SON XƏBƏR

Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib

Fevral 23
01:17 2017
Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib. 
 
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin fevral ayının əvvəlində Şotlandiya  parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.
 
Şotlandiya parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını qətnamə layihəsinin mətninə əlavə etməklə, təklif olunan qətnamənin qəbul olunmasına dəstək veriblər.
 
Qəbul olunmuş qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80%-nin tərəfdar çıxdığı qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur. 
 
Qərarda BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin hələ də işğal altında saxlanıldığı vurğulanır, münaqişənin  beynəlxalq hüquq normaları əsasında  həll olunmasına dəstək ifadə olunur.
 
Qətnamənin surəti Şotlandiya parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya parlamentində olan Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Nümayəndə heyətinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, millət vəkili Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları tərkibində olublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook