SON XƏBƏR

Təhsil Şöbəsinin müdirinin əməlləri: saxta diplom, şantaj və müəllimlərin adına kredit

Aprel 09
00:09 2018
Saatlı Rayon Təhsil Şöbəsinin sabiq rəhbərinin həbsi və cinayət əməlləri barədə təfərrüatlar məlum olub. Sabiq şöbə müdirinin adı bir neçə qalmaqallı işdə keçir. Onun özü dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək həbs edilib.
 
Musavat.com xəbər verir ki, Şamil Nurəliyev uzun illər Saatlı Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Amma onun bu illər ərzində fəaliyyəti heç də şəffaf olmayıb. Nurəliyev saxta diplomlu şəxsləri rayon məktəblərinə işə qəbul etməkdə, rüşvət qarşılığında işə müəllim götürməkdə, rüşvət qarşılığında məktəblərə direktor təyin etməkdə və müəllimlərin adına kredit götürməkdə ittiham edilib. Onun barəsində edilən çoxsaylı şikayətlər Təhsil Nazirliyində araşdırılıb. Məlum olub ki, Şamil Nurəliyev həqiqətən də qeyd edilən əməlləri törədib.
 
Nurəliyev vəzifədən azad edildikdən sonra onun barəsində cinayət işi açılıb. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən Şamil Nurəliyev barəsində hökm də çıxarılıb. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Yuxarıda qeyd etdik ki, Ş.Nurəliyev saxta diplomlu şəxsləri orta məkətblərə müəllim kimi qəbul etməkdən də çəkinməyib. "Saxta diplom işi” ilə bağlı "Yeni Müsavat” qəzetində bir neçə yaz dərc etmişdik. Həmin yazılarda Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun adı keçirdi. R.Məmmədov direktor olduğu dövrdə 7 minə yaxın şəxsə saxta diplomlar satmaqda ittiham edilirdi. Onun barəsində də cinayət işi açılmışdı. Amma R.Məmmədov şərti cəza alaraq canını həbsdən qurtara bilib. Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.
 
Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib.
 
Şamil Nurəliyevin əməlləri araşdırılarkən məlum olub ki, onun işə götürdüyü saxta diplomlu şəxslər həmin diplomları Ramiz Məmmədovdan alıblarmış. Təhsil Nazirliyinin araşdırmalarında sonra Saatlı rayonunda 20 nəfər saxta diplomlu müəllim işdən kənarlaşdırılıb. Bu işdə Şamil Nurəliyevi günahkar edən məqam isə budur ki, o, diplomların saxta olduğunu bildiyi halda rüşvət qarşılığında ayrı-ayrı şəxsləri işə götürüb.
 
Şamil Nurəliyevin adı indi başqa bir qalmaqallı işdə də çəkilir. O, bu dəfə zərərçəkmişdir. Belə ki, o, "reket” jurnalistlərin əməllərinin qurbanı kimi tanınıb.
 
Bildirək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redatoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal 107" qəzetinin baş redaktoru Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. Onlar ayrı-ayrı şəxsləri şantaj etməkdə ittiham edilirlər.
 
Sonuncu məhkəmə iclasına hazırda həbsdə olan Şamil Nurəliyev də gətirilib. O, məhkəmədə zərərçəkmiş kimi ifadə verərkən söyləyib ki, "Kriminal 107" qəzetinin baş redaktoru Marif Abbasovu tanıyır.
 
O, qeyd edib ki, Maarif Abbasov onun yanına Nailə adlı xanımı göndərib və rəhbərlik etdiyi şöbədən reportaj hazırlamağı deyib: "Nailə xanım təhsil şöbəsinə gəldi. Mən birinci dedim ki, ancaq dövlət qəzetində məlumat dərc edilməsini istəyirəm. Amma sonra razılaşdım. Dedim, məlumatları dəqiqləşdirim, gələrsiz. Bir gün həmin xanım şöbəyə gəldi. Mən də yol pulu olmadığı üçün 50 manat verdim ki, getsin".
 
Ş.Nurəliyev daha sonra Çingiz adlı şəxs vasitəsi ilə şantaj edildiyini və bu işə də Maarif Abbasovun təşkilatçılıq etdiyini deyib: "Nailə adlı xanımı mənim yanıma göndərdilər. Guya mən həmin xanımla bir yerdə olmuşam. Sonra məni şantaj etməyə başladılar. Ümumilikdə 13 min manat vermişəm. Maarif mənim qohumum idi. Özü də guya məni müdafiə edirdi. Elə mənə toru quran bu imiş. Gecə-gündüz zəng edirdilər. Evimə, özümə zəng edirdilər. Mənə deyirdi ki, evimə, nazirliyə məlumat verəcək".
 
Zərərçəkmiş təqsirləndirilən şəxslər barədə cəzanı məhkəmənin səlahiyyətinə buraxdığını deyib.
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook