SON XƏBƏR

Taleh Ziyadov Taleh Heydərovdan belə yararlanır... - Bakı Beynəlxalq Dəniz Limanında nə baş verir?

Oktyabr 26
12:14 2016
Son günlər mediada Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verənlər çılpaqlığı ilə gündəmə gətirilir.

Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun və kadrlarının korrupsiya fəaliyyəti, iş adamlarının incidilməsi faktları böyük ajiotaja səbəb olub. Xüsusi ilə Ticarət Limanının Həmkarlar İttifaqının sədri Amid Əliyevin "qoçu" kimi özbaşınalıqlar etməsi hallarının ictimailəşməsi Taleh Ziyadovu bərk qəzəbləndirib. 

Mediada yazılan xəbərlərdə deyilir:  "Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanındakı korrupsiya hallarının mediayaya sızdıran şəxsin kimliyini müəyyənləşdirməyə çalışır. Bu məqsədlə əvvəllər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq işləyən Məftun Abbasov və Həmkarlar İttifaqının sədri Amid Əliyev bütün otaqları gəzərək işçiləri təhdid edib. Onlar redaksiymıza daxil olan sənədlərin kim tərəfindən ötürüldüyünü soruşub və hər kəsi təhdid edərək bildiriblər ki, həmin şəxsi tapıb cəzalandıracaqlar. Məftun Abbasov hətta mənbəni taparaq həbs etdirəcəyini bildirib. 

Axşam saatlarında isə baş direktor Taleh Ziyadov bütün xidmət rəhbərlərini otağa toplayaraq onlardan mənbənin tapılmasını əsəbi bir şəkildə tələb edib. Əks təqdirdə baş direktor köhnədən qalan bütün xidmət rəhbərlərini ağır şəkildə cəzalandıracağını dilə gətirib".

AzToday.az-a daxil olan məlumatlara görə, həmin Taleh Ziyadov Ticarət Limanının işçilərinə açıq şəkildə bildirib ki, belə məlumatlarla onu vəzifəsindən uzaqlaşdırmayacaqlar, əksinə səlahiyyətləri daha da artırılacaq.
 

 
Adının mediada çəkilməsini istəməyən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı AzToday.az-a bildirib ki, Taleh Ziyadov yüksək vəzifəli şəxslərin onun arxasında olduğunu bildirməklə işçiləri və sahibkarları təhdid edir. Mənbə Taleh Ziyadovun tez-tez fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun adını çəkdiyini və onunla yaxın dost olduğunu dediyini bildirdi. Mənbənin sözlərinə görə, Taleh Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanına sədr təyin olunmasında Taleh Heydərovun da rolu olub: "Taleh Ziyadovun özünün dediyinə görə, Taleh Heydərovla xaricdə tanış olub, dost olublar. Onun bu vəzifəyə təyin olunmasında Taleh Heydərovun atası Kəmaləddin Heydərov köməklik edib".

AzToday.az-ın apardığı araşdırma zamanı məlum oldu ki, əslən Naxçıvandan olan Taleh Ziyadov ABŞ-da ali təhsil alıb. O, ali təhslini başa vurduqdan sonra bir müddət Azərbaycan Diplomatik Akademiyasında çalışıb. Fərqli mənbələrdən aldığımız məlumatlarda deyilir ki, Taleh Ziyadovun Taleh Heydərovla əlaqələri xeyli zamandır davam edir.

Mənbəmizin sözlərinə görə, Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə qane olmaq istəmir. Hakimiyyətdəki yüksək vəzifəli himayədarlarının dəstəyi ilə Bakı Dəniz Balıq Limanını, Səngəcal Limanını və Zığ Quru Yük Dəniz Limanını da nəzarətinə götürmək istəyir. Bu məqsədlə 4 limanı özündə birləşdirən Bakı Liman İdarəsini yaratmaq istəyir.

Görünür, Taleh Ziyadov Taleh Heydərovla dostluğundan yararlanaraq , özünə geniş imkanlar yaratmaq istəyir. Ancaq onu da qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun adı indiyə kimi heç bir korrupsiya işində və bu tip qalmaqallarda hallanmayıb. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq. 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook