə daha çox bağlayırlar, nəinki oturuşmuş bir dövlətin yüz illər ərzində məhək daşına qoyulmuş qanun və qaydalarla. O üzdən Məhəmməd Mursi dəmir barmaqlıqlar arasından Türkiyədəki 16 iyun çevrilişi cəhdinin uğursuzluğunu müşahidə edərkən Misirdən fərqli olaraq, onun kumirinin ölkəsində qiyamçıların Ərdoğana məğlub olmasını xalqla, dövlətin müqavimət gücü ilə bağlamaqdansa, heç şübhəsiz, göylərdə axtarmağın tərəfindədir. Di gəl, elə olsaydı, din yolunda qıldığı namazlardan, oxuduğu xütbələrdən və axıtdığı göz yaşlarından bir Atlantik okeanı düzələn Fətullah Gülənin gəmisi elə həmin darbə ilə gərək Ankarada taxta əyləşəydi.
 
Yox, müqəddəs kitabla idarəçilik və hakimiyyət mücrüsünü surələrin sehrinə batıraraq, əldə tutmaq hər zaman Allahın yerdə elçisi olmaq anlamına gəldiyindən Türkiyənin dövlət daşının yerindən məqsədli olaraq tərpədildiyini inkar etmək siyasi korluqdur. Rəcəb Tayyib Ərdoğan Qətər əmirini Qərbin qəzəbindən qoruyanda da, Qüdsə sahiblənmək istəyənlərinin qarşısına ən azı 48 dövlətlə çıxanda da milyonlarla müsəlmanın qəlbində əbədi yer tutmağa çağırış edir.

Bir vaxtlar erkən islam intibahının dünyaya yayıldığı dövrdə üç səmavi dinin beşiyi olan Qüdsü səlibçilərin 88 illik işğalından xilas edən böyük Səlahəddin Əyyubi kimi türk lideri də islam ordularının baş komandanı olaraq, dünya fatehliyinə can atır. O, yaxşı bilir ki, Avropa xanədanları TƏK ADAMIN hakimiyyətini qəbul etməyəcək, əvəzində islam ümməti hər manada pravoslavlıq kimi piramidal idarəçilikdən ötrü ölür. Ona görə də İŞİD lideri əslində əksər müsəlman ölkələrində mövcud olan xilafət potensilanının sadəcə silahlı bir formasıdır. Əslində isə Bağdadinin məram və məqsədi onlar üçün müqəddəs ayələr kimi doğmadır, əzizdir.
Əvəzində islam müqəddəsliyinin uyuduğu Səud evində gerçək inqilabi dəyişikliklər baş verir və peyğəmbər torpağındakı yüz illik əsarət rejimi xalq üsyanları və kütlələrin etiraz dalğası ilə deyil, ali rəhbərin iradəsi ilə yeni eraya daxil olur.
 
Qum səhrası üzərində daha möhkəm təməl atmış Əbdülvahabın təlimi ilə krallıq arasındakı saziş 250 ildən sonra taxt-tacın yeni varisi hələ rəsmi vəzifəsinə başlamamış dəyişikliyə uğrayır və beləliklə,”mötədil islam”a keçid hədəfi ilə ənənəvi mühafizəkar dini idarəçilik modelinin sütunlarını laxlatmış olur.
 
İddialı vəliəhd və tacdar Mühəmməd bin Salman ata-babalarının getmək istədikləri, lakin ötən əsrin sonlarına doğru tam imtina etdikləri cəsarətli qərarları qəbul etməkdən çəkinmir.
 
Nə üçün Səud rejimi müasir dünyanın sosial-iqtisadi trendləri ilə ayaqlaşa bilməsin? Nədən dünya müsəlmanlığının qibləgahına çevrilən bir məmləkətdə qadınlar sərt patriarxal hökmlərin tabusu altında inildəsin və qara çarşabların kiçik pəncə(rə)sindən maddi nemətlərin cəmiyyətdəki ədalətsiz bölgüsünün passiv seyrçilərinə çevrilsinər? Niyə silaha və terrora yatırılan milyardlar səudlu gəncin həyatına investisiya kimi qoyulmasın?
 
