SON XƏBƏR

Tarix diversantları

Dekabr 14
17:53 2016
Tarix ideologiyadır, ideoloji konstruksiya faktorudur. Bu üzdən də dünyada tarixlə bağlı dartışmalar gedib, gedir, gedəcək. Hər bir xalq öz tarixini yalnız özü üçün deyil, eləcə də başqaları üçün yazır. Özü üçün yazır özünü öyrətmək, öyrətdiyinin üzərində yüksəlmək üçün. Başqaları üçün yazır başqalarına öz tarixini öyrətmək, bir də özünə başqalarının qarşısında üstünlük qazandırmaq üçün. Sonuncu daha çox ermənilərə özgü olan görsənişdir: ortada gerçək bir erməni tarixi olmadığından, üstəlik, yeri-yurdu olmayan "Böyük Erməınistan” epidemiyasına yoluqduqlarından ermənilər özlərinə içi yalanla doliu uydurma tarixlər düzəldirlər. Ermənilərlə qan qohumluğu olduğunu deyən farslar da özlərinə uydurma tarix düzəltmək baxımından ermənilərdən geri qalmır.
 
Bəlkə də, bu dünyada uydurmasız bir tarix varsa, o da bizim tariximiz – Türk tarixidir. "Türklər tarix yaratdılar, ancaq onu yazmadılar”, deyən fransız tarixçisi bunula yalnız faktı göstərmiş olmur, eləcə də Türk xarakterinə özgü olan bir görsənişi göstərmiş olur: coşqun, dəliqanlı, qorxubilməz, alplıq-igidlik-qoçaqlıq anlayışlarını gündəlik yaşam düzgüsü olaraq qavrayan Türklər gərəkən çağda, gərəkən yerdə, gərəkdiyi kimi işlərini görüb bitirib başqa gərəkənin ardınca qoşurdular.Dünyanın yalnız bir ucu, bir bölgəsi deyil, bütün Yer üzü Türk üçün döyüş-yürüş meydanı idi. Dünyanın bu başından o başına yüzillər boyunca hər gün tarix yaradana oturub tarix yazmaq gərəksiz görünür, ar gəlirdi.
 
Xəlil Rza Ulutürk Türkün coğrafiya tarixini – tarix coğrafiyasını alışıb-yanan söz işığında necə də gözəl göstərir:
 
Biz Türkləriz, Vətənimiz
Başdan-başa Yer kürəsi.
Bayrağımız al Günəşdir,
Çadırımız göy qübbəsi!
 
Bizə bəlli olanı beş materik – Asiya, Avropa, Afrika, Amerika Türkün oylağı idi. Yer üzünün hayanında köç salmasından, yurd tutmasından asılı olmayaraq Türklər hər yerdə hamısı üçün anlaşıqlı olan bir dildə - dünyanın ANA DİLİ olan Türk dilində danışırdılar. Dil uzaşmaları, bir-birini anlama çətinliyi sonrakı bölünmə-parçalanmalar, bir-birindən aralanmalar, uzaqlaşmalar sonucunda ortaya çıxdı.Qabaqca bir uruğu-bir ocağı oluşduranlar sonralar Oğuz, Qıpçaq, Qarluq deyə üç qrupa bölündü. Sonrakı dönəmdə, başqa cür desək, sonrakı bölünüb-parçalanma axarında ortaya uyğur, qazax, qırğız, özbək, türkmən, tatar, Azərbaycan tatarları-azərbaycanlılar kimi anlayışlar çıxdı, çıxarıldı.
 
Biz indi, 21-ci yüzildə, xalqalrın özünü yenidən qavraması, yenidən anlayıb dəyərləndirməsi dönəmini yaşayırıq. Soy-kök axtarışları, indiyədək yazılmış tarixini yenidən yazmaq – fundamental olaraq yazmaq, özünün fundamental tarixi konstruksiyası ilə gələcəyə addımlamaq istəyi bir sıra başqaları kimi Türklər üçün də aktuallıq qazanıb. Özünün böyük Türk tarixini yazmaq – fundamental olaraq yazmaq, fundamental tarix konstruksiyasını ortaya qoymaq çağdaş Türklüyün ən önəmli, vazkeçilməız görəvlərindən biri, birincisidir. Böyük Türk tarixinin, böyük Türk varlığının ayrılmaz parçası olan Azərbaycan Türkləri minillikləri aşan sosial-politik, intellektual yetkinlikləri baxımından sözügedən görəvin başlıca yükümlülərindəndir.
 
Tarixin doğru-düzgün, gərəkdiyi kimi yazılması böyük dövlət işidir. Ancaq adına dövlət dediyimizin özü Cavidin dediyi kimi "idrakı sönük” başçıların əlində oyuncaq olmaya. Belədə doğru-düzgün, xalqa gərəkən, ölkəni uğurlu gələcəyə yönəldən tarix çətin yazılar. Sözügedən fundamental konstruksiya doğuracaq tarixin yazılması üçün başlıca faktorlardan biri, ola bilsin, birincisi ölkədə doğru-düzgün ulusal (milli) eyitim (təhsil) sisteminin olmasıdır.Belə bir sistemin olmadığı yerdə tarixin gərəyincə - dərindən-dərinə, sistemli - öyrənilməsindən danışmaq çətin olduğu kimi, uyğun yazılışdan – uyğyn tarix yaradıcılığından danışmaq da çətin olasıdır.
 
Dövlətin yetərli tarix siyasəti olmadığından bu gün bizdə tarix kimsəyə gərək olmayan bilim alanlarından birinə çevrilib. Görünür elə bu üzdən də tariximiz içdən-dışdan çeşidli saldırılara uğramaqdadır. İçdən-dışdan tariximizi yenməklə bizi yenməyə çalışanlar var. Dışdan bu işi yönətən dövlətlər var. Bilərəkdənmi-bilməyərəkdənmi içimizdən-özümüzdən də "düşmən dəyirmanına su tökənlər” az deyil. İçdə-dışda tariximizlə bağlı gizli-açıq pozuculuq işləri aparılır. Bunlar ideoloji pozuculuq kateqoriyasından olan işlərdir. İdeoloji pozuculuq sonucda qaçılmaz olaraq toplumu qarşıdurmalara aparıb çıxarır.
 
Kimlərsə çeşidli damğalarla tariximizdəki hansısa ünlüləri çıxarıb atmağa çalışırlar. Hərə öz bilik boxçasından, öz dəyərlərindən-dəyərləndirmələrindən çıxış etməklə tarix yaradıcılığına girişir, bizə özünün öyrəndiyi, öyrədildiyi kimi tarix yaratmaq istəyində bulunur. Son illər belələrindən ən aktiv olanı Avropada yaşayan, özünü Güntay Gəncalp adlandıran birisidir. İndiyədək tariximizlə bağlı bir sıra pozucu çıxışları ilə tanınan, görünür, hansısa siyasi sıfarişlə yaxşı reklam olunan bu adam indi ortaya yeni bir pozici qonu atıb: ölkəmizin adı dəyişdirilməlidir. Bir çoxları da bilərəkdən-bilməyərəkdən ona arxa durmağa girişib.
 
Adam "Azərbaycan” sözündən vaz keçməyə çağırışda bulunur. Ölkənin çoxsaylı sorunları ilə bağlı illərlə Feysbukda görünməyən, görünsə də izləyici funksiyası daşıyan  bir çoxları komanda almış kimi Feysbuka doluşaraq ona arxa durmağa çalışırlar. Neçəsi də Avropada yaşayandı. İllərlə Avropada sosial-siyasi ağrılarıyla Azərbaycan adını dilə gətirməyən bu adamlar, eləcə də Azərbaycanda yaşayan, ancaq "az aşım, ağrımaz başım” prinsipiylə baş girləyən biriləri birdən-birə görünməmiş "patriotizm” sərgiləyirlər: Karfagen dağıdılmalıdır!
 
Özünü Güntay Gəncalp adlandıran Mənuçöhr yazır: "Azərbaycan sözü fars milliyətçiliyinin xatirəsi dışında heç bir dəyər ifadə etməməkdədir. "Azərbaycan” adı altında türk birliyi inşa etmək olanaqsız. Nə zaman İrani kimlik təhlükəyə girmişsə, fars milliyətçiliyinin və İrani kimliyin qurtarıcısı Azərbaycan olmuşdur. Özəlliklə son 100 ildə fars milliyətçiliyinin öncül qalası Azərbaycan olmuş, irançı, millətçi faşist ideolojilər Aazərbaycanda biçimlənmişdir. Bir sözlə, İrani kimliyin altküməsi olan Azərbaycan irqçi fars milliyyətçiliyinin son ümid yeri olmuşdur. Bu üzdən Azərbaycan sözünü literatürdən tədricən silərək İranın quzeyində bitişik şəkildə yaşayan türk bölgələrinə "Türkeli” adını yerləşdirib yayğınlaşdırmağa başlamaq gərəkir. Şimdiki şiə İran cümhuriyyətinin bilincində olmadan türklərə etdiyi ən önəmli xidmət Azərbaycan sözünü bəzi bölgələrin üzərindən silmək olmuşdur. Ölkə adı, çocuq adı və bütün isimlər türkcələşdirilməlidir. Bu intellektual mücadiləyə ömürlər adanmalıdır”.
 
Azərbaycan sözü bu adam üçün yalnız "fars milliyətçiliyi xatirələrindən” başqa bir dəyər daşımır. Elə bu üzdən də o, "Azərbaycan”adı altında türk kimliyi inşa etməyin” (bizim dildə, tikmək) olamaz olduğunu bildirir. Biz indiyədək bilməmişik, sən demə, Azərbaycan” sözünün arxasında fars milliyətçiliyi, irqçiliyi, faşizmi dayanırmış. Sən demə, "son 100 ildə fars milliyətçiliyinin öncül qalası” Azərbaycan olub. "Bu üzdən də Azərbaycan sözü literaturdan” silinməlidir”. Bəlli olduğu kimi, Azərbaycan adı "literatürdən” silinsə, ölkəmiz adsız qalar. Belə isə olmaz – ölkənin adı olmalıdır. Mənuçöhr ölkəmizə yeni ad qoyur: ”Türkeli”. Ancaq, bunun ardınca Mənuçöhr özünün çox tutarlı saydığı tutarqalarını tutarsız duruma gətirən bir fakta toxunur: "Şimdiki şiə İranı cümhuriyətinin bilincində olmadan türklərə etdiyi ən önəmli xidmət Azərbaycan sözünü bəzi bölgələrin üzərindən silməsi olmuşdur”. Ad silinib, nə dəyişib? 
 
Görəsən, bu addəyişmə ideyası haralardan qaynaqlanır: Moskvadan, İrəvandan, Şirazdan, Ərdoğan Türkiyəsindən, yoxsa Bakının özündən? Görəsən, Azərbaycan sözünə bu antipatiya haralardan qaynaqlanır? Mənuçöhrün bütünlüklə yalançı "Son 100 il” söhbətinə gəlincə, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri devrimləri Azərbaycanda deyil, başqamı ölkədə olub? Bəs son illər Güney Azərbaycanda baş verən Türklük qalxımı necə? Görün Güney Azərbaycandan olan nə çox soydaşımız Türklük-Türkçülük idealları uğrunda İran türmələrində çürüdülür. Güney Azərbaycandan qabaqca Bakıya qaçıb gəlmiş, buradan Avropaya çıxıb getmiş Mənuçöhrün başlıca borcu Avropada Güney Azərbaycan Türklərinin hüquqlarının qorunmasına çalışmaq olardı, ancaq bu adam bütünlüklə başqa yol tutur – Azərbaycan adına bağlı dünənki, bugünkü uğurları, qalxınmaları, çarpışmaları qaralamağa girişir. Hələ "Traxtur” butbol komandasının oyunlarında ortaya çıxan çoxminlik Türkçü görsənişlər –onları necə danmaq olar?! Eləcə də Təbridə, Urmiyada, Güney Azərbaycanın bir çox yerlərində baş verəın qalxımlar – onları necə danmaq olar?! Mənuçöhr çox asanlıqla bütün Güney Azərbaycanın üzərinə qara ləkə çəkir – fars milliyətçiliyinin, fars irqçiliyinin, fars faşizminin başlıca dayağı kimi! Görünür, kuklaoynadanlara Azərbaycanı belə tanıtmaq gərəkir.
 
Yazının başlanğıcında "Azərbaycan”  sözünü farsa bağlayan Mənuçöhr az sonra öz özünü danır - fars rejiminin bu sözə açıq düşmənçiliyini göstərməklə!
 
Yalançının yaddaşı olmaz, deyirlər. On sətirlik yazının başlanğıcında farsın "Azərbaycan” sözünə sevgisi, sonunda düşmənçiliyi göstərilir. Bu gün fars molla rejiminin Güney Azərbaycanda etdiklərini – Azərbaycan Türklərinin etnik adını danmağı, Azərbaycan adının unutdurulması siyasətlərini – bir çağlar çar Rusiyası da yürüdürdü. Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin Rəsulzadə Rusiya imperiyasından ayrılmanın başlıca qazanclarından biri olaraq yazırdı: "Azərbaycan adı qazanılmış bir davadır”. İndi Avropada yaşayan bir dönük qalxıb ölkəmizin adını dəyişməyə çağırır, biriləri də ona züy tuturlar. İllərdən bəri ideoloji pozuculuq yolu tutaraq Azərbaycan-Türk tarixini o başdan bu başa çıxdaş etməyə çalışan birisinə başqa nə ad vermək olar?!Belə adlandırma birilərinin ürəyinə yatmır, məni "qürbətdə yaşayan soydaşımızla" "etikalı" davranışa çağırırlar. Mən kimə nə dediyimi gözəl bilirəm. Bir daha vurğulayıram: o adam uzun illərdir tariximizlə bağlı açıq pozuculuq işi aparır. Beləsiylə polemikaya girməyə dəyərmi?! Bu adam açıq diversantdır - tarix diversantı!
 
Varşavada yaşayan birisi Güney Azərbaycandakı 30-40 milyon soydaşımızı özlərinə Türk dedikləri üçün "NADAN, RƏZİL” adlandırır, tariximizlə bağlı yalanlar uydurur, Mənuçöhr başda olmaqla,  başqaları susur. Özü də özlərini "türk”adlandıra-adlandıra susurlar...
 
Bir daha demək gərəkir:Rusiya imperiyası çar dönəmində etdiyi kimi, fars İranı 1925-ci il ingilis çevrilişindən üzü bəri nə yolla olur olsun AZƏRBAYCAN adını unutdurmaq istəyir. İndi özünüz görün biz içdən-dışdan necə iyrənc yağılarla üzləşmişik - varlığımızı danmağa çalışanlarla!
Mənuçöhrün yazısına komentlərdən birində deyilir: "Azərbaycan sözü ümumiyyətlə bizim dilin sözü deyil, dilə də yatmır”. Bilin: "Azərbaycan” sözü yalnız bizdən olmayanların dilinə yatmaya bilər: erməninin, farsın, bir sözlə, başqalarının. Nədən? Bütünlüklə doğma dilimiz-sözümüz olduğundan! Bizə bəlli olanı, bu sözün yaşı min ili aşır. Ərəb coğrafiyaçıları, tarixçiləri bu sözü öz dillərinə uyğun olaraq "Adərbedaqan” kimi işlədiblər. Sözün çağdaş bölgüsü belədir: Az-ər-bay-qan/can. Azlar Türk olublar, ər/ar sözü də bəllidir, bay/bəy də, qan/can da.
 
Azərbaycanın sonradan "türkləşməsi” ilə bağlı deyilənlər isə bütünlüklə yalandır. Türklər başqalarını asimilyasiya edən olsaydılar, İranda min il ağalıq etdikləri çağlarda farsları asimliyasıiya edər- türkləşdirərdilər. Azərbaycan min illər qabaqdan TURLAR ÖLKƏSİ adlanıbsa, onun 11-ci yüzildən sonra "türkləşməsi” yağı yalanından savayı nə ola bilər?! 
 
 
Xalıq Bahadır
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook