Şurada “qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib
Aprel 20
17:52
2017
Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına "qaçqın, köçkün,
əlil və veteranların məsələləri” qrupundan üzv seçilən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə adıçəkilən sahə üzrə
ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.
Şura sədri,
Milli Məclisin deputatı Azay Quliyev qaçqın və məcburi köçkünlərin, veteran və
şəhid ailələrinin əhalinin ən həssas təbəqəsindən olduğunu deyib. Bu istiqamətdə
həyata keçirilən məqsədyönlü dövlət siyasəti haqqında danışan Azay Quliyev
QHT-lərin də bu sahədə fəal olduğunu qeyd edib. Şura sədri Ermənistanın Azərbaycana
qarşı etnik təmizləmə və hərbi təcavüzünün başlandığı ən ağır günlərdə silaha
sarılaraq ərazi bütövlüyümüz uğrunda vuruşan insanların qəhrəmanlıqlarının heç
zaman unudulmadığını və onların problemlərin həlli üçün dövlət qurumları ilə
QHT-lərin yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Azay Quliyev Şuranın 2017-ci il II qrant
müsabiqəsinin mövzularının əksəriyyətinin müharibədən zərər çəkən şəxslərin
sosial-ictimai müdafiəsinin, düşmənə qarşı informasiya savaşının gücləndirilməsi,
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin ifşası olduğunu
deyib. A. Quliyev Şuranın Qarabağ qaziləri, şəhid ailələri, qaçqın və məcburi
köçkünləri hər zaman diqqətdə saxladığını və hər il bu istiqamət üzrə onlarla
QHT layihəsini maliyyələşdirdiyini qeyd edib. Şura sədri bu sahədə fəaliyyətin
uğurlu koordinasiyasına görə Şura üzvü Emin Həsənliyə təşəkkür edib və onun fəaliyyətinin
təqdirəlayiq olduğunu vurğulayıb. Şura sədri həmçinin QHT-lərlə yaxından əməkdaşlığına
görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də təşəkkürünü bildirib.
Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin
sədri Növrəstə Yusifovanı 65 illik yubileyi münasibəti ilə təbrik edən Azay
Quliyev onun müharibənin od-alovunu içərisindən çıxan dəyərli qazilərimizdən
olduğunu deyib. Şura sədri N. Yusifovanı həm QHT sahəsində səmərli fəaliyyəti,
həm də Qarabağ qazisı kimi Təşəkkürnamə ilə təltif edib. Şura Katibliyinin icraçı
direktoru Fərasət Qurbanov hər bir Şura üzvünün seçildiyi qrupun mövzu istiqaməti
üzrə fəaliyyət göstərən QHT-lərlə keçiridiyi görüşlərin məqsədi və əhəmiyyəti
haqqında məlumat verib. F. Qurbanov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı milli maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyət
göstərən QHT-lərlə görüşməkdə məqsəd layihələrin icra vəziyyətini, effektivliyin
və təşəbbüskarlığın artırılması mexanizmlərini müzakirə edərək uğuru nəticənin əldə
olunmasını stimullaşdırmaqdır.
Şura üzvü Emin Həsənli Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, müharibə qəhrəmanlarımızın
tanıdılması, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində, antiazərbaycan
dairələrin təxribatlarının qarşısının alınmasında QHT-lərin fəaliyyətinin mühüm
əhəmiyyət daşıdığını deyib. Emin Həsənli QHT-lərdən Ermənistanın törətdiyi vəhşiliklərin
ifşası istiqamətində innovativ təşəbbüslər gözlədiyini deyib və onları milli məsələlərlə
bağlı petisiyalarda fəallığı artırmağa dəvət edib. Şura üzvü QHT-lərin layihələrin
icrası zamanı üzərlərinə düşən müqavilə öhdəliklərini dəqiq şəkildə icra etməsinin
effektivliyin təmin olunmasında həlledici rola malik olduğunu vurğulayıb.
QHT rəhbərləri Mehdi
Mehdiyev, Şəmistan Əlizamanlı, Mətanət Əsgərqızı, İradə Rizazadə, Samir Adıgözəlli,
Sərraf Oruc, Məmmədhəsən Həsənov, Gəray Əlibəyov, Bəyimxanım Verdiyeva, Təhmasib
Novruzov və digər şəxslər çıxış edərək layihələrinin icra prosesi zamanı
qarşılaşdıqları məsələlər, Qarabağ həqiqətlərinin beynəlxaq ictimaiyyətə
çatdırılması haqqında danışıblar. QHT nümayəndələri həmçinin mövzu ilə bağlı rəy
və təkliflərini bildiriblər.
Qlobal.az