Əlbəttə, sualları şövqlə davam etdirmək də olar. Lakin şahlığı müasirləşdirmək və onu dünyaya açmaq missiyasına qatlaşan 32 yaşlı bin Salman həbsə atdığı onlarla milyarder şəcərə üzvü və xalqı qarşısında daha qətiyyətli bir obrazda hamını düşündürən sorulara cavab verməyə çalışır.
 
Hər kəsə bəllidir ki, Səudiyyə krallığındakı metamorfoza həm də İran inqilabının nəticəsidir. Bəli, doğru oxudunuz, məhz iki klerikal islam dövlətinin müqəddəs yer uğrunda davası onların hər birisində təsis edilən analoqsuz orta əsr xilafətinin müasir dövrə daşınmış proyeksiyasınban başqa bir şey deyil. Səudlar görəndə ki, İran xalqı ayağa qalxıb monarxiyanı devirdilər və ayətullah Xomeyninin timsalında dünya şiələrinin sığındığı güclü qalaya çevrildilər, onda sünni dünyasının mənafeləri naminə iki müqəddəs məscidi qorumağa qalxdılar və hər cür despotik addıma əl atdılar. Yüzlərlə amansız qadağalar məhz onda meydana çıxdı. Məsələn, Tehran küçələrində əxlaq qoruyucluları kimi Ər-Riyadın da hər yanına Fədakarlığı Təşviq Komitəsinin əli qırmanclı dəstələrini göndərməyə başladılar. Məqsəd ərəb qadınlarının başını və bədənini naməhrəm gözlərdən qorumaq üçün cəza siyasətini sərtləşdirmək idi.

Indi şahzadə Salman "mötədil bir ölkə” vəd edərək, bir vaxtlar bağlanan kinoteatrları hamının üzünə açır, mühafizəkar din adamlarını Alimlər Şurasına seçməkdən imtina edir və bununla da dövlətin yönləndirilməsindəki cahil zehniyyəti kənara atır, eləcə də korrupsiyaya qarşı mübarizə adı altında bütün qan bağları üzərindəki qurulmuş xanədanın məhək daşlarını yerindən oynadır. Qadınlara, nəhayət, sükan tanıyan bir ölkənin islahatçı lideri insanlar arasındakı bərabərlik üçün qətiyyətli bir addım atır və zərif cinsin nümayəndələrini əşya, alət kimi görməkdən xilas yoluna qədəm qoyduğunu dünyaya nümayiş etdirir.
 
Bir çoxları üçün tarixi epoxal hadisələrdir, deyilmi? Türkiyə krallıq olası deyil, Səudiyyə də respublika. Amma məqsədimiz islam və demokratiya arasındakı ənənəvi antoqonizmi qabardıb Türkiyə və Səud dövlətini vahid bir tabloda müqayisə etmək deyil, lakin görünən odur ki, əgər bir ölkədə millətin Osmanlı mirasına qayıdışı adı altında təhsil proqramlarından təkamül nəzəriyyəsini çıxarıb, onu kommunizm və faşizm ideologiyaları ilə bir tuturlarsa, onda qazi Mustafa Kamalın uyuduğu torpaqda çevrildiyinə şübhə etməyin.
 
Məgər, dinin verdiyi hakimiyyətdən imtina edən avropalı siyasətçilər milyonların rəğbətini qazanmağa, taxt-tacda ilahi siyasət yürütməyə və bəndələrə xidmət etməyə başqa vasitə tapmırlar? Yoxsa,Darvini "kafir” sayanlar sabah gedib qiymətli cisimlərində bir orqanı əvəzləyəndə-transplantasiya etdirəndə, onlara göylərin qəzəbi tutmayacağına əmindirlər?
 
Ölkəni məsciddən və camedən idarə etmək olmaz, ağalar və əfəndilər!
 
Tanrını yerin hakimiyyətinə şərik edərkən, özünüzün Allahlıq iddianızı daha çox qabartmış olursunuz!
 
Türkiyə dövləti dünyəvi şəkli ilə daha imanlı və daha güclüdür!
 
P.S: Öz ölüm xəbərini təkzib etməli olmuş Mark Tven deyirdi ki, kim dilində daha çox Allah deyirsə, ondan pul kisənizi daha çox qoruyun!
 
Zahid Oruc, Milli Məclisin üzvü



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook