SON XƏBƏR

Texnikom bitirən tibb bacıları işsiz qalacaq?.. (EKSPERT)

Fevral 14
14:43 2020
"Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açması orta ixtisas təhsili müəssisələrində - kolleclərdə tibb bacısı ixtisasının ləğv olunması demək deyil.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov Tibb Universitetində "Tibb bacısı” fakültəsinin açılmasından danışarkən deyib. Onun sözlərinə görə, orta ixtisas təhsilli tibb bacıları bir çox hallarda əmək bazarında tam hazırlıqlı kadr kimi öz yerini tuta bilmir:

"İlk növbədə qeyd edim ki, tibb sahəsində həkimlərə kömək edən, xəstələrə ilkin yardım göstərən şəxslərin müasir peşəkar tələblərə cavab verməsi zəruridir. Amma orta ixtisas təhsili müəssisələrində əmək bazarının tələblərinə və müasir standartlara cavab verəcək tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlar tədris olunmur. Orta ixtisas təhsilli tibb bacıları bir çox hallarda əmək bazarında tam hazırlıqlı kadr kimi öz yerini tuta bilmir. Son illərdə keyfiyyətli tibb təhsili verən Azərbaycan Tibb Universitetində bu ixtisasa yiyələnmək istəyən gənclər olsa da, müvafiq yöndə tədris aparılmırdı. Halbuki gündəlik həyatımızda səhhətimizlə əlaqədar olaraq işini yüksək səviyyədə bilən, xəstələrə keyfiyyətli yardım göstərməyi bacaran tibb bacılarına ehtiyac daha çoxdur. Amma "Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açması heç də orta ixtisas təhsili müəsisələrində - kolleclərdə tibb bacısı ixtisasının ləğv olunması demək deyil. Əksinə, bu addım kolleclərlə ATU arasında daha peşəkar kadr hazırlığının həyata keçirilməsi üçün rəqabət mühiti yaradacaq. Hər iki təhsil müəssisəsi əmək bazarının tələbinə və müasir standartlara cavab verəcək kadr hazırlığı həyata keçirəcəklər ki, gələcəksə abituriyentlər onların təhsil ocağını seçsin”.

Kamran Əsədov qeyd edib ki, tibb bacısı işləmək üçün təhsil məhdudiyyəti nəzərdə tutulmur:

"Bakalavr pilləsində kadr hazırlığının həyata keçirilməsi heç də o demək deyil ki, subbakalavrların işlə təmin olunmasında problemlər olacaq. Bundan sonra daha hazırlıqlı, daha bilikli şəxslər bu ixtisas üzrə işlə təmin olunacaqlar. Digər tərəfdən isə "Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açması kolleclərdə oxuyan subbakalavrların gələcəkdə bakalavr pilləsində müsabiqədən kənar qəbul olmasına imkan yaradacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Tibb Universiteti nəzdində "Tibb bacısı” fakültəsinin açılması haqqında məlumat verilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook