SON XƏBƏR

Siyavuş Novruzovdan deputat həmkarına ittiham: "Arzu edir ki, imkanlı adamın ailəsindən ölü olsun"

Sentyabr 01
13:01 2019
"Bununla çörək yemək olar?"

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov deputat, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovu fəaliyyəti ilə bağlı tənqid edib.

O, dövlət vəsaiti ilə çap olunan rəsmi qəzetlərdə qeyri-rəsmi şəxslərin başsağlığı verməsinin qadağan olmasını tələb edib: "Cənab prezident və rəsmi şəxslərin verdiyi başsağlığından başqa digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər yaxud da hansısa digər yazılar verə bilərlər. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır".

Onun sözlərinə görə, Bəxtiyar Sadıqov hər başsağlığına görə 50 manat pul alır: "Bəxtiyar Sadıqov hər başsağlığına 50 manat alır. Özü də bu arzu edir ki, imkanlı adamın ailəsindən ölü olsun və başsağlığı çox olsun. Bununla çörək yemək olar? Get, işlə qazan! Sən o boyda "Azərbaycan" qəzetinin redaktorusan".

Siyavuş Novruzov keçmiş dövrlə müqayisədə qəzetin vəzifəsini düzgün icra etmədiyini deyib: ""Azərbaycan" qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir. Sənin yolun başqa, bizim yolumuz başqa. Bizim yolumuz haqq yoludur, səninki ənəlhəqq!"

Bəxtiyar Sadıqov "Yeni Müsavat”a açıqlamasında Siyavuş Novruzovun rəsmi qəzetlərdə başsağlıqlarının dərcinin qadağan olunmaı ilə bağlı fikirinə etiraz edib: "Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur və bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun”.

B.Sadiqov ardınca digər məqama diqqət çəkib: "Söhbət əgər rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik. Reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur. Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook