SON XƏBƏR

Tahir Rzayev: Rusiya-Azərbaycan münasibətləri tarixi köklərə və qarşılıqlı əməkdaşlığa söykənməklə hər iki xalqın gələcək inkişafı üçün əhəmiyyətlidir

Noyabr 27
10:38 2019
"Rusiya-Azərbaycan münasibətləri tarixi köklərə və qarşılıqlı əməkdaşlığa, dostluğa söykənməklə hər iki xalqın gələcək inkişafı üçün əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm verir və bunu xarici siyasətimizin başlıca istiqamətlərindən biri hesab edir. Qonşu olmaqla bərabər dünyanın ən böyük və aparıcı dövlətlərindən biri olan Rusiya ilə əlaqələrin möhkəmlənməsi əlbəttə ki, həm iqtisadi, həm də təhlükəsizlik, eləcə də milyonlarla soydaşımızın qonşu ölkədə yaşamasını nəzərə alsaq onların gələcək firəvan həyatı üçün önəmlidir”.
 
Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri, səfər zamanı Prezident Vladimir Putinlə, Baş nazir Dmitri Medvedevlə görüşləri, səmimi danışıqlar, keçirilən mühüm əhəmiyyətli tədbirlər deməyə əsas verir ki, dövlətlərarası əlaqələr möhkəmlənməkdə davam etməkdədir. Bunu ölkəmizin başçısına, eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən hörmət, ehtiram, uğurlarımıza, iqtisadi və sosial sahədə inkişafımıza verilən qiymət bir daha sübut edir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında genişlənən ticarət, iqtisadi, investisiya, elmi-texniki, kənd təsərrüfatı, humanitar əlaqələr keçirilən görüşlərin mövzusu olmaqla bərabər həm də gələcək mühüm istiqamətlərin araşdırılması bir daha sübut edir ki, dövlətimiz rus şirkətlərinin sayının çox olmasında, sərmayə qoyuluşunun artırılmasında, turizmin inkişafında maraqlıdır.
 
"Mehriban xanım Əliyevanın çıxışlarında mədəni əlaqələrin genişlənməsinə verilən önəm də çox əhəmiyyətlidir. Mədəniyyətlərin, sivilizasiyaların qovuşması əlbəttə ki, intellektual səviyyənin yüksəlməsi, milli mənəvi dəyərlərin mənimsənilməsi, qorunması, təbliğ edilməsi baxımından vacib olduğu kimi həm də humanizmə, vətənvərliyə, xeyirxahlığa yollar açır. Mehriban xanım Əliyevanın xeyirxahlığı, vətənpərvərliyi nəinki ölkəmizin vətəndaşları, eləcə də Rusiya, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bir çox xarici ölkələrdə inşa etdirdiyi məktəblər, saldığı parklar, təmir etdirdiyi mədəniyyət ocaqları, tibb müəssisələri göstərir ki, xeyirxahlıq unudulmur, yaddan çıxmır. Sözsüz ki, bu insani keyfiyyətlərin əsasında Azərbaycan xalqının milli dəyərlərə sadiqliyi, sahibliyi, bütün xalqlara, millətlərə hörmət və ehtiramı, Vətənə şərəf gətirmək inamı, inadı, bacarığı dayanır. Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfərinin nəticələri xalqımızı tanıtmaq, ölkəmizə şöhrət qazandırmaq və iki dövlət arasında əlaqələri möhkəmləndirmək baxımından uğurludur. Məhz buna görə, istər Rusiya, istərsə də yerli KİV-də, informasiya şəbəkələrində bu səfərin nəticələri geniş şərh olunmaqdadır”-deyə, deputat qeyd edib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook