SON XƏBƏR

Soylu Atalı: "Asif Ata deyirdi ki, dünya mənaca əzəlidir, əbədidir, kamildir, sonsuzdur."

Dekabr 08
13:56 2016
Qlobal.az Asif Ata Ocağının yükümlüsü Soylu Atalının Kulis.az portalına verdiyi müsahibəni təqdim edir: 
 
Tural Cəfərov: Bir az geniş danışın, o dövrün ideya atmosferi, mənəvi birliyi… Siz Gürcüstandan gəldiniz bura, Asif Ata sizə necə təsir bağışladı. Ümumiyyətlə, Asif Ata necə görünürdü?
 
Soylu Atalı: Mən Asif Atanı institututun dördüncü kursunda tanıdım.
 
Tural Cəfərov: Neçənci il idi bu?
 
Soylu Atalı: Bu 90-cı il idi. Mən əsgərliyə gedəndə birinci kursu axşam şöbəsində başa vurub getmişdim. Əsgərlikdən geri qayıdanda, "fərq imtahanı” aradan qaldırılmışdı deyə, yenidən birinci kursdan başladım oxumağa. "Əyani”yə keçirsələr də, yenə 6 il oxudum. İki il də əsgərlik. İnstitutu 91-də bitirdim.
Dediyim kimi, 4-cü kursda idim, bizim institutda Asif Atanın görüşünü hazırlamışdılar.

Tural Cəfərov: İnşaat Universitetində?
 
Soylu Atalı: Hə. İnşaat Universitetinin yataqxanasında "Cəngi zalı” vardı, deyəsən 200-dən çox adam tuturdu. Atanın görüşü orda keçirildi. O görüşə bizi də çağırdılar. Onda tələbə yoldaşlarla yataqxananın 6-cı qatında, onlardan birinin otağında oturmuşduq. O vaxt Atanın keçmiş qaynı da Ocaqçı idi, o gəlib bizi çağırdı. Düzü onun çağırışına heç kim ciddi önəm vermədi. Uşaqlar nərd oynayırdılar, mənim də əlimdə qəzet vardı, səhifələyirdim. Mən o vaxtlar qanundan-zaddan çəkinən adam idim. Fikirləşdim ki, bəlkə bunlar "yuxarı”dan gəliblər, getmək gərəkdir ora. Yoldaşlara da dedim, bəlkə getmək gərəkdir, yaxşı deyil. O adam çağırıb getdi, bir azdan bir də gəldi. Dedim ikinci dəfə gəlib, yaxşı deyil, gəlin gedək. Onlar getdilər-getmədilər, xatırlamıram, mən getdim. Zalda Asif Atanın görüşü başladı. Onu da deyim ki, Dövlət Təhlükəsizlik Komitəsi Asif Atanın ora gəlişinə yasaq qoymuşdu.
 
Tural Cəfərov: Ümumiyyətlə, tələbələrlə görüşünə?
 
Soylu Atalı: Hə. "20 yanvar” qırğınından 10 gün, ya iki həftə sonra idi. Ataya demişdilər getmə! Asif Ata da israr eləmişdi ki, biz söz vermişik, görüş keçirilməlidir. Elə də gəldilər, görüş alındı. Asif Ata danışırdı səhnədə, mən çox şeyi düzgün anlamırdım. Çox da ehtiraslı danışırdı. Bundan öncə nə vaxtsa, ağlıma gəlir, yanımda demişdilər ki, Asif Əfəndiyev böyük şəxsiyyətdir-filan, ancaq ruhi xəstədir, psixoloji sorunu var. Yadımda elə bir şey qalmışdı. Ancaq indi o danışdıqca çaşdım, öz-özümə dedim, bəs deyirdilər bunun ruhi sorunu var. Belə xəstə olar?! Bu adam Azərbaycan deyir, Azərbaycan eşidir. Yoldaşlar çoxsaylı suallar verirdilər. Mən sual vermədim, heç bilmirdim nə sual verim. Sadəcə qulaq asırdım. Axırda öz telefonunu verdi ki, maraqlananlarla yenidən, istər tək-tək, istər kütləvi, görüşə bilərik. Nömrəsini götürən götürdü, mən də götürdüm. Ən maraqlı cəhət odur ki, o görüşdə Asif Atanı, bəlkə də, ən az anlayan mən oldum, ancaq sonradan onunla bağlantı quran da təkcə mən oldum.
 
Yataqxananın birinci qatında, girişdə avtomat telefon vardı. Bir neçə gün sonra zəng elədim, özü götürdü. Dedi kimsən? Dedim məni tanımırsınız, sizin görüşünüzə qatılan bir öyrənciyəm, sizinlə görüşmək istəyirəm. "Gəl, oğul!” dedi. Ünvanı soruşdum, getdim.
 
Tural Cəfərov: Harda olurdu, maraqlıdır?
 
Soylu Atalı: Tibb Universitetinin (Semaşkonun yaxınlığında) korpusuyla yan yana, S.Vurğun küçəsində, beşqatlı binada. Getdim, tək idi evdə.
 
Tural Cəfərov: O gün getdiniz elə?
 
Soylu Atalı: Hə, zəng elədiyim gün getdim. Birotaqlı evi vardı. Oturduq. Dedi eşidirəm səni. Mən də danışdım, niyə gəlmişəm, nə istəyirəm. Başladım Borçalı ilə bağlı danışmağa. Söhbətim "vətən” qonusu idi. O çağlar, doğrusu, vətən məsələsiylə bağlı elə də dərin bir şey düşünmürdüm. Elə belə, hamı kimi rahatszılıqlarım vardı. Öz kəndimizin adının dəyişilməsi, Borçalı toponimlərinə münasibət. Əsgərlikdən gələndə bir şeir yazmışdım, Kəpənəkçiylə bağlı, adın dəyişdi-filan. Ata maraqla qulaq asırdı. Elə maraqla qulaq asırdı ki, adam istəyirdi danışdıqca danışsın. Sonra gördü, sözüm qurtarıb, dedi "aydındır oğul, indi Ataya qulaq as”. (Özü haqqında üçüncü şəxs kimi danışırdı). Mən dinlədim, o danışdı. Getdikcə ehtiraslanırdı. Sanki böyük bir auditoriya qarşısında danışırdı. Gözünü yummuşdu. Mən özümün "İnam sorağında” kitabımda yazmışam ki, əgər o anda mən durub sakitcə getsəydim, yenə danışacaqdı. Üzünü sabaha tutub danışır sanki. Yanaqları pörtmüşdü, tər puçurları gəlirdi üzünə, alnına. Qulaq asırdım. Öz-özümə utandım ki, belə bir adamın qabağında mən də durub vətəndən danışıram. Tər məni basdı, xəcalət çəkirdim.
 
Tural Cəfərov: Nədən danışırdı konkret?
 
Soylu Atalı: Məsələn, danışırdı Azərbaycanın qədimliyindən, dəyərlərindən, indiki durumun­dan, gələcəyindən. Azərbaycan onun üçün nədir? Onu deyirdi. Obraz yaradırdı ağlımda. Nə isə, sözünü qurtardı, gözünü açıb təbəssümlə üzümə baxdı. Dedi: "sualın varmı, oğul?”.  Dedim yoxdur. Ayağa durdum. Gördü ki, mən qaçaraq durdum, o da ayağa durdu. Çıxmağa çalışırdım artıq. Ayrıldıq. Pilləkanla aşağı düşəndə, tamam elə bil, başqa bir aləmdə idim. Düşünürdüm, mən hara gəlmişəm, bu kişi nə danışır, düzmü deyir görəsən? Nəyi düz deyir, nəyi doğru demir?! Bu kişinin yanına gəlməyim doğrudurmu? Tamam başqa bir aləmdə idim. O cür də düşünə-düşünə getdim. Bir-iki gün belə gərgin oldum. Hətta dərsə getmədim. Başkeçidli bir otaq yoldaşım vardı. Soruşdu ki, dərsə niyə gəlmirsən, müəllim sənə qayıb yazdı. Ona başqa bir şey dedim, istəmirdim bilsin mən Asif Atanın yanına getmişəm. Onların hamısı özlərini qıraqda saxlayırdılar, guya heç bir təsirə düşmürlər. İndi belə çıxır ki, mən təsirə düşmüşəm, onların isə öz ağlı var, heç bir qıraq təsir onların həyatına girə bilmir.
 
Bir sözlə, halımı gizləməyə çalışırdım. Onda qarışıq bir zaman idi.
 
Ancaq Asif Ata məni özünə çəkirdi, demək olar, hər gün yanına gedirdim. Bir dəfə dedi ki: "oğul, sənin vətənçilik, millətçilik ləyaqətin var, istəyərdim Ataya Evlad olasan”. Mən bilmirdim axı, Evlad nədir, Ata nədir?! Dedim "mən Asif Atanı özümə mənəvi ata sayıram”. Dedi "yox, oğul, bizim işimiz var, mübarizəmiz var, Ocağımız var”. Dedim istəyirəm. Dedi Ocağa gəlmək üçün qayda var, "Rica” yazmaq gərəkdir. Çox bəsit bir şey yazdım, ərizə yönlü. Bir dəfə evinə gedəndə "ərizəmi” ona verdim. Alıb baxdı, üz-gözünü turşutdu bir az. Gördü ki, hara gəldiyimi bilmirəm. Dedi "aydındır, oğul, qalsın, sonra baxarıq”. Vərəqi üzüüstə stolun üstünə qoyub "vaxtını itirmə, Qaranlıqlar yarılsın” dedi. (O, ayrılanda, danışarkən sözünü bitirəndə belə deyərdi: "Qaranlıqlar Yarılsın!”).
Mən qapıdan çölə çıxdım, o qədər pis olmuşdum, sanki havada gəzirdim. Öz-özümə düşündüm: görəsən mən nəyi düz eləmədim, nə dedim ki, bu kişi mənimlə belə davrandı. Nə deməkdir "Qaranlıqlar yarılsın”? Bəlkə demək istəyir bir də gəlmə. Çox sadəlövh idim.

Tural Cəfərov: Həm də çox anlaşılmazdır axı bu məsələ.
 
Soylu Atalı: Eyni halda özümün də dünyagörüşüm çox aşağı idi.
 
Beləcə kefi pozulmuş ayrılıb getdim. Üstündən iki-üç gün keçdi, yenidən zəng elədim. Telefonu özü götürdü, gördü mənəm, həyəcanla soruşdu: "oğul bəs harda qaldın, gəlmədin, zəng eləmədin, Ata rahatsız oldu”. Mən sevindim ki, bu kişi məndən əl çəkməyibmiş. Ona yalan dedim: "xəstəydim, indi gəlmək istəyirəm”. Gəl dedi. Yenidən başladım getməyə. Bu gedişlə 10 ay gedib gəldim. Sonra bir dəfə Atanın yanında olan Ocaqçılardan biri ilə, necəsə, bağlantı qurdum. "Neftçilər”də görüşdük. O mənə bilgi verdi. Atanın "Mütləqləşmək – Var olmaq” kitabını da özüylə gətirmişdi, verdi mənə. O, anlatdı mənə, "Rica” necə yazılır. Axır ki, yazıb Atanın yanına getdim, Ata məni Ocağa Evlad qəbul elədi.
 
Tural Cəfərov: 90-cı ildə.
 
Soylu Atalı: Hə, 90-cı ilin axırı.
 
Bax, elə o çağdan mən Asif Atanın Ocağında yavaş-yavaş çalışmalara başladım. İlk anlardan da Atagüzarlıq eləməyə başlamışdım. Ata evdə tək idi, yeməyini hazırlayırdım, evinə, özünə qayğı göstərirdim.
 
Tural Cəfərov: Onda artıq universiteti qurtarmışdınız?
 
Soylu Atalı: Qurtarmamışdım, son kurs idi.
 
Tural Cəfərov: Asif Ata 35-ci ildəndir dediniz. Ümumiyyətlə, gəlin, Asif Atanın həyatından danışaq. Necə idi, işlərinə necə başladı? "Bilik Cəmiyyəti”ndən danışaq.
 
Soylu Atalı: Deməli, Ata Moskvada təhsilini başa vurandan sonra Azərbaycana qayıtdı, "ədəbi tənqid” yönündə çalışmağa başladı. Həm də özünün ideya-prinsiplərini işləməyə, düşüncələrini sitemləşdirməyə başladı. İdeyalarını yaymaq, həyata keçirmək üçün o çağlar, öncə "Azərbaycan Dövlət Universiteti”ndə "Etika və Estetika tərbiyə klubu” yaratdı. Orada düşüncələrini deməyə başladı. Gec-tez rəhbərlik duyuq düşdü ki, Asif müəllim deyəsən "xatalı” danışır.
 
Millətçilikdən danışır, bu isə imperiyanın içində yolverilməz idi. Yavaş-yavaş bəhanələr gətirirdilər, klubu bağlamağa çalışırdılar. Bəhanələr də o idi ki, guya klub təmirə bağlanmalıdır. İşıqları söndürürdülər. Məndə o vaxtın fotoları var. İnsanların əllərində şam, lampa dinləyirdilər. Bilirdilər ki, işıqlar sönəcək. Özləri ilə fənər, şam gətirirdilər.
 
Tural Cəfərov: "Bakı Dövlət Universiteti”ndə?
 
Soylu Atalı: İndiki "Bakı Dövlət Universiteti”ndə. Ancaq bunlara baxmayaraq bağladılar klubu. Sonra "Respublika Bilik Cəmiyyəti”nə köçdülər. Orada çoxsaylı görüşlər keçirildi. 79-cu ildə "Klub” Ocaq elan olundu, Asif Əfəndiyev Asif Ata çağrıldı. Ocaq dövrü başladı.
 
70-ci illərdə Ata deyirdi, biz özümüz hakimiyyətə gəlməliyik. Öz dövlətimizi yaratmalıyıq. Öz istədiyimiz kimi onu yönəltməliyik. Özümüzün milli prinsiplərimizi işləməliyik. Ancaq elə ki, DTK onu təqib eləməyə başladı, yörəsində heç kim qalmadı. Hamı qaçıb dağıldı. Demək olar tək qaldı. Onda qərar verdi ki, Ocaq hakimiyyətə gəlməyəcək. Yəni yol – hakimiyyətçilik deyil, Ruhaniyyatçılıqdır: "Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Deyirdi "xalqın indiki səviyyəsi çox aşağıdır. İmperiyanın içərisində zaman-zaman xalqı özünə yadlaşdırıblar, qorxudublar. Xalq hazır deyil böyük dəyişikliklərə. Ona görə xalqı içəridən yaratmaq gərəkdir. Xalqı ayağa qaldırmaq gərəkdir”. Bax, buna görə deyirdi "düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”.
 
79-cu ildə "Bilik cəmiyyəti”ndə Ocağı elan eləyib gizli çalışmalara başlamışdı. Gizli olmasına baxmayaraq, yenə də izlənilirdi. Yenə ailəsinə basqı göstərilirdi. Qohumlarına basqı göstərilirdi. Qohumları, o çağlar, Asif Atanın üstünə gəlirdilər ki, sənə görə bizi incidirlər, rahat yaşamağa imkan vermirlər. Ata onlara deyirdi ki, gedin məni qohumluqdan silin və rahat yaşayın. Kənddən, rayondan, bir də görürdün qohumları qaçıb gəlirdilər Bakıya, çünkü xəbər çıxardırdılar ki, bəs Asifi öldürüblər, meyidi körpünün altından tapılıb, morqdadır. Bu cür doğru olmayan informasiyalar yayırdılar, ata, ana, hamısı rahatsız olurdu. Bundan sonra atası, anası da ona basqı göstərirdilər ki, əl çək inadından, yığış gəl kəndə, ailə qur, ev-eşik yiyəsi ol, sən də hamı kimi sakit, qulağı dinc yaşa. Ata deyirdi: "mən öz idealımı tapmışam, bundan sonra necə gedim rayona, kəndə?! Müəllimlik gözəl şeydir, ancaq mən müəllimliyə sığa bilməzdim axı. Ona görə düşündüm nə etməli?”. Bu qərara gəlir ki, elmi iş götürsün, müdafiə eləsin. Nə olur olsun Bakıda qalsın.
 
Mən Ocağa qədərki aşamanı deyirəm. Dala-qabağa getməli oldum söhbətdə.
 
Elmi iş götürüb işləyir, müdafiə eləyir. İşə də düzəlir. Ailə də qurur. O, iki yol ailə qurub. Birinci osetin qızı ilə. Bu ailə baş tutmur. Qız çox adi imiş, özü də zəngin ailədən. Tez-tez zənginliyini Asif Ataya xatırladırmış…
 
İkinci yol öyrəncisi, özündən beş yaş kiçik olan (əslən Tovuzlu) Raya adlı bir xanımla ailə qurur. Bir oğlu da vardı Fuad adında. Sonra təqib aşamaları başlayır. Sonra ailəyə basqılar. 82-ci ildə, Ocağın elanından 3 il sonra, bu ailə də dağılır. Bu dəfə Raya xanım şərtlər qoyur Atanın qarşısında. Ya ailə, ya da öz ideyaların. Seçim elə. Ata deyir təəssüf ki, məni anlaya bilmirdi. Görüşlərdə sual verirdlər Ataya. Deyirdi ” siz onu qınamayın”. Heç vaxt keçmiş qadını haqqında artıq söz deməyib.
 
Tural Cəfərov: Sualı necə verirdilər, çox maraqlıdır. Bu şəxsi məsələdir axı, necə sual verirdilər?
 
Soylu Atalı: Düzdür, şəxsi həyata aid sual idi, ancaq hər halda, bu dahi bir insandır. Dahinin həyatında hər şeylə maraqlanır insanlar. Neyləmək olar?!
 
Sualı belə qoyurdular: "sizin keçmiş qadınınız niyə sizinlə yol getmədi? Niyə sizin əqidənizi qəbul eləmədi?”. O da deyirdi, siz onu qınamayın, o, adi bir qadındır. Dahi deyil ki. Elə belə də deyirdi – heç kim dahiyə ərə gəlməz ki.
 
Sonra ailə məsələsi gəlib o həddə çıxanda, Ata təəssüflənib demişdi: "Raya, sənin üçün həyat təkcə məişətdən ibarət imiş”. Elə də ayrıldılar.
 
Tural Cəfər: Bəs məişətdə necə idi?
 
Soylu Atalı: Özü səliqə sevən adam idi, ancaq səliqəyə elə vaxtı olmurdu. Mən gedib eləyirdim. Özünə çay süzərdi, ancaq yemək hazırlaya bilməzdi. Hazır yeməyi olmasaydı, elə ac oturacaqdı, ya da evdə şey-şüy olsaydı piti hazırlayardı. Piti üçün saxsı qablar vardı. Bir-iki tikə ət, kartof, soğan atardı, qaynayıb bişəndə yeyərdi. Ayrı yemək hazırlaya bilmirdi.
 
Tural Cəfərov: İçki içibmi?
 
Soylu Atalı: İçki içibdir cavan yaşlarında. "Etik Esteteik tərbiyə klubu”na qədər olub onun içki dövrü. Ondan sonra içməyibdir. Siqaret də çəkib Ocağa qədər.
 
Tural Cəfərov: Ocaqda içki içmək qadağandır?
 
Soylu Atalı: Atada qadağa yoxdur. Sadəcə olaraq məsləhət görmürdü. O özü belə deyirdi, yazıbdır da, içki süni fərəhdir, buna fərəhli insanın ehtiyacı olmamalıdır.
 
Tural Cəfərov: Siz necə, içirsinizmi?
 
Soylu Atalı: Mən içmirəm.
 
Tural Cəfərov: Heç?
 
Soylu Atalı: Mən 19 ildir nə içmirəm, nə siqaret çəkmirəm.
 
Tural Cəfərov: Ocağın əvvəlki vaxtlarında içirdiniz?
 
Soylu Atalı: Ocağa gələndə içmişəm, siqaret də çəkmişəm. Ata öləndən üzü bu yana siqaret də çəkmirəm, içki də içmirəm. Yaradıcı adamın içi o qədər zəngin olur, düşüncə, hallar o qədər zəngin olur ki, onun içkiyə, yəni süni fərəhə ehtiyacı olmur.

Tural Cəfərov: Ata çay içən idi?
 
Soylu Atalı: Ata çox çay içən idi. Özü də qənddən çox istifadə edərdi. Hətta xəstələnən vaxtı, hipertoniya idi, həkimlə danışmışdım, demişdi, çalışın şirin şeylərdən az istifadə eləsin. Mən də Ataya demişdim bəzi şeylər olmaz, o cümlədən qənddən az istifadə etmək gərəkdir. Zarafata salıb demişdi: "oğul, nə desən edəcəm, ancaq vəhyim gələndə qəndi çox yeyirəm”.
 
Tural Cəfərov: İndi konkret ideya məsələsinə keçək. İslama münasibəti necə idi?
 
Soylu Atalı: Əslində Asif Ata bütün dünya dinlərini öyrənəndən sonra, fəlsəfəni, tarixi, estetikanı, hətta mifologiyanı, öyrənəndən sonra bu düşüncəyə gəlib ki, yeni Dünyabaxış gərəkdir, yeni İnam gərəkdir. O deyirdi, bütün dinlər insana qarşıdır. Söz yox, heç bir din pis məqsədlə yaranmayıb. Ancaq yaxşı məqsədlə yaransa da, yaxşı bir şey ortaya gətirmədi. O deyirdi, dinlər insanı alçaldır. Asif Atanın öz Dünyabaxışının ortasında isə insan məsələsi dayanır. Ona görə deyirdi, dinlər getməlidir. İnam yalansız olmalıdır.
 
Dinlərin hər birinin özül prinsiplərində yalan var. Mən yazmışam bunları. Söz yox, Atanın ölçüsünə dayanıb yazmışam. Hansı yalanlar var? Məsələn, dünyanın yaranmasına münasibət. Semit dinləri deyir ki, dünyanı Allah 6 gündə yaradıb. Özü də bir baxışla. "Ol” dedi, oldu. Bu "ol dedi”ni biz məcaz kimi qəbul edə bilərik. Ancaq bunu bir həqiqət olaraq qəbul eləmək mümkün deyil. Yəni sanki Allah ismi-əzəm oxuyur, ofsunlayır və birdən-birə kainatın hansısa bir parçası əmələ gəlir. Doğru deyil bu. Bu baxış elmə də ziddir.
 
Bəs Asif Ata nə deyirdi? – Deyirdi ki, dünya mənaca əzəlidir, əbədidir, kamildir, sonsuzdur. Dünya özünün əzəli, əbədi, kamil, sonsuz Dünyalıq Mənasından yaranıb. Dünyanın olmayan vaxtı olmayıb, Dünyanın olmayan vaxtı olmayacaq. Dünyada dəyişikliklər var. Deyək ki, dağılmalar var, ölmə var, yenidən yaranma var. Ancaq bütöv şəkildə dünya yoxa çıxa bilməz, ya da Yoxluqdan Varlıq yarana bilməz. Yoxluqdan Varlığın yaranması mümkün deyil. Dünya
 
Dünyalığın təzahürüdür, görünüşə gəlməsidir, gerçəkləşməsidir.
 
İkinci yalan insana qarşı münasibətdədir, insanı alın yazısı ilə damğalamaqdadır. Fatalizm deyirlər elmdə, Qismətçilik. İnsanın ömrü qabaqcadan proqramlaşdırılıbdır. Ona görə heç nə insanın özündən asılı deyil. Ata da deyirdi, bu, insanı alaçaltmaqdır. İnsan ruhani varlıqdır. İnsanın ömrü mexanizm ola bilməz. Onu kompyuter kimi idarə eləmək olmaz. İnsanın içində çox böyük imkanlar var. İnsan o imkanları aşkarlaya bilər. Əgər kimlərsə aşkarlaya bilmirsə, bir çox imkanlarını özüylə qəbrə aparırsa, bu, məsələnin ayrı tərəfidir. Ancaq bütövlükdə bəşər idrakı sonsuzdur. Bəşər mənəviyyatının  imkanları sonsuzdur. Bunu insan üçün məhdudlaşdırmaq, qəlibə salmaq yolverilməzdir.
 
Mən qısa deməyə çalışıram.
 
Üçüncü, o dünya-bu dünya məsələsi. Axirət dünyası ideyası. Dinlərə görə bu dünya oyun oyuncaqdır, fanidir, yalnız Axirət dünyası həqiqidir. İnsanın da məqsədi o olmalıdır ki, "ulu babası” Adəmin və "ulu nənəsi” Həvvanın işlədiyi günahdan çıxsın, Allahın Axirətinə qovuşsun. Baxın, biz, insan olaraq, əzəli günahkar elan olunmuşuq semit dinləri tərəfindən.
 
Tural Cəfərov: Doğulmamışdan…
 
Soylu Atalı: Elədir. "Ulu babamız”ın, "ulu nənəmiz”in günahının daşıyıcılarıyıq. Əgər biz onların günahının daşıyıcısıyıqsa, onda heç vaxt kamilləşə bilməyəcəyik. Heç vaxt düşüncə­lərimizdə arına bilməyəcəyik, mənəviyyatımızda durula bilməyəcəyik, daim Allahın basqısı, qorxusu altında olacağıq. Semit dinləri qorxudan allahçılığa çağırır insanı. Asif Ata insançılığa çağrır və deyir: "Bəşərin nicatı İnsanlaşmaqdadır. İnsanlaşın – İnsanlaşdırın!” Onun bütün istəyi bu deyimin altındadır.
 
Mən Hüqonun "Səfillər”ilə bağlı bir yazı yazmışdım. Orda da mən bu məsələyə toxunmuşam, niyə Jan Valjan qanun tərəfindən daim təqib olunurdu?! Gedib katorqada yaşadı. Çıxandan sonra ixtira elədi, tərəqqidə qatqısı oldu. Böyük bir şəhərə, çoxsaylı insanlara dolanmaq olanağı yaratdı. Mənəviyyat adamına çevrildi. Ancaq qanun yenə də onu təqib edirdi. Niyə? Baxın, həmin Tanrısal sistemdəki yalan məsələsindən qaynaqlanır. Tanrısal sistemdəki əyrilikdən gələn münasibətdir. İctimai qanunlarda da özünü göstərir. "Adəm və Həvva Rəbbin buyuruğuna əməl etmədi, yasaq edilmiş buğda ağacından təam elədi, ayıb yerləri göründü. Rəbb onları qovdu. İndi onlardan törəyənlər əzəli günah daşıyırlar”. Məsələ budur. Əgər bir adam katorqaya düşübsə, deməli, damğalıdır. O artıq katorqalıdır. Onun daha ayrı cür aqibəti ola bilməz. Bu yanaşma insanı heç eləməkdir. Heç kim doğulanda kamil doğulmur. İnsan bəlli qüsurlarla yaşaya bilər doğulandan sonra. Ancaq insan özü-özünün yiyəsi olmalıdır. Taleyinin yiyəsi olmalıdır. Özü öz içini qurmalıdır. Düşüncəsinin, ömrünün yönünü qurmalıdır. Buna imkan vermir semit dinləri. Bilirsiniz ki, Tolstoy 50 yaşından sonra "Tolstoy” olmağa başlayıb. Onun "Etiraflarım” əsəri var. Özünə nə qədər əzab verir. İntihara cəhd edir və i.a. Ancaq sonar, yaşamı – ən yüksək səviyyədə anlamağa başlayır. İndi gəl sən ona dahi demə ki, öncələr filan cür olmusan, üzərində də "ulu baban”la "ulu nənən”in günahını daşıyırsan. Ona görə bu dünyada heç nəyi təsdiq edə bilməzsən, gərək "Axirət”ə can atasan. "Axirət”in də gözəlliyi "cənnət”dir. Yəni tüfeyli həyat. Çünkü "orada nə isti var, nə soyuq, nə əzab var, nə zəhmət. Hər şey hazır durub "mömünlər”i gözləyir.
 
Tural Cəfərov: Bəli, ancaq seksdir…
 
Soylu Atalı: Tüfeyli həyatdır bu. Mən yazmışam bu haqda, bizim məmurlar elə bu həyatı yaşayır. Nə əzab görür nə əziyyət, nə isti görür, nə soyuq. Hər şey hazırdır. Əslində cənnət, tüfeyli həyat kimi canlanır insanın ağlında. Əzabsız, əziyyətsiz, zəhmətsiz yaşamaq olmaz axı. İnsan həm də gerçək varlıqıdır. Gerçək varlıqdırsa, onun zəhməti olmalıdır axı.
 
İkinci, orada doğub-törəmə yoxdur. Ata yox, ana yox, bacı yox, qardaş yox, dostluq yox, kimsə yox. Bəs hara çağırırsan bu insanı?! Atasız, anasız, qardaşsız, bacısız, dostsuz, övladsız bir dünyaya?! Əslində millətsiz bir dünyaya. Çünkü millət bu saydıqlarımızdan olur. Əgər bunlar yoxdursa, millət də yoxdur. Ona görə deyir millət boş söhbətdir, hamı mənim ümmətimdir. Əslində bu din, bir millət olaraq, bizim etnik kimliyimizə soxulur. Etnik mahiyyətimizi pozur. Vətən ideyası da zədə götürür. "Fani dünya”da nə vətən?!
 
Asif Atanın "Ləyaqətli Bəşər” ideyası var. O deyir ki, hər bir millət özü bir dəyərdir. O özü bəşərdir. Heç bir millətin başqa bir millətin dəyərinə qarşı çıxması, mədəniyyətini sıxışdırması, yerini dar eləməsi yolverilməzdir. Çəməndə çiçəklərin hərəsinin öz ətri, öz rəngi, öz gözəlliyi olduğu kimi, millətlərin də bəşərdə öz yeri var. Axı mücərrəd bəşər yoxdur. Bəşər millətlərin uca keyfiyyətlərinin birliyi deməkdir. Ona görə mən yazmışam ki, Məhəmməd peyğəmbər bəşəri peyğəmbər deyil. Çünkü bəşəriyyəti ləğv eləməyə girişən adam bəşəri ola bilməz. Bəşər xalqlarının etnik kimliyinə müdaxilə edən adam necə bəşəri ola bilər?! "Sən mənim ümmətimsən, Allah bunu belə buyurub, belə istəyib”. Ancaq qəribədir, ərəbin özünün mədəniyyəti qalır, dili qalır, hər şeyi qalır. Başqa xalqların, deyək ki, bizim, bir türk olaraq, kimliyimiz sıradan çıxarılır. Ona görə də bəşəri deyil.
 
Təbii ki, Asif Ata buna qarşı çıxmalıydı, çıxdı da.
 
Tural Cəfərov: İstəyirəm qısaca Ocaqçılıqla bağlı danışaq. Asif Atanın sağlığında Ocağın nə qədər üzvü var idi?
 
Soylu Atalı: Ayrı-ayrı çağlarda ayrı-ayrı saylar olubdur. Asif Ata deyirdi, mən istəyirəm, Ocağımızda yüz Evlad görüm. Ancaq yüz quru say yox, yüz kamil insan.
 
Ocağa Evladlar gəlirdi. Evlad gəlişi o deyən şeydir ki, gəlib ömrünün yönünü dəyişməlidir. "Özüylədöyüş” ideyası var Asif Atanın. Evlad Özüylədöyüş yolu keçməlidir, mənəviyyatını yaratmalıdır. Düşüncəsini yaratmalıdır. İdrak insanına çevrilməlidir.
 
Bu açıdan yanaşanda çox az adam vardı. Ancaq ümumi say kimi götürəndə, məsələn, Asif Atanın sağlığında 82 say olub.
Bizim çağımızda kütləvi axın vardı Ocağa. Xalq Cəbhəsi dövrü idi, hərə bir yana gedirdi. Ocağa da gəlirdilər, gedirdilər. Say artıb azalırdı, 50 olurdu, 60 olurdu. Ata öləndə 48 say vardı.
 
Tural Cəfərov: Ocağa üzv olmaq üçün hansı şərtlər var? Siz deyən kimi Rica yazılır?
 
Soylu Atalı: Ocağa üzv olmaq üçün elə bir özəl şərt yoxdur. Hər bir bəşər övladının üzünə açıqdır Ocaq. Rica məsələsi şərt deyil. Rica yazır ki, niyə gəlirəm, nə istəyirəm. Mən gəlirəm ömrümü ruhani mübarizəyə həsr eləməyə – insanlıq uğrunda, millət uğrunda, vətən uğrunda, bəşər uğrunda öz ömrümü ruhani mübarziəyə həsr eləməyə gəlirəm. Buna and içir, ad alır, başlayır ömrünün yönünü dəyişməyə.
 
Tural Cəfərov: O, adı Ocağa girəndə alır?
 
Soylu Atalı: Hə.
 
Tural Cəfərov: Bütün adları Asif Ata özü quyub?
 
Soylu Atalı: Asif Ata qoyub, bəzilərini mən qoymuşam. Dediyim kimi, Ocaqçı ömrünün yönünü dəyişməlidir. Amallaşıb, öyrənib idrak adamı olmalıdır. Yoxsa gəlib-gedib say artırmaq hələ Ocaqçılıq demək deyil. Ocaqçılıq – mənəviyyat insanına çevrilmək deməkdir, İradə insanına çevrilmək deməkdir, İdrak insanına çevrilmək deməkdir. Həqiqi ruhani mübarizə insanına çevrilmək deməkdir. Onun başqa amalı, başqa məqsədi olmamalıdır. Yəni onun siyasi oyunları olmamalıdır. "Hakimiyyətə gəlim, hakimiyyətə gəlmək üçün oyunlardan çıxım”. Belə şeylər Ocaq tələblərinə yaddır.
 
Tural Cəfərov: Soylu bəy, indi durum necədir? İndi nə qədər adam var Ocaqda?
 
Soylu Atalı: İndi konkret Ocaqçı azdır. 10-15 adam. Bir də İnamçılar var, çox sayda Ocaqsevərlər var. Ocaqçılıq ayrı şeydir.
 
Ocaq mərasimlər keçirir. "Ailə Günü” deyirik biz, yəni Ocaq ruhsal Ailələrdən oluşur. "Ailə ayda bir yol "Ailə Günü” keçirir. Ailəçilər Amallaşma, Kamilləşmə,
 
Xalqlaşma hesabatı verirlər. Ocağın özünün içsəl quralları var, Ailə onları yaşadır.
 
Ocaqda zəngin ədəbiyyatlar hazırlanır, Ocağın arxivi yaranır. Səfərlər edirik, görüşlər keçiririk. Ocaqçılıq budur. Ocağa bağlı insanlar ki var, Ocaqsevərlər, İnamçılar, onlar çox olsa da, passivdirlər. Aktiv olan Ocağın özüdür.
 
Tural Cəfərov: Çox sağ olun Soylu bəy.
 
Soylu Atalı: Siz də sağ olun, çağırışa görə təşəkkür edirəm.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook