SON XƏBƏR

“Sovetski”dən Maliyyə Nazirliyinə atəş: Hədəfdə Cavanşir Yusifov, tətikdə Bağırovlar

Yanvar 03
00:07 2019
2018-ci ilin fevralından "Sovetski”də növbəti köçürülmə prosesi haqda qərar verilib.
 
Qərara görə 2 min evin köçürülməsi gerçəkləşdirilməlidir. Bildirək ki, "Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadrat metrə görə sakinlərə 1500 manat ödəniləcəyi də dəfələrlə hakimiyyət nümayəndələri tərəfindən bəyan olunub. Ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması nəzərdə tutulur.

Cavanşir Yusifova qarşı duran iki qardaş

Köçürmə və söküntü işləri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılsa da, faktiki olaraq bütün işlər Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov tərəfindən həyata keçirilir.Bakının Sovetski adlanan ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar söküntü Cavanşir Yusifovun nəzarəti ilə həyata keçirilir. Maliyyə Nazirliyi sisteminə bələd olan mənbələrin cumhuriyyet.az-a bildirdiyinə görə, Yusifovun işlədiyi illər ərzində öz vəzifəsinə məsuliyyətlə, nizam-intizamla yanaşıb. Dövlət siyasətinə sadiq və vətəndaşlara hörmət, ehtiram göstərməsi ilə ad çıxarıb. Onun bu fəaliyyəti diqqətdən kənar qalmayıb, 2017-ci ilin iyununda dövlət qulluğunda fərqlənən ən etibarlı məmurlar sırasında adı olub. İndi isə Cavanşir Yusifovun uzun illər ərzində qazandığı etibar və etimada kölgə salan 2 qardaş peyda olub. Bu adamlar sakinləri, onlara iş tapşıran Cavanşir Yusifovu faktiki olaraq aldadırlar. Söhbət İlham və Zahid Bağırov qardaşlarından gedir.

İlham Bağırov "Sovetski”də qiymətləndirmə işləri tapşırılan, indiki adı "BTİ Expert”, əvvəlki adı "Azər Expert” olan MMC-nin rəhbəridir. Qardaşı Zahid Bağırov isə rəsmi işçi deyil. Amma onu – Zahid Bağırovu "Sovetski "də tanımayan az adam olar. Çünki baş çəkmədiyi ev, tin, küçə qalmayıb. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan maraqlı bir məlumatla rastlaşdıq: "Sakinlər öz aralarında onu "çəpiş” ləqəbi ilə çağırırlar. Bu da səbəbsiz deyil. Çünki Zahid Bağırov özbaşına sakinlərin evlərinin damına çıxır, ev sahiblərinin etirazlarına məhəl qoymur. Elə Sovetskidəki sövdələşmələrin, dövlətin büdcəsindən pul silinmələrinin bir çoxu da onun üzərindən gerçəkləşdirilir. Sxem isə çox sadədir. Zahid Bağırov salamsız-kəlamsız evi söküləcək sakinin həyətinə girir. Əlindəki ölçü aparatı ilə ərazini çəkməyə başlayır. Qulağı səsdə olan sakin həyətdə ora-bura qaçan şəxsin kimliyini təxmin edir. Bilir ki, bu həmin o Zahiddir, damlarda gəzən həmin o "çəpiş”dir…”

Bağırovların pulqazanma mexanizmi

Sakin ani olaraq Zahid Bağırovu görəcək sevincək olur. Düşünür ki, həyəti söküləcək və həyatı dəyişəcək. Ona nəzərdə tutulduğu kimi hər kvadrata görə 1500 manatdan pul ödəniləcək, gedib həyatını quracaq. Zahid Bağırovla söhbətdən sonra isə həmin sakinin sağlığında ciddi problemlər yaşanır, sanki quyunun dibinə düşür. Çünki Zahid Bağırov ona evinə görə hər kvadrat metrə görə 200 manat veriləcəyini deyir. Eyni zamanda söz atır ki, istəsə, məsələnin həlli yolunu da bilir, bəs evinin hər kvadratına görə 1500 manatdan pul ala bilər. Əli hər yerdən üzülən sakinin isə bahalı ətir iyi verən, özünü "Həsən ağanın qohumu” kimi aparan Zahid Bağırovun ədalı təklifi ilə razılaşmaqdan başqa yolu qalmır. Beləcə Bağırov qardaşlarını gizli milyonçuya çevirən sxem işə düşür.

Sakin Bağırovların şərtlərini qəbul etdikdən sonra onun evinin sənədləri, sxemləri, eskizləri dəyişdirilir, kvadratlar maksimuma qədər şişirdilir, sənədlərdəki əvvəlcədən Bağırovların özləri tərəfindən yazılan qondarma "yeni tikili” sözləri yoxa çıxarılır.Sakinlərdə belə təəssurat yaradılır ki, evin kvadratı onların – yəni Bağırovların səyi nətəcəsində Nazirlər Kabinetinin 51 nömrəli, 16 fevral 2018-ci il tarixli qərarında göstərildiyi kimi 1500 manatlıq duruma gətirilir. Buna görə də Zahid Bağırov, onu əraziyə yollayan qardaşı İlham Bağırov və digərilərinin varlanmasına yol açılır. Bu cür sövdələşmədən əldə olunan gəlirin 60 faizi Bağırovlara, 40 faizi isə sövdələşməyə getmək məcburiyyətində qalan vətəndaşa verilir. İtirən vətəndaşlar, dövlət büdcəsi, qazananlar isə Bağırov qardaşları və onları qabağa verənlərdir.

İşin arxasındakı rəsmi şəxs kimdir?

Bakının "Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işlərinin artıq ikinci mərhələsi sona çatmaq üzrədir. Cumhuriyyet.az-ın məlumatına görə, perspektivdə digər ərazilərdə söküntü, yenidənqurma işləri var. Odur ki, "Sovetski”də pul qazanmaq, yüksək mənsəb sahibi olmaq istəyənlər də hərəkətə keçib. Çoxgedişli oyunlar başlayıb. Məqsəd pul qazanmaq, vəzifə yüksəlişidir. Ona görə də söküntü komissiyasında həlledici qərarların verilməsində böyük rolu olan Maliyyə Nazirliyinin müvafiq qurumlarında "böyük oyunlar” başlayıb. Cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, bu oyunları başladan şəxs kimi Maliyyə Nazirliyinin rəsmisi İlham Abdullayevin adı keçir. Bildirilir ki, İlham Abdullayev Nazirliyin Maliyyə Nəzarəti Xidmətinin rəisi postuna təyinat almaq üçün sinov gedir. Bu yolda hər vasitəyə əl atmaqdan da çəkinmir. Hazırki rəisi Cavanşir Yusifovun arxasında gizli iş aparmaqla onu gözdən salmağa hesablanan hərəkətlərə də rəvac verir.

Bu işdə onun əsas dəstəkçiləri də İlham və Zahid Bağırov qardaşlarıdır. "Sovetski”də bu qardaşlar vətəndaşlar arasında narazılıq yaradırlar. Çətinə düşən kimi dərhal bütün günahın Cavanşir Yusifovda olduğunu deyirlər. Məqsəd Cavanşir Yusifovdan narazıların sayını artırmaq, onu işinin öhdəsindən gəlməyən biri kimi ad çıxarmasına nail olmaqdır. İlham Abdullayevlə gizli görüşən qardaşlar hər gün bu məqsədlə təlimatlandırılırlar. Hazırda "Azər exspert” MMC-nin direktoru olan İlham Bağırova adaşı öz vəzifəsinə təyinat alacağı vədini verib. O da, "Sovetski”də bilərəkdən "çp”lərə yol verir və hər dəfə də bütün neqativ fəaliyyətin baiskarı kimi Cavanşir Yusifovun adını hallandırılmasına yol açır. Belə çoxgedişli kombinasiya üzərindən vəzifəyə gəlmək üçün hazırda geniş iş aparılır.

Şikayətçilər dilə gəlir

Çaş verən qanunsuzluqların qurbanlarından biri "Sovetski” sakini Aydın Ağəli oğlu Rzayev bildirir ki, mülkiyyət hüququnun pozulması ilə bağlı müvafiq komissiyanın üzvü, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qəbuluna düşmək istəsə də, İlham Bağırov buna imkan verməyib. A. Rzayev eyni zamanda İ. Bağırovun mətbuatda dediklərindən sitat gətirib onunla razılaşmadığını bildirir: "İlham Bağırov deyir ki, Komissiya rəhbəri həmin evin (mənim Akademik Qarayev küçəsi 23 ünvanındakı evimi nəzərdə tutur) ölçü və fotoşəkillərini tender əsasında qalib gəlmiş və Komissiyada iştirak edən müstəqil qiymətləndirmə şirkəti olan "Azər Expert” MMC-nin rəhbəri kimi məndən istədikdə, mən, Komissiya üzvləri qarşısında Aydın Rzayevə bildirdim ki, 2015-ci ilin aprel ayının 21-i həmin ünvanda mütəxəssislərimiz tərəfindən ölçü işləri aparılıb. Mən də deyirəm ki, İlham Bağırov yalan danışır. Bunun sübutu da ortalıqdadır”.

A. Rzayev daha sonra yazır: "Hörmətli cənablar, Nazirlər Kabineti 2018-ci il fevralında "Sovetski”də mənim də evimin yerləşdiyi Akademik Qarayev küçəsində söküntü, yenidənqurma işlərinin aparılması haqda qərar verib. Bundan 3 il əvvəl İlham Bağırov həmin ərazidə ölçü işlərini necə apara bilərdi? Əgər aparıbsa, bunu hansı qanuna əsasən, kimin göstərişi ilə və niyə apardığını da ortaya qoymalıdır. İlham Bağırov mənim "Sovetski”də, Akademik Qarayev küçəsi, 23-də olan evimin söküldüyünü etiraf edir, həm də sökülmüş evimə aid əlimdə "Rzayev Aydının DƏDRX-dən Çıxarışı var” deyir. Bundan sonra əslində, mənim nəsə deməyimə, şikayət etməyimə ehtiyac qalmamalıdır. Çünki İlham Bağırov özü mənim mülkiyyət hüququmu təsdiq edir. İlham Bağırov gözüm görə-görə evimi çıxdaş eləyir, məni konpensasiyasız qoyur. Halbuki İ. Bağırov mənim evimə gəlib, çay içib, evimin sökülməsi, mənə veriləcək kompensasiya və s. haqda danışıb. Razılaşmışıq, dəfələrlə telefon danışıqlarımız da olub. Həmin telefon danışıqlarının çıxarışlarını da almışam, mən həmin danışıqların listəsini də Cavanşir Yusifova verəcəyəm”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook