SON XƏBƏR

Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında

Sentyabr 11
16:18 2019
9 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Mehdizadə Samir Ramiz oğlunun cavabdehlər - "Təhsil Şurası" İctimai Birliyinə, Əli-zadə Hikmət Abdul oğluna, Əsgərov Şaiq Əhəd oğluna, Axundova Sevda Hidayət qızına və üçüncü şəxsə - Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı "Ümumi Yığıncağın 16.02.2019-cu il tarixli protokolunun və yekun qərarının etibarsız hesab edilməsinə dair" iddiasına baxış keçirilib.

Məlumat üçün qeyd edək ki, təməli 21 il öncə - 1998-ci ildə, Azərbaycan Müəllimlərinin 11-ci qurultayında qoyulan "Təhsil Şurası" İctimai Birliyi (TŞ İB )  Heydər Əliyevin tövsiyə və təşəbbüsü ilə yaradılıb. Birlik 25.05.2001-ci ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Onu da qeyd edək ki, iddiada adı keçən cavabdehlər - Əli-zadə Hikmət Abdul oğlu TŞ-nin yeni sədri, Əsgərov Şaiq Əhəd oğlu TŞ sədrinin müavini, Axundova Sevda Hidayət qızı isə TŞ-nin yeni katibidir. 

İddia ərizəsindən göründüyü kimi, iddiaçı Mehdizadə Samir Ramiz oğlu sədrin, sədr müavinlərinin, katibin, ümumiyyətlə, Ümumi Yığıncağın saxta olduğunu, yığıncaqda iştirak edən şəxslərin çoxunun TŞ üzvü olmadığını və nəticələrin ləğv olunmasını tələb edir. 

Məhkəmə iclasında hakim Mədinə Bağırova cavabdehlərdən biri - "Təhsil Şurası" İB-nin nümayəndəsinin nə üçün məhkəmədə iştirak etmədiyini soruşsa da, cavab tapılmayıb. Məhkəmə prosesində Təhsil Şurası ilə bağlı hakimin, Samir Mehdizadənin və onun vəkilinin suallarına kimsə cavab verə bilməyib. Ona görə də hakim Mədinə Bağırova növbəti iclasda Təhsil Şurasının nümayəndəsinin iştirak etməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

İclasın gedişində növbəti cavabdeh - TŞ-nin katibi Sevda Axundovanın iclasda üzrsüz səbəbdən iştirak etmədiyi məlum olub. Hakim Sevda Axundovanın telefon nömrəsini digər cavabdehlərdən - TŞ-nin sədrindən, TŞ sədrinin müavinindən soruşsa da, hər iki şəxs Sevda Axundovanın telefon nömrəsini bilmədiklərini deyiblər. Hakim təəccüblə "Siz sədr, müavin, həmin xanım isə TŞ-nin katibidir, siz onun telefon nömrəsini necə bilmirsiniz?" soruşanda, TŞ-nin sədr müavini Şaiq Əsgərov "Mən onun sifətini iclasda bircə dəfə görmüşəm, hardan bilim nömrəsini?" cavabını verib.

Hakim TŞ-nin sədri Hikmət Əlizadəyə eyni sualı ünvanlayıb. Sədr də katibin telefon nömrəsini bilmədiyini deyib. Təkcə bu epizod onu göstərir ki, TŞ-nin sonuncu "qurultay"ı, yəni Ümumi Yığıncağı gurultulu, yəni "basməmmədi” şəraitində keçib. Yəni heç kim bir-birini tanımır. 

Məhkəmənin gedişində TŞ-nin sədr müavini Şaiq Əsgərov bildirib ki, "Ümumi Yığıncağın nümayəndələrini yığa bilmirdik. Ona görə də biz Təhsil Nazirliyinə çıxdıq ki, rayondakı nümayəndələrə ezamiyyət verin, onlar yığıncaqda iştirak etsin". Bu məsələ də ciddi şəkildə araşdırılmalıdır. 

16.02.2019-cu il tarixli qanunsuz iclasın təşkilatçılarının Şuranın qanuni üzvləri ilə əlaqələrinin olmaması, üzvləri tanımamaları onların Şurada formal olaraq təmsil olunduqlarının sübut edir. Məhkəmənin gedişatında iddiaçı Samir Mehdizadənin və onun vəkilinin suallarına ancaq sədr müavini Şaiq Əsgərov nağılvari cavablar verib, konkret heç bir sənəd və sübut ortaya qoya bilməyib. Hakimin hər sualına "Bizə vaxt verin..." deməklə kifayətlənib. TŞ sədri isə ağzına su almış kimi bütün iclas boyu ancaq "düşünürüb". 

Məhkəmə prosesinin gedişində hiss olunub ki, sədri və müavini TŞ-nin Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Arif İbrahimov idarə edir. Bir sözlə, məhkəmə prosesində açıq-aydın hiss olunub ki, qarşı tərəf, yəni cavabdehlər saxta yolla keçirdikləri tədbirin məsuliyyətini, saxta sənədlərlə dövlət qurumlarını aldatdıqlarını hiss etməyə başlayıblar. Ona görə də TŞ-nin sədri səsini çıxartmır, TŞ-nin xanım katibi iclasa gəlib biabır olmaq istəmir. TŞ-nin sədr müavini, Dövlət İqtisad Universitetinin prorektoru olan Şaiq Əsgərov isə məhkəmədə açıq şəkildə deyib ki, "Mən sədr müavini olmaq istəmirəm.  Burda bir qəpik pul yox, para yox, maliyyə yox və s".

Əlbəttə, son sözü məhkəmə deyəcək. Amma nəticədən asılı olmayaraq, bu məsələ əsl komediya mövzusudur. 
 
Mənbə: nuh.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook