SON XƏBƏR

Tehranın Qarabağa görə İsrail təlaşı, Şuşada qazıntı aparan İran mütəxəssisləri...

İyun 29
06:09 2017
"İran İsrailin Qarabağ konfliktinin nizamlanmasında hər hansı şəkildə iştirakının qəti əleyhinədir”.
 
Musavat.com "Mehr.News” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Əli Laricani bildirib. Onun sözlərinə görə, Təl-Əvivin Qarabağ münaqişəsinin həllində iştirakı neqativ nəticələr doğuracaq.
 
İran parlamentinin sədri bu sözləri Seulda, Avrasiya ölkələri parlament spikerlərinin hər il keçirilən toplantısı çərçivəsində Ermənistan parlamentinin spikeri Ara Babloyanla görüşdə söyləyib. Laricani Dağlıq Qarabağ mövzusunda onu da bildirib ki, Azərbaycanla Ermənistan arasında problem xaricdən müdaxilə olmadan yoluna qoyulmalıdır. O, həmçinin, İranın energetika, tranzit və nəqliyyat sahələrində Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu da bəyan edib.
Cənab Ə.Laricani digər İran rəsmiləri kimi, bu qəbildən fikir və açıqlamalarda əlbəttə ki, axıradək səmimi deyil. Ondan başlayaq ki, Dağlıq Qarabağ ixtilafının bu günədək həll olunmamış qalmasının əsas səbəbi məhz xarici müdaxilə ilə bağlıdır. Özü də söhbət təkcə Rusiyadan yox, eyni zamanda işğalçı Ermənistanı daim Azərbaycana qarşı ayaqda saxlamağa çalışan cənub qonşumuz İrandan gedir.
 
Gerçək belədir ki, qardaş Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və həqiqi mənada müsəlman həmrəyliyini əziz tutan digər islam dövlətlərinin heç biri Ermənistanla siyasi-diplomatik, iqtisadi əlaqələr qurmadığı halda, müsəlman qonşumuz İran illərdir təcavüzkara qucaq açır. Məhz bu fakt daha çox diqqət çəkməyə və narahatlıq doğurmaya bilməz, nəinki İsrailin münaqişənin həllində virtual və mifik iştirakı.
 
Hərçənd, İsrailin Dağlıq Qarabağ konfliktində iştirakı olsa-olsa, Azərbaycanın hərbi gücünü artırmağa və ordusuna köməkdən başqa bir şey deyil. İran isə əksinə, müsəlman qardaşlığı əleyhinə işğalçı Ermənistanı on illərdir gücləndirməklə məşğuldur. İlk baxışda paradoksdur, deyilmi?
 
Yeri gəlmişkən, Türkiyə, Pakistan bir yana, hətta heç İsrailin də prezidenti, baş naziri və ya başqa yüksək çinli rəsmi şəxsi indiyədək Ermənistana səfər eləməyib. İran prezidenti Həsən Ruhani isə ötən ilin dekabrında İrəvana nümayişkaranə şəkildə səfərə gedib, iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması yönündə təşəbbüslər göstərib. Ermənistan rəsmiləri isə İranı "su yolu”na döndəriblər.
 
Halbuki, çoxdan bu da daşlamış bir həqiqətdir ki, İran da Türkiyə, Pakistan, digər müsəlman dövlətləri kimi Ermənistanla işğalçı kimi davransaydı, öz sərhədlərini müsəlman torpaqlarını işğal edən təcavüzkara qarşı qapalı saxlasaydı, Qarabağ münaqişəsi bunca uzanmazdı. Tehran isə nəinki Ermənistanla, belə görünür ki, Dağlıq Qarabağdakı separatçı rejimlə də əlaqələri davam etdirir. Bu da təzə fakt.
 
Musavat.com-un novostink.ru erməni qaynağına istinadən verdiyi məlumata görə, işğal altındakı Şuşada qədim "Gövhər Ağa” məscidi ərazisində "rekonstruksiya” ("yenidən bərpa”) adı altında iranlı mütəxəssislərin birgə iştirakı ilə qanunsuz işlər bu gün də davam etdirilir. 2018-ci ilədək davam etdirilməsi nəzərdə tutulan bu qanunsuz fəaliyyət nəticəsində guya məscid yenidən qurulacaq.
 
"Hazırda məscid ərazisində inşa işlərinə başlanıb. Buna qədər isə geoloji və geodezik tədqiqatlar başa çatıb, arxeoloji qazıntılar həyata keçirilib, layihə işləri yekunlaşıb”, - deyə proqramın rəhbəri Suren Əmirnekyan deyib. Onun sözlərinə görə, "yenidənqurma” işlərinə İranın "Part Sarman Jahan” şirkəti və İrandan olan mütəxəssislər də cəlb olunub.
 
Bu arada ötən ay rusiyalı qatı millətçi və antitürkçü Eduard Limonovun Qarabağa qanunsuz səfərdən sonra yazdığı təəssüratlarda işğal altındakı Azərbaycan ərazilərində İran TIR-larının şütüdüyünü qeyd eləməsini də yada salmaq yerinə düşər. Hərgah, İranın Ali dini liderinin ofisindən bu yaxınlarda bir daha bəyan edildi ki, "Dağlıq Qarabağ müsəlman torpağıdır və oradakı rejimlə hər hansı əlaqə qurmaq günah və cinayətdir”.
 
İndi biz nəyə inanaq, quru sözlərə və bəyanatlara, yoxsa əmələ? Görəsən, Qarabağdakı separatçı rejimlə qanunsuz işbirliyində olan İran şirkəti və iranlı mütəxəssislər cəzalanacaqmı?



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook