SON XƏBƏR

Tofiq Bakıxanova “Şərəf” ordeni verildi

Yanvar 26
23:35 2021
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov "Şərəf” ordeni ilə təltif edilib

Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Tofiq Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir.

Tofiq Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1983-cü ildə professor adı alıb. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilib. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının, 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış edib. Haqqında resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılıb, "Tofiq Bakıxanov" adlı televiziya filmi məkilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook