SON XƏBƏR

“Sığorta etdirməməyə görə cərimə tətbiq edilmir“ - Vahid Əhmədov

Yanvar 15
11:13 2020
Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı son günlər əhali arasında ciddi ajiotaj yaradan sığorta məsələsinə münasibət bildirib.

Dövlət başçısı, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işlərinin aparılmalı olduğunu qeyd edib:

"Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin”. 

Məsələ ilə bağlı Modern.az-a danışan beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, sığorta məsələsində insanları qorxutmaq yox, maarifləndirmək lazımdır:

"Qanuna uyğun olaraq bütün evlər sığortalanmalıdır. Amma "mənzillərinizi sığortalamasaz, cərimələnəcəksiz” xofunu yaratmaq olmaz. İnsanlarda sığortaya maraq oyatmaq lazımdır. İnsanlar bilməlidirlər ki, cərimə mexanizmi hələlik yoxdur. Yəni sığorta etdirməməyə görə cərimə tətbiq edilmir, nəninki 20 gündən bir cərimləmək. Bu cür informasiyaları yaymaqla insanları qorxutmaq olmaz. Cərimələmək məsələsi hələlik real deyil. Çünki mexanizm tam tətbiq edilmir. Buna görə də vətəndaşlar narahat olmasınlar. Hazırda sığortalamamağa görə vətəndaşı cərimələmək səlahiyyəti heç kimə verilməyib ki, bundan istifadə edib insanları narahat edələr”.

V.Əhmədov deyib ki, cərimə ilə əlaqədar qanunda dəyişiklik edilə bilər:

"Ümumilikdə insanlar sığortadan çəkinməməlidirlər, məsləhət görərdim ki, vətəndaş öz avtomobili kimi mənzilini də sığortalatdırsın. Cənab Prezident də müşavirədə bunu qeyd etdi. Son vaxtlar çox sayda yanğınlar, bölgələrdə zəlzələlər qeydə alındı. Bütün bunların maddi yükünün altına dövlət girdi. Yəni bunlar dövlət büdcəsi hesabına həyata keçirildi. Ona görə də sığorta lazımdır. Amma indiki məqamda sığorta şirkətləri qorxutmaq yerinə, məlumatlandırmaq yolunu seçsələr daha yaxşı olar. Çünki ən böyük məsuliyyət sığorta şirkətlərinin üzərinə düşür. Onlar kifayət qədər vəsait xərcləyib mətbuat vasitəsilə insanları məlumatlandırmalıdırlar. Əgər bunu doğrudan da vətəndaş üçün edirlərsə, əvvəl məlumatlandırsınlar, sonra cərimə məsələsini qabartsınlar. Bir çox hallarda avtomobil sığortasında insanların çox böyük əziyyət çəkdiyinin şahidi oluruq. Sığorta şirkətləri düzgün qiymətləndirmə aparmırlar, vətəndaşa çatacaq ödənişi vaxtında vermirlər, süründürməçilik var. Əgər insanlar mənzilini sığortlatdırırsa, arxayın olmalıdır ki, sabah hansısa hadisə olanda sığorta şirkəti onun yanında olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook