SON XƏBƏR

Sosial evlər nə vaxt tikiləcək?

İyul 27
13:20 2016
Ölkə başçısının Nazirlər Kabinetinin son iclasında sosial evlərin tikintisi və ipoteka qaydalarının yüngülləşdirilməsi ilə bağlı tapşırığından sonra bu sahədə hələ ki, nəzərə çarpacaq bir dəyişiklik hiss olunmur
 
Əhalinin imkansız təbəqəsi mənzil sahibi olmaq üçün illərdir vəd edilən sosial evlərin tikilməsini gözləyir. Digər tərəfdən tikinti sektorunda yaşanan durğunluq həm bu sahədə fəaliyyət göstərən sahibkarları, həm də usta-fəhlə sinfini çətin vəziyyətdə qoyub. Sosial evlərin tikintisi həm də bazarda canlanma və yeni iş yerlərinin açılması deməkdir.
 
Bəs, görəsən hökumət sosial evlərin tikintisinə nə zaman başlayacaq? İpoteka kreditləri ilə bağlı vəd edilən dəyişikliklər nə zaman baş tutacaq?
 
Qlobal.az-ın məlumatına görə, Musavat.com-a açıqlamasında bu sualları cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, ipoteka ilə bağlı prezidentin son fərmanından sonra hələ ki, hər hansı dəyişiklik yoxdur: "Nazirlər Kabinetinə iki ay müddət verilib. Həmin müddətin bitməsi gözlənilir. Bu müddət avqust ayının əvvəlində bitəcək. Biz gözləyirik ki, avqustun sonuna kimi Müşahidə Şurası təyin olunsun. İpoteka kreditlərinin verilməsi ilə bağlı sonrakı proseslər Müşahidə Şurasının qərarından asılı olacaq. Müşahidə Şurası faiz dərəcələrini aşağı salmasa, ipoteka kreditləşməsində əhəmiyyətli bir dəyişiklik müşahidə olunmayacaq. Sosial evlərin inşasına gəldikdə isə Mənzil İnşaatı Dövlət Agentliyinə müəyyən qədər vəsait ayrılıb, eyni zamanda baş nazirin müavini Abid Şərifovun açıqlamasına görə, hətta torpaq sahələri də ayrılıb. Ancaq hələ tikintiyə başlanması, tenderlərin elan olunması ilə bağlı hər hansı qərar yoxdur. O qərarın nə zaman olacağını indidən demək çox çətindir. Özünüz də bilirsiniz ki, ölkədə iqtisadi vəziyyət çox çətindir və hökumət hələlik bu cür sosial layihələrin icrası ilə bağlı məsələləri arxa plana keçirir. Yəqin ki, üçüncü rüb başa çatdıqdan sonra sosial evlərin taleyi ilə bağlı hər hansı qərar qəbul edilə bilər. Lakin o vaxta qədər mən gözləmirəm ki, sosial evlərin tikintisi ilə bağlı ciddi addımlar atılsın, və ya ipoteka kreditlərinin verilməsi ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş 50 milyon manatın maliyyələşməsi həyata keçirilsin. Bu həyata keçirilsə belə, indiki şərtlər çərçivəsində ipoteka kreditlərinin verilməsi o qədər də dinamik olmayacaq. Yəqin ki, o vəsaitin böyük bir hissəsi ilin sonunda büdcəyə qayıdacaq”.
 
Hökumətdən isə bildirilir ki, artıq sosial evlərin tikilməsi ilə bağlı bir çox işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev AzərTAc-a müsahibəsində qeyd edib ki, "Çoxmənzilli evlərin tikilməsi üçün əlverişli olan torpaq sahələrinin seçilməsi prosesində ciddi irəliləyiş var. Ötən müddət ərzində Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində bir çox torpaq sahəsinə baxış keçirilib və müxtəlif meyarlar üzrə qiymətləndirildikdən sonra onlardan bir neçəsi güzəştli mənzillərin tikintisi üçün uyğun hesab edilib”.
 
Onun sözlərinə görə, torpaq sahələrinin seçilməsində ilk növbədə şəhərin inkişaf perspektivləri nəzərə alınıb. Bununla yanaşı, həmin ərazilərin iş yerləri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyarlardan olub: "Hazırda həmin torpaq sahələrinin əldə edilməsi prosesi həyata keçirilir, layihələndirmə işlərinin aparılmasına hazırlıq görülür. Eyni zamanda, paytaxtla yanaşı Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Şəmkir şəhərlərində də torpaq sahələrinin ayrılması ilə bağlı təklif olunmuş ərazilərə baxış keçirilib, ilkin dəyərləndirmə işləri aparılıb”.
Hökumət rəsmisi onu da vurğulayıb ki, tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi istiqamətində Agentlik artıq aidiyyəti dövlət qurumları ilə birlikdə işlər aparır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, əsas səbəb maliyyə problemidir: "Sosial mənzillərin tikintisi və ipoteka bazarının genişləndirilməsi, mənzil bazarının canlandırımlası üçün resurs lazımdır. Maliyyə çatışmazlığı ilə üzbəüz qalan ölkəmizdə indi bu resursların tapılması çox böyük problemə çevrilib. Yəni bu işlərin uzanmasının əsas səbəbi maliyyə mənbəyinin olmaması ilə bağlıdır. Ancaq görünən odur ki, hökumət burada həssas davranmağa çalışır. Çünki anlayır ki, ümumiyyətlə tikinti sektoru multiplikator effekti olan, çoxlu sayda iş yerləri yarada bilən, maaşı az olsa da, çoxlu sayda insanı işlə təmin edə biləcək bir sahədir. Hökumət sosial gərginliyin, işsizliyin artdığı bir vaxtda bu layihələr vasitəsilə müvəqqəti də olsa sosial gərginliyin azaldılmasına, çoxlu sayda müvəqqəti iş yerlərinin yaradılmasına nail olmaq istəyir. Yəni, hökumət bu layihələrin həyata keçirilməsində israrlı olacaqsa, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması ikinci plandadır. Birinci planda tikinti sahələrinin genişləndirilməsi yolu ilə bazarın canlandırılması, iş yerlərinin sayının artırılması və müəyyən iqtisadi dinamikaya nail olmaqdır”.
 
Ekspertin fikrincə, bu layihənin həyata keçirilməsi üçün resurs lazımdır ki, bunu da daxili mənbə hesabına təmin etmək çox çətindir: "Bu resursların iki mənbəyi var. Daxili mənbə ancaq Neft Fondudur. İkinci mənbə isə xarici mənbələrdir, ya kreditlər hesabına, ya da böyük şirkətlərin Azərbaycana cəlb olunması və onlara yeni oyun qaydaları çərçivəsində şərait yaradılması hesabına bu resurslar formalaşdırıla bilər. Daxili resurslar kifayət qədər məhduddur və böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün yetməyə bilər. Bu baxımdan güman edirəm ki, bir müddətdən sonra xarici investorlara müraciət ediləcək. Ancaq xarici investorların isə öz tələbləri var, onlar normal investisiya mühitinin yaradılmasını tələb edəcəklər. Hökumətin hansını seçəcəyini demək çətindir. Əgər ikinci yolu seçsə, məhkəmə sistemindən tutmuş, bank-kredit, maliyyə, vergi sisteminə qədər hər bir sahədə liberallaşmaya getməlidir. Buna hökumət hazırdırmı, onu demək çətindir. Ancaq hesab edirəm ki, hökumət həm yeni iş yerlərinin yaradılması , həm də sosial gərginliyin azalması üçün bu mənzillərin tikilməsində maraqlıdır”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook