SON XƏBƏR

Söyün Sadıqovun həbsinin təfərrüatları üzə çıxdı

Fevral 13
13:49 2019
Bir vaxtlar Rusiyadakı azərbaycan diasporunun liderlərindən biri olan və özünü prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Söyün Sadıqovun həbsinin təfərrüatları üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Söyün Sadıqov erməni biznesmendən 100 milyon rubl və 1 hektar torpaq sahəsini tələb edib. Lakin biznesmen onu "ilişdirib”.

İstintaq məlumatlarına əsasən Söyün Sadıqov sahibkar qadın Yuliya Mazurla və "kimliyi istintaqa hələ məlum olmayan” başqa şəxslə əlbir olaraq rostovlu biznesmen, "Nebuq” şirkətinin direktoru Madiros Xorenoviç Oskanovdan hədə-qorxu yolu ilə 100 milyon rubl tələb edib.



Belə ki, Söyün və Yuliya özünü Oskanova "İnterles-L” adlı şirkətin əməkdaşları kimi təqdim ediblər. Əslində isə onların həmin şirkətə dəxli olmayıb. Onlar "Nebuq” şirkətinin hesabındakı qanunsuz pullar və torpaq sahəsi barədə bildiriblər. Və Oskanovdan tələb ediblər ki, hər şeyi qanuni şəkildə yenidən rəsmiləşdirmək və həbs olunmamaq üçün 100 milyon rubl, üstəlik 1 hektar torpaq sahəsini versin.

Oskanov isə polisə müraciət edib. Bundan sonra Söyün Sadıqovla Rostovdakı restoranlardan birində görüş təyin edib. Sadıqovu 5 milyon rublu alarkən yaxalayıblar.
 
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, həbs Rostovun Staçki prospektində yerləşən "Ris" restoranında baş tutub. Söyün Sadıqovla birlikdə biznesvumen Yuliya Mazur da həbs edilib. Hazırda S.Sadıqov istintaq təcridxanasındadır və istintaqı, sonrakı məhkəməni gözləyir. Sadıqovu mütəşəkkil qrup halında törədilən xüsusilə iri məbləğdə dələduqluqda ittiham edirlər. Bu ittiham üzrə onu 10 ilə qədər həbs gözləyir.
 


Qeyd edək ki, Söyün Sadıqov 2013-cü ilə qədər Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinə ("AzərRos”) başçılıq edib. Bu təşkilatdan deyiblər ki, Söyünün həbsi və ona qarşı irəli sürülmüş ittiham haqda eşitməyiblər. Təşkilatın rəhbəri Mehriban Sadıqovanın dediyinə görə, 2013-cü ildən bəri S.Sadıqov "AzərRos”un fəaliyyətində iştirak etmir.

S.Sadıqov sambo üzrə SSRİ çempionu, SSRİ idman stası olub. Sonradan tikinti və bank biznesinə girişib. O, Rusiya prezidenti yanında millətlərarası münasibətlər Şurasının üzvü olub, 2012-ci il prezident seçkilərində Putinin etibarlı nümayəndələri arasında yer alıb və son illərdə geosiyasi araşdırmalarla məşğul olan Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinə rəhbərlik edirdi. Onun adı Ukraynanın qərində macar separatizminin qızışdırılmasında da hallanırdı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook