SON XƏBƏR

Siqaret mafiyası Azərbaycanda sərhəd tanımır (ŞƏRH)

İyul 07
23:18 2017
Tütün məhsullarına qarşı verginin tətbiqi ilə bağlı Bakıda Dünya Bankının seminarı keçirilib. Bankın Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi aparılan hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47 faizinin siqaret istifadəçisi olduğunu və həmin şəxslərin orta hesabla gündəlik 15 siqaret çəkdiyini qeyd edib.

Məsələni "Qaynarinfo"ya şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov siqaretlərin qiymətinin qaldırılmasının tərəfdarı olduğunu bildirib:

"Bu gün Dünya Bankının siqaretin istehlakının azaldılması ilə bağlı tədbiri var idi. Orada Milli Məclisin deputatlarından da bəziləri iştirak edirdi. BMT-nin ekspertləri həmin mərasimdə çıxış etdilər, mən də öz təkliflərimi verdim. Bütün dünya siqaretin istehlakının azaldılması ilə bağlı bu gün baş sındırır. Tədbirin də məqsədi siqaretlərin qiymətinin qaldırılması, aksiz vergilərinin artırılması ilə bağlı idi. Mən çıxışım zamanı dedim ki, "Eyyub Hüseynov nə üçün 20 ilə yaxındır ki, qara kürü yemir? Çünki əli çatmır, bahadır". Ona görə də qiymətlər qalxsa vəziyyət də dəyişər. Səhiyyə Nazirliyinin 2015-2020-ci illər planına əsasən ölkədə qeyri-infeksion xəstəliklərin azaldılmasına dair strategiyası var və prezident İlham Əliyev də həmin strategiyanı imzalayıb. Strategiyada 2020-ci ilə qədər siqaret istehsalının 10 faizə qədər azaldılması nəzərdə tutulub. Bu gün Şəkidə istehsal olunan Bakı, Şirvan, Prima siqaretlərinin tərkibindəki zərərli maddələrin faizi 67 faiz normadan çoxdur, amma buna baxmayaraq heç bir dövlət sertifikatı olmayan bu məhsullar bazarda hələ də açıq şəkildə satılır və dövlət orqanlarının qadağalarına heç bir məhəl qoyulmur. Üstəlik Azərbaycan dünyada tək-tük ölkələrdəndir ki, istər böyük, istərsə də kiçik marketlərdə açıq şəkildə siqaret satılır ki, bu da qanunla qadağandır. Həmçinin siqaretin reklamı aparılır. Bunlar da dövlətin, Səhiyyə Nazirliyinin qarşıya qoyduğu məqsədlərə zidd olan məsələlərdir və bu vəziyyət dəyişdirilməlidir. Biz nəzəriyyə hissədən praktikaya keçməliyik. 40 qəpiyə siqaret satılır. Çox zaman az məbləğdə pulu olan azyaşlı uşaqlar, şagirdlər, yeniyetmələr də bunu alıb çəkir. Valideynlərin də ən çox gileyləndiyi bu məsələdir. Səhiyyə Nazirliyi nəzəri tədbirlərdən danışsa da, praktiki olaraq heç bir iş görmür.

Bütün hallarda Azərbaycanda siqaretin qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır, həmçinin bazarda 20 faizə qədər də qaçaqmal siqaretlər var. Təhlükəli siqaretlər bazardan yığışdırılmalıdır və maarifləndirici tədbirlər də paralel olaraq aparılmalıdır.

Beynəlxalq Konvensiyalar, BMT-nin və Ümumi Səhiyyə Təşkilatının çərçivə konvensiyası var ki, bunun tələbləri yerinə yetirilməli, siqaretlərin tək-tək satışı qanunla qadağandır, amma praktikada da qarşısı alınmalıdır. Keçmiş qanuna görə təhsil müəssisələrdə, sağlamlıq mərkəzlərinin yaxınlığında siqaret satışı qadağan idi. Amma sadaladığım bu məsələlər de-yure olaraq yaxşıdır, de-fakto olaraq pisdir".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook