SON XƏBƏR

Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək

Yanvar 23
00:55 2020
Azərbaycanda bu il ərzində turizm bazarının normallaşdırılması və standartlara cavab verən turizm xidmətlərinin göstərilməsi üçün bir neçə müsbət addımın atılacağı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib. Onun sözlərinə görə, son illər ərzində ölkədə turizm şirkətlərinin sayının artması turizmin inkişafı baxımından müsbət hal hesab olunur. Amma digər tərəfdən bu artım keyfiyyətə mənfi təsir göstərir. Çünki qısa müddətdə yaradılan, heç bir standartlara cavab verməyən, düzgün xidmət göstərməyən agentliklər ümumilkdə uzun illər turizm sahəsində çalışan şirkətlərin imicinə birbaşa mənfi təsir göstərirlər. Bu da turistlər tərəfindən turizm şirkətləri haqqında ümumi mənfi rəy formalaşdırır.

R.Hacıyev bildirib ki, digər önəmli məsələ keyfiyyətsiz turizm xidmətlərinin göstərilməsidir ki, bu da Azərbacanın turizm imicinə mənfi təsir göstərir: "Bu problemləri nəzərə alaraq turizm sahəsində olan çatışmazlıqları aradan qaldırmaq üçün ötən ilin iyun ayında ətrafında sırf peşəkarları toplayan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasını yaratdıq. Bu gün qurumun İdarə Heyətinin tərkibində 3 büro və Ekspertlər Şurasından ibarət komissiyalar fəaliyyət göstərir. Həmin büro və komissiyalar assosiasiyanın fəaliyyətinin effektivliyini, aktivliyini təmin etmək üçün yaradılıb. Bu gün artıq assosiasiyamızın Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından seçilən 50 üzvü var. Bu il turizm bazarının normallaşdırılması və standartlara cavab verən turizm xidmətlərinin göstərilməsi üçün bir neçə müsbət addımın atılacağı gözlənilir. Buna misal olaraq, Dövlət Turizm Agentliyi tərəfindən təklif olunan turizm şirkətlərinin reyestrinin aparılması, mülki məsuliyyət sığortasının tətbiqini deyə bilərik”.

R.Hacıyev qeyd edib ki, assosiasiya tərəfindən üzvləri üçün müxtəlif treninqlərin keçirilməsi də nəzərdə tutulub: "Biz turizm subyektlərinin keyfiyyətli və standartlara cavab verən xidmət göstərmələri üçün tövsiyə xarakterli Etik Kodeks də hazırlayaraq içtimaiyyətə təqdim etmişik. Eyni zamanda, bu il "Turizm haqqında” yeni qanunun qüvvəyə minəcəyi gözlənilir ki, bu da fikrimcə, bazarın sağlamlaşdırılmasına xidmət edəcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook