SON XƏBƏR

Siyasi Qurtuluşumuz Türkləşməyə bağlıdır

Oktyabr 06
20:30 2017
Soylu ATALI 
 
25 sentyabrda "bağımsız Kürdüstan” iddialı referendum keçiriləndən sonra bölgəyə yaxın dövlətlərdə, qısa arada, çalxalanma izlədik. Referendumun sonucunu açıqlamağı yubatdılar, üzdə bir sakitlik yarandı. Qıcıqların səngiməsini gözləyirlər, qabaqlayıcı addımlar düşünürlər. Ancaq kim hara kimi qıcıqlanır-qıcıqlansın, bu, Batının projesidir. Batı özünün hakim etkisini qorumaq üçün ya bütün projelərini gerçəkləşdirməlidir, ya da güclülük səhnəsindən geri çəkilməlidir. Bəlli ki geri çəkilməyəcək, qurduğu oyunlara axıra kimi babaçılıq edəcək.
 
Bu gün, bir çağlar qürurla "biz Orta Doğu Projesinin eş başqanıyıq” deyən Ərdoğan iki daş arasında qalıb – İraq parçalansınmı, parçalanmasınmı?! Hər iki hal Türkiyənin çağdaş siyasi çıxarına uyğun deyil. İraq parçalanarsa, yaranacaq Kürdüstanın sınırı, uzanaraq, gedib Türkiyənin içərilərinə girəcək. Parçalanmazsa, İranın bayrağı altında güclü İslam-Şiə birliyi yaranacaq. Bu isə müsəlmanlaşma siyasəti ilə bölgədə hakim rol almaq istəyən Ərdoğanın hədəflərini boşa çıxarır. Hələ biz demirik, İraqın parçalanması Türkmənelinin də fəlakətlərini genişləndirəcəkdir. Bu sorun Ərdoğan hakimiyyətini ciddi qayğılandırmır. Baxmayaraq, sözdə Ərdoğan Türkməneli ilə bağlı qayğılandığını dilə gətirir. Ancaq uzun illərdir biz, Ərdoğanın heç bir sözünün arxasında durmadığını izləyirik.
 
Ərəb dövlətləri içərisində daha güclüsü Səudiyyə Ərəbistanı sayılır. Əslində Türkiyənin dövlət səviyyəsində müsəlmanlaşması bu dövlətin heç də ürəyincə deyil. Səudiyyə Ərəbistanı istəmir ki, İslamın mərkəzi, Osmanlıda olduğu kimi, Türkiyəyə keçsin, nə də İran-Şiə mərkəzi yaransın. Ona görə də öz soyundan olan bir dövlətin parçalanmasına razılaşıb. Türkiyənin, İranın etkisinə girməkdənsə, Batının buyruğunda durmaq onun üçün daha önəmlidir... Bəs müsəlmanlaşma siyasəti yürüdən Türkiyə kimlərlə birlik yaradacaqdır – Qırğızıstanlamı?! Belə isə Ərdoğan Türkiyə kimi oturuşmuş dövlətin gücünü Türk Birliyinə yönəltsəydi yaxşı olmazdımı?! Yönəltmədi, çünkü siyasi ambisiyaları siyasi təfəkkür imkanlarından daha yuxarıda dayanır.
 
Batı, başda ABD olmaqla, bütün xətlər üzrə Doğunu dağıdır. 300 illik tarixi olan bir dövlət, min illər tarixi olan köklü xalqların dövlətçiliyini, mədəniyyətini, tarixi keçmişini məhv edir, yerində özünə əl buyuruqçuları olan özülsüz dövlətlər yaratmağa çalışır. Bu gedişdə BMT-nin "hər bir dövlətin ərazi bütövlüyünü tanımaq” qanunu anlamsız bir bəlgəyə çevrilir. Ancaq yazıqlar olsun, bu anlamsız bəlgələr bir sıra dövlətlərin başının altına yastıq qoyur, məqsədli güclər isə onların sınırlarını pozmaqla öz hədəflərinə doğru yürüyürlər. Başının altına yastıq qoyulanlardan biri də Azərbaycandır. 25 ildir "BMT-nin dörd qətnaməsi” deyib durur. Erməni isə havadarı Rusiyaya söykənib Azərbaycan torpaqlarında oturuşur.
 
Azərbaycanın Güneyinin də (Güney Azərbaycanın) aqibəti sual altına girir. Batı illərdir İrana dəymir ki, Güney Azərbaycan bağımsızlıq əldə eləməsin. Ancaq "Kürdüstan” yaratmaqla İranı da parçalayıb gücünü sındırmağa çalışır. Yəni İran-Şiə birliyini, "Kürdüstan”ı qurmaqla, heçə çevirməyi gözə alır. Gözə alınan Kürdüstan sınırları əslində Güney Azərbaycanın içərilərinə uzanır. Ona görə Güney Azərbaycan onun sınırlarını hədələyən "Kürdüsta”a qarşı, İranla birgə hərəkət eləmək zorunda buraxılır. Belədə isə Azərbaycanın bütövləşməsi ideyası, bəlkə də yüz il, arxivə atılmalı olur.
 
30 il öncə Asif Ata yazırdı: "İranın sabahında nə baş verirsə-versin, Azərbaycan birləşmə, bütövləşmə uğrunda mübarizə aparmalıdır”. Bu çağırış 30 il bundan öncəyə deyil, elə bu günə, sabaha hesablanmış bir çağırışdır. Hər kəs öz yolunu bəlirləyir, Azərbaycan isə kimlərin məğlub, kimlərin qalib olmasını gözləməli deyil. Heç bir qalib Azərbaycanı düşünmür, düşünməyəcək. Bunu Azərbaycan (O Tay-Bu Tay olmaqla) özü düşünməlidir.
 
Türkiyə İslama, Azərbaycan da BMT-nin qətnamələrinə bel bağladıqca beli qırılacaq. Düşünürük, bu iki dövlətin strategiyası dəyişməli, dövlət ideologiyaları Türkləşmək xəttinə dönüşməlidir. Siyasi Qurtuluşumuz buna bağldır.
 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
 
6 Xəzan Ayı, 39-cu il. Atakənd.
(oktyabr, 2017. Bakı).
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook