SON XƏBƏR

Tornike Ricvadze: Heydər Əliyev XX əsrin görkəmli liderlərindəndir

Dekabr 11
13:40 2018
Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu dekabrın 10-da ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Ricvadze, Ali Sovetinin sədri Davit Qabaidze, nazirlər, Türkiyənin baş konsulu Mekbule Kocak, İranın baş konsulu Ahmad Badpa, SOCAR-Batumi, Kulevi QDT şirkətlərinin rəhbərləri və üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.
 


Baş konsulluqdan bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra, Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, vəfatının 15-ci ildönümündə xatirəsini dərin hörmətlə andığımız, adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdıran Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Sağlığında millətin Ümummilli Lideri adını qazanmış böyük düha sahibi özündən sonra elə bir miras qoyub ki, neçə-neçə nəsillər ondan bəhrələnəcək.
 
Ulu Öndərin təməlini qoyduğu sülh strategiyası, səmimi və mehriban qonşuluq, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq, dostluq siyasəti bu gün onun göstərdiyi yolun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlətimizin başçısının gərgin fəaliyyətində onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Ricvadze çıxışında bildirib ki, Azərbaycan ilə Gürcüstan qonşu, dost və qardaş ölkələrdir.

Hökumət başçısı deyib: "Bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm. Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biridi. Onun həyatı bir daha sübut edir ki, Heydər Əliyev ölkənin tarixində və inkişafında böyük əhəmiyyət kəsb edir. Ölkəyə ağır vaxtlarında başcılıq edərək ona yenidən sülh, iqtisadi və siyası müstəqillik qazandırıb”.

Tornike Ricvadze bildirib ki, hazırda Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilib, eyni zamanda, öz çoxəsirlik ənənələrini qoruyub saxlayıb.

Mərasim əsnasında gürcü dilində xüsusi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film və fotosərgi nümayiş etdirilib.

Tədbirdə baş konsulluq tərəfindən Azərbaycanın milli ləziz mətbəxinin təamları təqdim olunub.


 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook