SON XƏBƏR

Suriyalı qaçqın Sloveniyada hökumət böhranına səbəb olub

Noyabr 21
20:00 2017
Əhməd Şamiya adlı suriyalı qaçqının Sloveniyadan çıxarılması ilə bağlı qalmaqal ölkə hökumətini böhran həddinə çatdırıb.
 
Liberal baş nazir Miro Tserar hüquqi qüvvəyə malik Dublin Razılaşması əvəzinə, Ə.Şamiya ilə bağlı əcnəbilər haqqında qanunda nəzərdə tutulan istisna müddəanın tətbiqinə çalışır. Avropa İttifaqı ölkələri arasında bağlanmış Dublin Razılaşmasına görə, Avropanın hər-hansısa ölkəsindən sığınacaq istəyən qaçqının müraciətinə onun ilk girdiyi ölkədə baxılmalıdır. Həmin razılaşmaya uyğun olaraq, Sloveniya Ə.Şamiyanı Xorvatiyaya deportasiya etməlidir. Baş nazir isə suriyalı qaçqını uğurlu inteqrasiya nümunəsi kimi təqdim etdiyi Ə.Şamiyanın ölkədən çıxarılmasının qarşısını almaq istəyir.
 
Koalisiyalı hökumətdə təmsil olunan Demokratik Təqaüdçülər Partiyası (DeSUS) isə suriyalı qaçqınla bağlı istisna qaydaların tətbiq olunacağı təqdirdə koalisiyaya son verəcəyi ilə hədələyib. Həmin partiyanın üzvü, xarici işlər naziri Karl Eyaveç müstəsna qaydalardan "sui-istifadə” edilməsinin hökumətin dağılmasına gətirib çıxara biləcəyi xəbərdarlığını edib və konservativ Sloveniya Demokratik Partiyasının (SDS) Tserara qarşı qaldırdığı impiçment iddiasına işarə edib. O, Xorvatiyanın Aİ üzvü olduğunu və Ə.Şamiyanın sığınacaq müraciəti ilə bağlı həmin ölkədə ədalətli qərar veriləcəyinə əminliyini bildirib.
 
2015-ci ildə Xorvatiyadan Avstriyaya keçməyə çalışan Ə.Şamiya Sloveniyada səfərini dayandırmalı olub. Uğurlu inteqrasiya üçün nümunə sayılan suriyalı Ə.Şamiya qaçqınların himayə edilməsində könüllü kimi çalışıb və qısa müddətdə sloven dilini öyrəndiyinə görə yerli əhali arasında böyük rəğbət qazanıb. Ə. Şamiyanın ölkədən deportasiyanın qarşısını almaq üçün iki solçu deputat onu ölkə parlamentinin binasına gətiriblər. Keçirdiyi gərginlikdən ağır xəstələnən suriyalı daha sonra sinir pozğunluğu diaqnozu ilə şəhər xəstəxanalarından birinə yerləşdirilib. (AzərTAc)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook