SON XƏBƏR

ŞOK - BDU və AMEA-da yeyinti aşkarlandı (RƏSMİ)

İyul 24
14:59 2017
Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 2015-2016-cı illərdə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirdiyi audit zamanı bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.
 
Qlobal.az xəbər verir ki, Palatadan verilən məlumata görə, İnstitut tərəfindən dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb saytlar hazırlanmasına baxmayaraq, AMEA-nın müxtəlif elm bölmələrinin və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatların veb saytlarının yaradılması üçün müxtəlif təşkilatlara vəsait ödənilməklə səmərəsiz xərcə yol verilib.

2016-cı ilin aprel-noyabr ayları ərzində alınmış 1 illik lisenziyalı proqram təminatından 43 %-i istifadə edilməyib, satınalma müqaviləsində nəzərdə tutulmuş malların markası dəyişdirilməklə alınması hesabına artıq xərcə yol verilib. 2013-2014-cü illərdə alınmış informasiya telekommunikasiya avadanlıqları indiyədək istifadə edilməyərək saxlanılıb.

İnformasiya Texnologiyaları İnstitutunun mühasibatlığı tərəfindən audit olunan dövr ərzində maliyyə hesabatları bəzi hallarda uçotun təşkili və aparılmasına dair təlimatın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib.
 
Bakı Dövlət Universiteti (BDU) üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş audit zamanı universitetin fəaliyyətində bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.
 
Universitetdə ödənişli əsaslarla təhsil almış və müxtəlif kurslardan akademik məzuniyyətə getmiş tələbələrin qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borc kimi, müxtəlif səbəblərdən xaric edilmiş təhsil alanlar üzrə təhsil haqqı məbləğləri, tələbələr sırasından xaric edilmiş əcnəbi tələbələrin təhsil haqqı məbləğləri debitor borcunda əks etdirilməyib.
 
"Maarifçi Tələbə Kredit” Fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib. Dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb, akademik borcu olan universiteti bitirmiş və diplom almış tələbələrin kredit haqqı üzrə mövcud olan borcu da universitetin debitor borcu kimi uçotda öz əksini tapmayıb.

"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar"ın tələblərinə bəzi hallarda əməl olunmayaraq artıq ştatlar saxlanılıb.

Əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində "Gənc istedadlar Liseyi"nin müəllimlərinə artıq, eyni zamanda universitetdə işləyən məcburi köçkünlərə düzgün olmayaraq yüksəkliyə görə əlavə əmək haqqı, müvafiq normativ-hüquq aktların tələbləri düzgün tətbiq olunmayaraq universitetdə təhsil alan və Azərbaycanın vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.

2016-cı ildə "Təhsil" xərcləri bölməsindən "Gənc İstedadlar Liseyi"nə, "Təhsil sahəsində tətbiqi tədqiqatlar" köməkçi bölməsindən "Elm" xərclərinə, "Tələbələrə verilən təqaüdlər" xərc paraqrafına ayrılmış vəsaitin müvafiq illər üzrə istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması, Vergi Məcəlləsinə uyğun olaraq qeyri-rezidentdən gəlir vergisinin tutulması təmin edilməyib.

Hesabat dövründə əldə olunan gəlir ”Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da düzgün göstərilməyib, "Digər təşkilatlardan köçürmələr” hesabında xarici və daxili mənbələr hesabına alınmış qrant məbləğlərinə görə bank hesablarında olan qalıqlar ”Maliyyə vəziyyəti haqqında hesabat”a daxil edilməyib.

Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsanların qısa müddət ərzində aradan qaldırılması, eləcə də hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə kollegiya qərarının surəti BDU-ya göndərilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook