SON XƏBƏR

Son 5 ildə 7 min tələbə təhsil haqqına görə ali məktəbi atıb - Təhsil kreditləri PROBLEMİ

Noyabr 15
08:54 2018
Bir neçə gün öncə maliyyə naziri Samir Şərifovun təhsil kreditləri ilə bağlı açıqlamasından sonra bu məsələ yenidən gündəmə gətirildi və xeyli müzakirə olundu. Təhsil kreditləri ilə bağlı yarımçıq qalan layihənin həyata keçirilməsi üçün xarici ölkələrin təcrübəsi də ortaya atıldı. Bəzi təhsil ekspertləri xarici ölkələrdə mövcud olan sistemə uyğun təhsil kreditlərinin qurulmasının tərəfdarıdır. Belə ki, bir çox xarici ölkədə ödənişli ixtisasa qəbul olunan tələbə oxuduğu illərdə təhsil xərcini ödəmir. Amma ali məktəbi bitirib, işə daxil olduqdan onun üzərinə öhdəlik qoyulur və universitetə olan borcunu ödəyir. Bu, əslində təhsil kreditinin bir forması kimi qəbul oluna bilər.

Azərbaycanda bu cür sistemin tətbiq edilməsinin mümkünlüyü barədə Modern.az-a danışan təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov xatırladıb ki, hazırda 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır. Onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır:

"Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Azərbaycanda təhsil kreditlərinin qaytarılmayacağını ortaya atıb, bundan imtina etmək düzgün yanaşma deyil. Əksinə, kredit alan tələbələr üçün elə şərait yaradılmalı, çıxış yolları düşünülməlidir ki, onlar ali məktəbi bitirəndən sonra aldıqları krediti ödəyə bilsinlər. Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir. Ona görə, ən optimal variantı tapmaq, xüsusilə, xarici ölkələrin qeyd etdiyimiz təcrübələrindən istifadə etmək lazımdır.

Tələbələrin təhsil aldığı müddətdə illik ödənişlərdən azad edilməsi mümkündür. Sadəcə sonradan həmin tələbələrin ali məktəbə olan borcunu ödəyib-ödəməyəcəyi sual altında qalır. Çünki bu gün Azərbaycanda ali məktəbi bitirənlərin cəmi 42 faizi iş tapa bilir. Bu isə məzunlar üçün əlverişli deyil. Ona görə, ali məktəbi bitirən şəxslərin işlə təmin olunması məsələsinin də üzərində dayanmaq, müvafiq çıxış yolunu tapmaq lazımdır”.

ABŞ təcrübəsinə toxunan Kamran Əsədov bildirib ki, bu ölkədə tələbələr verilən təhsil kreditlərini ödəmirlər. Halbuki, ABŞ hökuməti günahı özündə görür, dövlət kredit verdiyi tələbəni işlə təmin edə bilmədiyini qəbul edir:

"Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində Azərbaycanda 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni I-II kursda çətinliklə oxuya bilən tələbələr, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olublar. Qardaş Türkiyədə də tələbə krediti sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir.

Hazırda dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I-II qrup əlil gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I, II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir. Amma bu da kredit deyil. Özəl banklar, şirkətlər tərəfindən istehlak krediti formatında tələbələrə verilən kreditlər isə çox azdır və reklam, cəlbetmə məqsədi daşıyır”.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov isə bütün dünyada tətbiq olunan təcrübənin – təhsil kreditlərinin Azərbaycanda reallaşmasını xüsusilə dəstəkləyir. O xatırladıb ki, qardaş Türkiyədə bu cür güzəştlər daha aktualdır:

"Türkiyədə tələbə ali məktəbdə oxuduğu müddətdə ödənişlərini ödəmir. Universiteti bitirəndən sonra 2 il icazə verilir ki, iş tapsın, hərbi xidmət və digər məsələləri həll etsin. Artıq ali məktəb məzunu işləməyə başladıqda 10 il müddətinə universitetə olan borcunu hissə-hissə ödəyir. Amerikada da bəzi ali məktəblərdə bu cür güzəştlər tətbiq olunur. Bunu daha çox banklar fərdi formada reallaşdırır.

Azərbaycanda isə banklar tələbəyə kredit verməkdənsə, məişət əşyalarına, mebellərə və ya mənzillərə görə kredit verməyi daha üstün tutur. Əslində buna sosial layihə kimi yanaşıb, dövlət tərəfindən vəsait ayrılarsa, məsələ müəyyən qədər həllini tapar. Necə ki, ipoteka kreditləri ilə bağlı addımlar atılır, sosial mənzillər kimi layihələr hazırlanır, eləcə də təhsil sahəsində belə sosial layihələrə yer verilməlidir. Güzəştli təhsil, yaxud təhsilə yardım fondu kimi bir təşkilat yaradılarsa, maddi imkanı aşağı olan tələbələrə dəstək ola bilərik. Düzdür, Gənclər Fondu fəaliyyət göstərir, amma bu kimi müəssisələrin davamlı olmasını arzu edirik.

Azərbaycanda təhsil kreditlərinin qaytarılmayacağı, güzəştlərlə bağlı borcların ödənməyəcəyi fikirlərini qəbul etmirəm. Məsələn, elə Bakı Mühəndislik Universitetinin tələbələri ali təhsili bitirdikdən sonra kifayət qədər prestijli, yaxşı maaşlı işlərə daxil ola bilirlər. Onlara kreditlər verilərsə, universiteti bitirəndən sonra iş tapan tələbə 2-3 aya belə borcunu ödəyə bilər. Bunun mexanizmini düzgün işləmək, hazırlamaq lazımdır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, istər güzəşt, istərsə də kredit formasında təhsil haqlarının hissə-hissə ödənilməsi üçün imkan yaradılarsa, təhsil borcunun qaytarılmamaq riski çox cüzi olar”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook