SON XƏBƏR

"Son günlər cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın ötən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil"

Fevral 27
12:16 2017
"Son günlər cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın ötən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil".

Qlobal.Az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc son günlər cəbhə xəttində müşahidə edilən gərginliklə bağlı "Yeni Müsavat”a danışarkən deyib. 

Onun sözlərinə görə, əgər belə olsaydı, ermənilər konkret istiqamətdə hərbi zərbələr hiss etdirər və yerdə qalan digər ərazilərdə güc sərfinə, resurslarının əldən getməsinə razı olmazdılar: "Bir neçə gündür ki, Tovuzdan başlamış Tərtərə qədər, bəlkə də yaxın gələcəkdə Naxçıvanı da əhatə edəcək böyük bir areal üzrə erməni təxribatları özünü göstərir və göstərməkdədir. Amma əsas döyüşlər mərkəzi olaraq Qarabağda gedir. Belə düşünürəm ki, burada bir nömrəli amil əslində, Ermənistanda keçirilən seçkilərdir. Rəy sorğuları hakim partiyanın mövqelərinin çox bərbad vəziyyətdə olduğunu göstərir. Belə vəziyyətdə hakimiyyət total saxtalaşdırmaya getməlidir.

Sərkisyan öz partiyasına və rəhbərlik elədiyi bloka müdafiə naziri Vigen Sərkisyanın adını birinci yazıb. Onlar cəmiyyətə sosial, siyasi, iqtisadi vədlər deyil, 25 il əvvəl olduğu kimi, yenə də Qarabağla bağlı hansısa vədləri verirlər. Bu üzdən sanki seçki təbliğatı səngərdə gedir və onlar bir tərəfdən bütün daxili rəqiblərini bu vasitə ilə susdururlar. Həmçinin düşünürlər ki, əgər azərbaycanlılara zərbə vurulsa, lokal uğur əldə olunsa, bu, şübhəsiz ki, aprelə qədər hakim partiyanın mövqeyini gücləndirəcək.

İkincisi, şübhəsiz, onlar ötən bir ilə yaxın vaxt ərzində ön cəbhəni xeyli dərəcədə möhkəmləndirməyə çalışıblar, mühəndis texniki qurğular genişləndirilib, gecə görmə cihazları, avadanlıqlar, ağır silahları da həmin ərazilərə yığıblar. Bu, o deməkdir ki, ilk anda vurula biləcək zərbələrin qarşısını almaq üçün tədbirlər görülüb. Amma Azərbaycanın malik olduğu silahların uçma radiusunu hesablayanda ermənilərin ön xəttə gördüyü həmin işlərin çox da əhəmiyyəti olmayacağına əminik”.

Millət vəkili bu təxribatların arxasında başqa mərkəzlərin olması ilə bağlı yaranan suallara da aydınlıq gətirib: "Xüsusilə də Azərbaycanın dövlət başçısının Avropaya səfəri, orada vaxtilə Avropa Birliyi ilə razılaşdırılmayan assosiativ saziş sənədinin başqa bir paraflanmış formasının gündəmə gətirilməsi və yaxınlarda onun imzalanacağı bölgə dövlətlərinin bizə qarşı müharibə qərarı verməsinə gətirib çıxarırmı? Bu cür suallarda əksini tapan versiya nə qədər doğrudur? Düşünürəm ki, bunun əsası yoxdur. Çünki biz region dövlətləri, xüsusilə də Rusiya ilə münasibətlərimizi pozacaq, onun strateji maraqlarına zərbə vuracaq hər hansı addımlar atmamışıq. Ona görə də rəsmi İrəvan üçün cəbhə xəttində xüsusi fəallaşmanın geopolitik konteksti və ya xarici dairə amili yoxdur”.

Millət vəkili hesab edir ki, mahiyyətcə, proseslər Azərbaycanın xeyrinədir: "Çox geniş bir ərazidə təxribatlar ermənilərin gücünün paylanması, bölünməsi baxımından qətiyyən Ermənistanın xeyirinə işləmir. Ermənilərin döyüşdə ölənləri Azərbaycanla müqayisədə üçqat artıqdır. Ona görə ki, onların əhali və əsgəri sayı bizimlə müqayisə oluna bilmir. Ermənistan rəhbərliyi apreldə keçiriləcək parlament seçkilərinədək cəbhə xəttində məlum tamaşanı davam etdirməyə və hansısa uğurlar qazanmağa çalışacaqlar. Lakin birdəfəlik bilmək lazımdır ki, hər bir toqquşma Dağlıq Qarabağda və Ermənistanda çox böyük siyasi, mənəvi-psixoloji nəticələr doğurur, əhali arasında vahimə yaradır. Azərbaycan isə bir daha faciələr yaşamağa köklənməyib”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook