SON XƏBƏR

Trampın ağır vəziyyəti ABŞ vitse-prezidenti Maykl Pensin ambisiyalarını böyüdür

Avqust 01
11:39 2017
Qərb mətbuatı onun prezidentliyə hazırlaşdığını yazır
 
Son günlərdə Qərb mətbuatında ABŞ prezidenti Donald Trampın vəzifədən vaxtndan qabaq gedəcəyi barədə söz-söhbətlər yenidən qızışıb.
 
Qəzetlər artıq Ağ Evin növbəti sahibinin adını da "dəqiqləşdiriblər”. Təbii ki, bu ABŞ konstitusiyasına görə prezidentin təyin olunmuş müddətdən qabaq getməsi halında onun yerinə keçəcək vitse-prezident Maykl Pensdən başqası deyil.
 
"Son zamanlarda vitse-prezident Maykl Pensin Donald Trampı əvəz edəcəyi ilə bağlı ümidlərni artırdığı barədə şayiələr dolaşır”, -Almaniyanın Sueddeutsche Zeitung qəzetinin yazarı Beate Vild yazır.
 
Müəllif Maykl Pensin son vaxtlarda Respublikaçılar partiyasının iri sponsorları ilə tez-tez görüşlər keçirdiyinə diqqət çəkir:
 
"Vitse-prezident ABŞ hərbi-dəniz observatoriyasında yerləşən rezidensiyasında bank menecerləri, sənaye maqnatları, lobbiçilər və müxtəlif mühafizəkar siyasətçilərlə xüsusi görüşlərə qatılır. Bütün hallarda Pensin öz partiya tərəfdaşları ilə kontaktları sıxlaşdırdığı aşkar surətdə görünür”.

Məqalədə Pensin öz siyasi gələcəyi ilə bağlı indidən planlar qurduğu və hətta ilkin addımlar atdığı vurğulanır. Belə ki Donald Trampın FTB direktoru Ceyms Komini qovmasından bir neçə gün vitse-prezident Great America Committee adı altında öz siyasi komitəsini (ABŞ-da PAC adlanır-red.) təsis edib.
Komitə indi əsasən sponsor pullarının yığılması ilə məşğul olur.
 
NBC News-un verdiyi xəbərə görə, bir çoxlarında isə bu addım olduqca böyük təəccüb oyadıb. Çünki vitse-prezidentin öz siyasi təşkilatını yaratması hadisəsinə tarixdə ilk dəfə rast gəlinir.
 
Çünki rəsmi surətdə qəbul olunan qaydaya görə, PAC tərəfindən yığılan pullar 2018-ci il parlament seçkilərində respublikaçı namizədlərin dəstəklənməsinə sərf olunmalıdır.
 
"Lakin əgər 2020-ci ilə qədər Tramp vəzifəsində qala bilməsə və ya böyük ehtimalla ikinci dəfə namizədliyini irəli sürməsə, bu komitə Pensin əməlli-başlı işinə yaraya bilər”- məqalədə qeyd olunur.
 
Müəllif bir çox respublikaçının Maykl Pensin Donald Trampdan daha yaxşı prezident ola biləcəyini düşündüyünü yazıb: 
 
"Hər nə qədər sıx mühafizəkar görünsə belə, bir çox respublikaçı bunu açıq dillə gətirməslər də, Pensi Trampdan daha çox üstün tuturlar”, -Axios xəbər portalı qeyd edir. Saytın proqnozuna əsasən, əgər ABŞ konqresmenləri və senatorları arasında Donald Tramp və Maykl Pens arasında seçim etmək imkanı olsaydı, sonuncu səslərin 90%-dən çoxunu toplayardı.

Qəzet Konqresdə bu cür əhval-ruhiyyənin işin Trampın impiçmentinə qədər sürməsi halında həlledici rol oynaya biləcəyini qeyd edir. Müəllif vaxtilə Bill Klintonun Konqresdəki dəstək sayəsində eyni prosedurdan qaçdığını xatırladaraq, Trampın eyni sevgi və hörmətlə öyünə bilməyəcəyini qeyd edir.
 
Məqalədə Pensin önündə gözardı edilməyəcək bir əngəl olduğu da vurğulanıb. Bu da vitse-prezidentin partiyada olduğu kimi xalq arasında populyar olmaması ilə bağlıdır.
 
Rasmussen Reports-ın keçirdiyi son sorğuya əsasən, Pensin xalq arasında cəmi 26%-lik nüfuza malik olduğu aşkar edilib. Vitse-prezidentin malik olduğu dini etiqada əsasən abort, seksual azlıqların hüquqları ilə bağlı sərt mövqeyi cəmiyyətin əhəmiyyətli bir hissəsini çəkindirir.
 
Lakin Pensin indiki şefi ilə müqayisədə başqa bir üstnlüyü gözə çarpır. Bu da onun yaşı ilə bağlıdır. 2020-ci ildə 74 yaşı tamam olacaq D.Trampdan fərqli olaraq vitse-prezident 61 yaşını qeyd edə bilər.
 
Bu isə prezidentlik üçün ən yaxşı yaş dövrü sayılır”, - Sueddeutsche Zeitung bildirir.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook