SON XƏBƏR

Sirli Lüksemburq şirkəti, Azərbaycanın milyonları, “Aqrarkredit” və digərləri

May 29
10:49 2018
Lüksemburqda qeydiyyatdan keçmiş "Excalibur Development” şirkət Rusiyanın kino biznesi ilə məşğul olan "Non-Stop Production” MMC şirkətinə qarşı Moskva Arbitraj məhkəməsində iddia qaldırıb. Virtualaz.org xəbər verir ki, bu məhkəmə çəkişməsinin Azərbaycana və onun dövlət bankının milyonlarla dollarlıq problemli aktivlərinə birbaşa dəxli var.

"Kommersant” yazır ki, "Non-Stop Production” Rusiyanın ən iri kinoşkirkətlərindən biridir. Bu şirkət "Stalinqrad”, "Leviafan” kimi məşhur filmləri çəkməsi ilə tanınır və rejissor Aleksandr Rodnyanskinin "AR Films” şirkətlər qrupuna daxildir. "Excalibur Development” şirkəti 2014-cü ildə "AR Films” şirkətinin bir neçə kino layihələrinin investisiya partnyoru olub. 2015-ci ildə isə "Non-Stop Production” şirkətinin 49 faizlik səhm paketini 20 milyon dollara alıb. Bu pulları əlbətdə ki, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” verib.

"Excalibur Development” şirkətinin və Azərbaycan Beynəlxalq Bankının milyardlarla dollarlıq problemli borclarını toplamaqla məşğul olan "Aqrarkredit” ASC-nin nümayəndəsi qismində bu məhkəmə mübahisəsində İzmir İsmayılov adlı iş adamı çıxış edir. Bu həmin İzmir İsmayılovdur ki, virtualaz.org ötən həftə onun barəsində yazmışdı.

Məlum olmuşdu ki, hazırda Rusiyada həbsdə olan çeçen killer Cambulat Madayev İzmir İsmayılovu öldürmək üçün Çeçenistanın Ukraynadakı nümayəndəliyinin keçmiş rəhbəri Ramzan Sitsulayevdən sifariş alıb. Amma daha sonra Sitsulayev planından daşınıb və killerə avans kimi verdiyi 100 min dolları geri istəyib. Sitsulayevin İsmayılovu aradan götürmək sifarişinin motivi isə "Omsk-Polimer” plastmas zavodunun əmlakı uğrunda gedən çəkişmədir.

Bildirilirdi ki, Sitsulayevin pulları hesabına İzmir İsmayılov və çox sirli mafioz, hüquq-mühafizə orqanlarının "kabus-adam” adlandırdığı, ötən il Avstriyada saxlanılan və daha sonra sirli şəkildə ortadan "qeyb olan” Zaur Balayev ( yaxud digər pasportunda Ruslan Barkovski ) zavodu özəlləşdiriblər. Bu zaman ortaqlar Britanya Virgin adalarında qeydiyyatdan keçmiş "Sorandi Limited” adlı şirkət təsis ediblər. Həmin şirkət isə öz növbəsində Rusiyada "GreenLight” MMC adlı şirkət təsis edərək zavodu alıblar. Amma daha sonra məlum olub ki, İsmayılov zavodun ərazisini və digər əmlakını girov qoyaraq banklardan iri məbləğlərdə kredit götürüb mənimsəyib. (İstisna deyil ki, pullar həm də "MBA-Moskva”dan götürülmüşdü).

İndi isə İzmir İsmayılovun maraqlarını müdafiə etdiyi lüksemburq şirkəti iddia edir ki, "Non-Stop Production” şirkəti "Excalibur Development” şirkətinin maraqlarına məhəl qoymur. Bu şirkətin razılığı olmadan "Aqrarkredit” qarşısında zaminliyini adı açıqlanmayan başqa şirkətə dövr edib. "Bizim 49 faiz səhm paketimiz var, amma heç kim bizi eşitmək istəmir. Ona görə də məhkəməyə müraciət etdik. "Non-Stop Production” şirkəti "Excalibur”un maraqlarına və mövqeyinə məhəl qoymur, onun həmsahiblərinə hörmətsizlik edir”-İzmir İsmayılov bildirir.

Kino şirkətinin hüquqşünası Qriqori Zaxarov isə deyir ki, son üç ildə "Excalibur” onların fəaliyyətində iştirak edib. Səhmdarların sonuncu iclasında iştirak edəndə isə orada qəbul edilən qərarları etibarsız sayıb və məhkəmə iddiası qaldırıb.

"Biz hələ bilmirik ki, bu məhkəmə iddiası "Excalibur” tərəfindən yanlışıqla qaldırılıb, yoxsa korporativ şabtaj və təxribat cəhdidir”-hüquqşünas deyib. Zaxarv bildirib ki, "Excalibur Development” şirkətinin benefisiarlarının kim olduğu məlum deyil. Bu məlumatlar məhkəməyə də təqdim edilməyib. Şirkətin internet saytı və əlaqə telefonları da yoxdur.

"Kommersant” yazır ki, əvvəllər "Excalibur” şirkətinin benefisiarı kimi mənbələr "Aqrarkredit”i nişan verirdi. İzmir İsmayılov isə bildirir ki, "Excalibur” "Aqrarkredit”lə "dost şirkətdir”, amma o bu mövzuda əlavə şərh verməkdən imtina edib.

"Aqrarkredit”, Azərbaycan Beynəlxalq Bankı və bankın Moskvadakı "törəməsi” Rodnyanskinin "AR Films” şirkəti ilə əvvəllər dolayı bağlı olan daha bir şirkəti-" A Companу Distribution”dan milyonlarla dollarlıq problemi borcu almağa çalışır. Bu kinoprokat şirkəti Aleksandr van Dülmen tərəfindən yaradılan "A Company” Avropa şirkətinin tərkibindədir. 2011-ci ildə onun nəzarət səhm paketini "AR Films” alıb. Sonra həmin brend altında Rusiyada distribütor açıb.

"20th Century Fox” şirkəti ilə birlikdə kino prokatı ilə məşğul olmaq istəyib. Lakin bir neçə il sonra Dülmenin şirkətində problem yaranıb və "A Company” özünü müflis elan edib. Nəticədə "AR Films” "A Companу Distribution”u dəstəkləməkdən imtina edib. Sonuncu şirkət bu ilin fevralında Azərbaycan Beynəlxalq Bankının iddiası ilə müflis elan olunub. Bankın şirkətə 15 milyon dollara yaxın kredit verdiyi bildirilir.

2016-cı ilin sonlarında "Aqrarkredit”in nümayəndələri bildirmişdi ki, "AR Films” ona daha 4 milyon dollar borcludur. Qarşı tərəf isə bunun hələ vaxtı bitməmiş kredit olduğunu bildirir. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook